Mobil versiya
Məzahir Bayramov: “Heydər Əliyev məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını xalqın yaddaşında əbədi həkk etmişdir”
Tarix: 09-12-2021 | Saat: 09:25
Bölmə:Ölkə | çapa göndər

Məzahir Bayramov: “Heydər Əliyev məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını xalqın yaddaşında əbədi həkk etmişdir”

Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar.

1991-1993-cü illərdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycan bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən də vətəndaş müharibəsi, separatçılıq meyilləri, eləcə də bütün sahələrdə dərin tənəzzüllə üzləşmişdi. Müstəqilliyin əvvəllərindən etibarən intensiv və açıq mərhələyə keçən erməni təcavüzü, respublikaya bir-birinin ardınca naşı, zəif, bəsirətsiz rəhbər şəxslərin təyin olunması Azərbaycan xalqını dərin sosial-iqtisadi tənəzzül, torpaqlarımızın və müstəqilliyimizin itirilməsi təhlükəsiz ilə üz-üzə qoymuşdu. Ən dəhşətlisi isə o idi ki, səriştəsizlik, başıpozuqluq, səbatsızlıq ordu quruculuğu sahəsində özünü daha qabarıq şəkildə göstərirdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan, milli dövlətçilik mənafeyindən uzaq adamlar Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilir, orduda şəxsi mənafelər önə çəkilir, cəbhədəki uğursuzluqlardan şəxsi mənfəətlər və karyera hesabları naminə istifadə olunurdu. Peşəkar zabit kadrların çatışmaması və ya ordudan kənarda saxlanması cəbhədə ciddi itkilər və torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Get-gedə azğınlaşan erməni işğalçıları respublikada mərkəzi hakimiyyətin bacarıqsızlığından, ordunun başıpozuqluğundan istifadə edərək işğalın miqyasını durmadan genişləndirirdilər.
Belə bir acınacaqlı və ümidsiz vəziyyətlə üzləşən, ölkə rəhbərliyinə inamını tamamilə itirmiş xalqımız nicat yolunu dar gündə daim xalqının yanında olan Heydər Əliyevə üz tutmaqda görürdü.

Ulu Öndərimizin hakimiyyətə qayıdışından qısa müddət sonra bütün sahələrdə ciddi dönüş və irəliləyiş yaşandı. Bu baxımdan prioritet məsələlərdən biri də ordu quruculuğu oldu. Əbədiyaşar liderimizin fəaliyyətində ilk addımlardan biri məhz nizami ordu quruculuğu idi. Ulu öndər xalqımızın, dövlətçiliyimizin qorunmasında, ərazi bütövlüyümüzün müdafiəsində həyati əhəmiyyətini nəzərə alaraq ordu quruculuğuna ən yüksək səviyyədə diqqət yetirdi, təxirəsalınmaz tədbirlər həyata keçirdi. Strateji planda ordu quruculuğunun bütün istiqamətlərində reallaşdırılan tədbirlər, vətənpərvər kadrların ordu sıralarına cəlb edilməsi, hərbi intizamın təmin olunması və s. əhəmiyyətli addımlar atıldı. Şəxsi heyətdə yüksək əhval-ruhiyyə, döyüş əzmi formalaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev cəbhəboyu hərbi hissələrə müntəzəm səfərlər edir, əsgər və zabitlərimizlə, yerli əhali ilə görüşlər keçirirdi. Heydər Əliyev Azərbaycan torpaqlarının müdafiəsi üçün bir tərəfdən bütün dövlət orqanlarını hərbi-təşkilati işə səfərbər etdi, onların gərgin və davamlı fəaliyyətinə nail oldu, digər tərəfdən isə bütövlükdə xalqı Vətənin müdafiəsinə səfərbər edərək əhali ilə ordu arasındakı əlaqələri, xalqın orduya inamını və dəstəyini gücləndirməyə nail oldu.

Ümummilli liderin qısa müddətdə uzaqgörənliklə və qətiyyətlə həyata keçirdiyi tədbirlər nəticəsində 1993-cü ilin sonu – 1994-cü ilin əvvəllərində hərbi sahədə mühüm dəyişikliklər müşahidə olundu. Məhz həmin vaxt Azərbaycan Ordusu Ulu Öndərin Ali Baş Komandanlığı ilə cəbhədə uğurlu hücum əməliyyatları keçirərək işğal altındakı ərazilərimizin bir hissəsini azad etdi, düşmənə sarsıdıcı zərbələr vurdu. Təsadüfi deyil ki, bu qəti zərbədən, eləcə də ölkə həyatında bütün sahələrdə dinamik inkişafdan sarsılan Ermənistan atəşkəs müqaviləsi imzalamağa razı oldu. Atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələrinin ən müasir tələblər səviyyəsində yenilənməsinə imkan yarandı. Bu tədbirlər bu gün də davam edir. Ulu Öndərimizin ordu quruculuğu ilə bağlı ideya və tövsiyələri uğurla həyata keçirilir. Artıq ordu-xalq, ordu-dövlət, ordu-vətəndaş cəmiyyəti kimi mühüm istiqamətlərdə ciddi irəliləyişlər əldə edilib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs artıq 18 ildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz əzmi və iradəsi ilə uğurla davam etdirilir. Məhz bu siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Bununla Azərbaycan ulu öndər Heydər Əliyev siyasi kursunun növbəti ən böyük təntənəsini bütün dünyaya bir daha nümayiş etdirmiş oldu.

Məzahir Bayramov,
YAP Tovuz rayon təşkilatının sədri səlahiyyətlərini icra edən

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024