Mobil versiya
Siyasi ekspert: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycana gələcək danışıqlarda güclü arqument verir
Tarix: 09-12-2021 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

Siyasi ekspert: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycana gələcək danışıqlarda güclü arqument verir

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan və Ermənistanın bir-birinə qarşı irəli sürdüyü şikayətlər bərədə qərarı heç də tam hüquqi yox, müəyyən qədər siyasi əhəmiyyət kəsb edir. BMT Məhkəməsinin çıxardığı qərarlar nadir hallarda məcburi xarakter daşıyır, əsasən isə fakültativ və tövsiyə səciyyəli olur. Hətta qərar hüquqi cəhətdən məcburi xarakterli olsa da, onun gerçəkləşməsi üçün Məhkəmənin lazımi güc strukturları olmadığına görə o, adətən deklarativ məna daşıyır.

Bununla belə, dediyimiz kimi, məsələnin siyasi tərəfi onun hüquqi tərəfindən daha vacibdir. Ədalət Məhkəməsinin çıxardığı qərara zaman kontekstində nəzər yetirsək görərik ki, o, Soçi görüşündən sonra Azərbaycan və Ermənistanın humanitar məsələlər üzrə mübadilə həyata keçirməsi ilə planlaşdırılan Brüssel görüşü aralığında olan zamanda verildi. Ölkəmizin Məhkəmə qarşısında qaldırdığı 2021-ci il 23 sentyabr tarixli vəsatətində Ermənistana qarşı müvəqqəti tədbirlərdən biri rəsmi Yerevanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların yeri və xüsusiyyətləri barədə hərtərəfli və dəqiq məlumat verməsi ilə bağlı idi. BMT Məhkəməsində Azərbaycanın bütün tələbləri qarşısında tam hüquqi məğlubiyyət yaşamaq istəməyən Ermənistan qərarlardan birini vaxtından əvvəl icra etməyi münasib bildi.

Bunu açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib.

O bildirib ki, bununla Ermənistan iqtidarı erməni cəmiyyəti və dünya birliyi qarşısında öz simasını qorumağa çalışır. Ermənistan daxili auditoriyaya özünü prinsipial, məhkəmə qərarı ilə Azərbaycanın haqlı tələbləri qarşısında güzəştə getməyə məcbur edilməyən tərəf kimi göstərməyə cəhd edir. Dünya birliyi qarşısında isə özünü humanist prinsiplərə hörmət edən dövlət kimi təqdim etmək niyyətindədir. Unutmaq olmaz ki, Ermənistanın indiyə qədər verdiyi mina xəritələri dəqiq olmayıb. İkincisi isə Azərbaycanın işğal edilmiş ərazilərinə Ordumuzun canlı qüvvəsinin sayından çox minanın basdırılması torpaqlarımızı geri qaytarmağa mane olmaq yox, mülki əhaliyə daha çox zərər vurmaq məqsədilə edilib.

Ədalət Məhkəməsinin bu qərarını səbəb müstəvisində araşdırmaqdan savayı, onun siyasi və hüquqi nəticələrini də tədqiq etmək məqsədəuyğundur. Xatırladaq ki, bu qərar Brüssel görüşü öncəsi qəbul edilib. Brüssel görüşündə isə müzakirə ediləcəyi güman olunan əsas məsələlərdən biri humanitar mövzularla bağlıdır.

E.Məcidov vurğulayıb ki, məhkəmə qərarının nəticələri bununla yekunlaşmır. Məhkəmə Ermənistanın Azərbaycanda saxlanılan və Ermənistanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib. Məhkəmənin qərarı Azərbaycana bundan sonrakı danışıqlarda güclü arqument bəxş edir. Əgər Ermənistan və ya onun havadarlarından hər hansı biri 10 noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycana hücuma görə yaxalanan erməni terrorçularının azad edilməsi məsələsini gündəmə gətirsə, Azərbaycan artıq BMT Məhkəməsinin çıxardığı qərara istinad edərək bu mövzunun Ədalət Məhkəməsinin qərarına zidd olduğunu bildirəcək. Nəticə etibarilə Ermənistan və ya Fransa, ABŞ, Niderland, Belçika, Lüksemburq kimi havadarlardan hər hansı biri beynəlxalq məhkəmənin nüfuzuna xələl gətirməmək üçün məsələni gündəmə salmağa cəhd etməkdən çəkinəcəklər.

“Ədalət Məhkəməsinin çıxartdığı qərarda vacib məqamlar çoxdur. Lakin daha iki məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Bakıda Hərbi Qənimətlər Parkının bağlanması ilə əlaqədar Ermənistan iddiasının rədd edilməsidir. Dünya praktikasında oxşar hallara müraciət etdikdə ağıla gələn ilk nümunə Holokost muzeyləridir. Bu muzeylərdə nasistlərin yəhudilərə qarşı soyqırımı siyasəti əks olunur. Bakıda yerləşən Hərbi Qənimətlər Parkı da, ilk növbədə, turistik məkan yox, mədəni-maarifləndirici muzeydir. Açıq hava altında olan bu muzeydə ermənilərin Azərbaycan ərazilərində qurduğu istehkamları, mülki əhaliyə qarşı istifadə etdikləri silah-sursatlar yerləşdirilib. Hərbi Qənimətlər Parkının bağlanması iddiası dünyada Holokost muzeylərin bağlanması iddiasına bənzər absurd bir tələb idi ki, bunu Beynəlxalq Məhkəmə öz qərarı ilə rədd etdi.

Nəhayət, daha bir vacib məqam isə Məhkəmənin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verməsi idi. Bu qərar Ermənistanda onsuz da Daşnakstyun, Sasna Srer kimi çoxdan mövcud olan terror təşkilatları ilə yanaşı, yeni yaradılmış VOMA və FOQA kimi təşkilatların fəaliyyətinin qarşısının alınmasını nəzərdə tutur. Nəticənin hüquqi tərəfini bir kənara qoysaq və Ermənistanın yüksək dəqiqliklə qərarın yerinə yetirilməsi üçün heç bir addım atmayacağını zənn etsək, bu proses Azərbaycana gələcəkdə lazım gəldikdə Ermənistanın terror təşkilatlarına qarşı antiterror əməliyyatlarına legitim və leqal əsas verir”, - deyə siyasi ekspert vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024