Mobil versiya
Novruzəli Aslanov: “Prezident İlham Əliyev Azərbaycanı dünya miqyasında sabit və güclü mövqelərə malik bir dövlətə çevirdi”
Tarix: 24-12-2021 | Saat: 11:33
Bölmə:Manşet / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Prezident İlham Əliyev Azərbaycanı dünya miqyasında sabit və güclü mövqelərə malik bir dövlətə çevirdi”

2003-cü ildən bəri keçən dövr ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub. Təkcə son üç ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bu mövqeyin getdikcə möhkəmləndiyini bir daha təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət etməklə, müstəqil fəaliyyəti, müstəqil xətti özündə əks etdirir və bütün uğurlarımızın əsasında durur. Məhz elə bu müstəqillik də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində ən vacib amillərdən biri oldu.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlət başçımızın bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasəti ilk növbədə həm də Qarabağ probleminin həllinə yönəlmişdi. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb edir. Ölkənin iqtisadi qüdrəti güclü ordu quruculuğu üçün zəruri əlverişli şərait yaratdı. Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu işi sonrakı illərdə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Məhz dövlət başçımızın ciddi səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuşdur. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və digər yüksək texnoloji vasitələrlə təchiz olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün oldu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Dəfələrlə qeyd olunduğu kimi, hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.

Azərbaycan 2003-2021-ci illər ərzində özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayıb. Bu gün ölkəmiz iqtisadi baxımdan tam müstəqil bir siyasət həyata keçirir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.

Bu gün mən Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq istəyirəm. Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən sayılır. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Möhtərəm dövlət başçımızın təşkilatın 100 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinə ünvanladığı 06 mart 2020-ci il tarixli məktubunda deyilir: “Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə “Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir. Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.” Daha sonra məktubda deyilir: “Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır.”

Ölkə Prezidenti cənab İlham Əliyevin təşkilatımızın fəaliyyətinə verdiyi yüksək dəyərin daha bir göstəricisi də budur ki, dövlət başçısının 04.03.2010-cu il tarixli və 04.03.2015-ci il tarixli sərəncamları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 31 nəfər əməkdaşı “Tərəqqi” nedalı ilə təltif olunublar. Həmçinin bu sətirlərin müəllifi də Prezident İlham Əliyevin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və 4 mart 2015-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Bütün bu deyilənlər əlbəttə ki, Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatını təşkil edən bütün sahələrə hər zaman böyük diqqət yetirdiyinin bir göstəricisidir.

Biz də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ailəsi olaraq möhtərəm dövlət başçımıza fəaliyyətimizə verdiyi yüksək dəyərə, təşkilatımıza ayırdığı xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Biz hamımız əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra daha böyük qələbələrə imza atacaq və hər zaman dünyünın ən güclü, inkişaf etmiş ölkələri sırasında olacaq!

Novruzəli Aslanov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,
Azərbaycan Respublikası Milli Məclisinin deputat
ı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024