AZ RU Mobil versiya
TARİXİN DANILMAZ HƏQİQƏTLƏRİ
Tarix: 18-01-2022 | Saat: 15:48
Bölmə:Aktual | çapa göndər

TARİXİN DANILMAZ HƏQİQƏTLƏRİ

Rusiyanın ikitərəfli oyunu nəticəsində Azərbaycanda baş verən hadisələr xalqı hövsələdən çıxarmış, 1989-cu il sentyabr ayının 2-də Azadlıq Meydanında başlayan mitinqə qatılanların sayı 1 milyona yaxınlaşmışdı.

O zamanlar erməni daşnaklar Azərbaycana qarşı uydurulmuş fikirlər irəli sürürdülər. 1990-cı il yanvar ayının 9-da Ermənistan Ali Soveti 1990-cı ilin büdcəsində Azərbaycan torpağı olan "Dağlıq Qarabağın sosial və iqtisadi inkişafı" üçün bu bölgəni öz proqramına əlavə etdi və Ermənistana bağlı bir bölgə kimi göstərməyə çalışdı. Doğrudur, Sovet İttifaqı Ali Soveti bu qərarı keçərsiz saydığını açıqladı. Lakin Ermənistan Ali Soveti bu qərara verdiyi cavabda Ermənistan Respublikasında əvvəl Ermənistanın qanunlarının keçərli olduğunu bildirdi.

1990-cı il yanvar ayının 12-də ermənilərin Xanlar və Şaumyan bölgələrində havadan və yerdən etdikləri hücumlar nəticəsində 12 nəfər öldürülmüş, 22 nəfər girov götürülmüş, 1 nəfər yaralanmışdır. Bütün bu hadisələr nəticəsində Bakıda fasiləsiz davam edən nümayişlər, mitinqlər və iclaslar yüksək mərhələyə çatmışdı. Beləcə, erməni uydurmaları və vəhşiliklərinə qarşı heç bir tədbir görməyən, Sovet sistemini tənqid edən mitinqlər Azərbaycandakı Sovet nəzarətinə qarşı çıxırdı. Nəticədə 20 yanvardan etibarən başlayacaq fövqəladə hal elan edildi. Məqsəd erməni məsələsi ilə əlaqəli Sovet sisteminə qarşı çıxan mitinqi dağıtmaq, nümayişləri qadağan etmək və azadlıq istəyən millətin "dərsini" vermək idi. Beləcə, Sovet hərbi hissələri Azərbaycandakı xalq hərəkatını dayandırmaq üçün insanlıq tarixinin ağır cinayətlərindən birini həyata keçirdi. Əslində, M.Qorbaçov Azərbaycan xalqının əlindəki ov tüfənglərini toplatdırıb, Sovet əsgərlərini tanklarla Bakıya göndərərək, milli haqlarını tələb edən azərbaycanlı vətəndaşlarını qırdırmamalıydı, əksinə, bu hərbi hissələr Dağlıq Qarabağ bölgəsinə göndərib azərbaycanlıların köçə zorlanmalarının qarşısını almalıydı. Bu da bir həqiqətdir ki, Bakıya göndərilən əsgərlərin əksəriyyəti erməni soylu "əsgərlər," daha doğrusu, banditlər idi. Ümumiyyətlə, Moskvanın Azərbaycana göndərdiyi əsgərlərin sayı 24 minə yaxın olmuşdur.

Bakıda elan olunan fövqəladə vəziyyət 20 yanvar gecə saat 00:00-dan etibarən başlayacaqdı. Bakı şəhərinə giriş yolları və şəhərdəki hərbi hissələrin yerləşdiyi yerlərin giriş-çıxışları avtomobillər və avtobuslarla bağlanmışdı. 19 yanvardan 20 yanvara keçən gecə tanklar bu maşınların üstündən keçərək şəhərdəki silahsız insanlara qarşı qırğına başladılar. Bununla yanaşı, Bakıya havadan və dənizdən də müasir silahlarla təchiz olunmuş "Sovet əsgərləri" basqın etdilər. Yüzdən artıq azərbaycanlı öldürüldü. Tankların altında əzilmiş və avtomat silahlarla yaxın məsafədən öldürülmüş insanların cəsədləri tükürpədici idi. İnsanlar ağır tanklar altında parça-parça edilmiş, bəzi cəsədlər yandırılmışdı. O gecə şəhəri bərbad hala gətirən tanklar minik maşınlarının üstündən keçirdilər. İnsanlar vəhşicəsinə qətlə yetirilirdi. Sonradan məlum oldu ki, rus əsgərinin çoxunu ermənilər təşkil edirmişlər. Bu şərəfsizlər dinc əhaliyə, hətta yaralıları daşıyan təcili yardım maşılarına da avtomat silahlardan atəş açırdılar. Bir insan olaraq bu qanlı vəhşətə, bu dəhşətli cinayətə heç bir haqq qazandıra bilmərik. Şəhərin küçələri yüzlərlə günahsız insanın qanına boyanmışdı. Bu qanlı qırğın, sözün əsl mənasında bütün insanlığa qarşı törədilən bir cinayət idi. Qanlı 20 Yanvar Azərbaycanın yeni tarixinin dəhşətli səhifələrindən biridir.
Bəli, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhəri faciəli bir gecə yaşadı. M.Qorbaçovun əmri, Yazovun komandanlığı ilə Sovet qoşunları şəhəri gülləbaran etdilər. Azadlıq, istiqlal eşqilə əliyalın ayağa qalxmış neçə-neçə oğul və qızlarımız öz sinələrini tankların, zirehli maşınların hücumuna sipər edərək qəhrəmanlıqla şƏhidlik zirvƏsinƏ ucaldılar. O gecə haqsızlığa qarşı qəzəbli ana səsi haray salaraq insanları imdada çağırırdı. Bu səs, bu haray indi də Bakının səmasında dolaşır, yaddaşlarda qaynayır. İndi o faciəni görənlər Bakının o dəhşətli gecəsinin səsi, o fəryadın əks-sədası ilə yaşayırlar.

Bütün bunlar M.Qorbaçovun münafiqliyindən, onun bir aktyor kimi rolunu mükəmməl oynamasından və ən əsası o vaxtkı hakimiyyət rəhbərliyinin səriştəsizliyindən irəli gəlirdi. Onu da qeyd edək ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev o zaman Naxçıvanda Ali Sovetin sədri vəzifəsini icra edirdi və bütün baş verənlərə öz siyasi qiymətini verdi. O, həm də çalışırdı ki, bütün dünya da bu hadisəni düzgün qiymətləndirsin, qətliamın törədilməsində əli qana batanlar layiqli cəzalarını alsınlar. Bu istəyinə də nail oldu və Dünya Birliyi 20 Yanvar faciəsinin əsl səbəbkarının kim olduğunu bildi.
Şəhidlərimizə Allah rəhmət eləsin. Amin!

Ülkər Böyükkişi qızı Baxışova,
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin
rəisi vəzifəsini icra edən

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

7130 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022