Mobil versiya
Fizzə Baxışova: Narkomanlıq digər vərdişlərlə müqayisədə daha təhlükəlidir
Tarix: 13-01-2022 | Saat: 17:45
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Fizzə Baxışova: Narkomanlıq digər vərdişlərlə müqayisədə daha təhlükəlidir

Narkotik vasitələr sağlamlıq üçün təhlükə yaradan narkotik xassəli bitkilər, xammallar, təbii və ya süni maddələrdən ibarətdir. Araşdırmalara əsasən, dünyada narkotik maddə istifadəçilərinin sayı getdikcə artır. Ona görə də narkomaniya ilə mübarizə dövrün prioritet mövzularından birinə çevrilib. Narkotik maddə istifadəsinə meyillilikdə şəxsiyyət xüsusiyyətləri ciddi rol oynayır. Ona görə də gənclər psixoloji olaraq möhkəm və iradəli olmaqla özlərini narkomaniya bəlasından xilas edə bilərlər. Ümumiyyətlə narkotiklərdən qorunmağın ən asan yolu belə psixotrop maddələrdən heç vaxt istifadə etməməkdir. Həmçinin narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərinin aparılması da önəmlidir. Nəzərə almaq lazımdır ki, bir sıra hallarda gənclər və yeniyetmələr bu bəla ilə bilməyərəkdən üzləşirlər. Belə olan halda, həkimə dərhal müraciət edərək müalicəyə başlamaq tövsiyə olunur. Narkomanlıq digər vərdişlərlə müqayisədə daha təhlükəlidir. Cəmiyyətin “sosial bəla”sı hesab edilən narkomaniya insanların sağlamlığı ilə yanaşı, onların sosial-iqtisadi vəziyyətinə də ciddi təhlükə yaradır.

Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova narkotik maddələrdən istifadənin ziyanları və müalicəsi barədə danışıb.

Həkim-mütəxəssis bildirib ki, narkotik maddələrin istifadəsi ilkin olaraq mərkəzi sinir sisteminə mənfi təsir göstərir: “Belə psixoaktiv maddələrin mərkəzi sinir sisteminə təsiri nəticəsində dopamin və digər reseptorlar tormozlanır. Hər dəfə psixoaktiv maddə qəbul edən istifadəçinin reseptorları daha çox tormozlanmağa məruz qalır. Ona görə də istifadəçinin əhvali-ruhiyyəsində dəyişiklik yaranır. Əhval dəyişdikcə isə aqressiya artır və xəstədə şəxsiyyətin dəyişkənliyi müşahidə edilir. Daha sonra xəstə narkotik maddə qəbul etmədikdə orqanizmində dopamin çatışmadığı üçün daha da aqressivləşir. Çünki həmin vaxta qədər qəbul edilmiş narkotik maddələr reseptorları artıq tormozlamış olur. Həm sintetik, həm də qeyri-sintetik psixotrop maddələr orqanizmdə qısa müddətdə asılılıq yaradır. Narkotik maddələr orqanizmdə yan təsirlərə səbəb olur, daxili orqanlarda fəsadlar törədir. Bu proses sintetik narkotik vasitə istifadəçilərində daha sürətlə baş verir. Müalicə zamanı isə xəstənin sintetik, yoxsa qeyri-sintetik maddə istifadəçisi olması fərq yaratmır. Müalicə xəstənin narkotik maddələrdən istifadə müddətinə, yəni xəstəliyin mərhələsinə əsasən aparılır. Düzgün müalicə nəticəsində narkotik maddələrdən asılılıq aradan qaldırılır, lakin istənilən halda, xəstənin özündən çox şey asılıdır. Psixoloji vəziyyətini nəzarətdə saxlayanlar, xəstəlikdən, doğrudan da, xilas olmaq istəyənlər daha tez sağalırlar”.

F.Baxışovanın dediyinə görə, xəstəliyin ilkin müalicəsi detoks proqramı əsasında aparılır: “Detoks dərman preparatları vasitəsilə orqanizmdə ağrı və narahatlıq olmadan, digər psixoloji problemlərin yaranmasının qarşısının alınması məqsədilə aparılan müalicədir. Detoksdan sonra isə xəstələrin reabilitasiya dövrü başlanır. Bu dövrdə xəstə ilə narkoloq, psixoterapevt, psixoloq və sosioloq komanda şəklində birgə iş aparır. Narkotik vasitələrdən istifadə ilə bağlı erkən dövrdə müraciət edən xəstələrin müalicəsi ilə 5 il və daha uzun müddət istifadə edənlərin müalicəsi fərqlənir. 6-12 ay ərzində narkotik maddə istifadə edənlərin reabilitasiyası daha tez baş verir. Yəni, detoks proqramını bitirməklə müalicə kursu yekunlaşmır. Detoksdan sonra başladılan reabilitasiya mərhələsində xəstədə baş vermiş psixi dəyişikliklər addım-addım tənzimlənir. Ümumiyyətlə narkomaniyanın geniş vüsət almasına mane olmaq üçün təbliğat işi aparılmalıdır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində narkomaniyanın təhlükəli olduğu barədə ictimai rəy yaratmaq və gəncləri narkotik maddə istifadəsindən müəyyən qədər də olsa xilas etmək mümkündür”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024