Mobil versiya
Suleyman Kərimov: “Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin əbədi memarıdı”
Tarix: 09-12-2021 | Saat: 15:00
Bölmə:Ölkə | çapa göndər

Suleyman Kərimov: “Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimizin əbədi memarıdı”

Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin görkəmli dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu öndər Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycan qruculuğu yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

1993-cü ildə Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Bu qayıdış dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Həmin ildən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

“Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu. Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının özülünü təşkil edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi, məhz o zaman qoyulub.


Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirib, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin edib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Birmənalı qaydada qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.

Məhz bu yolun növbəti Zəfər mərhələsi olaraq Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı və öz torpaqlarını işğaldan azad etdi. Eyni zamanda da şanlı Azərbaycam ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənin belini qırmaqla bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Bununla da Heydər Əliyev siyasi kursunun mahiyyətində duran amillərdən biri, xilaskarlıq amili bir daha öz bariz təzahürünü bütün dünyaya nümayiş etdirdi.

Suleyman Kərimov,
Quba Suvarma Sistemləri İdarəsinin rəisi.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024