Mobil versiya
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın tarixi Qələbəsinin bütün dünyaya təntənəli nümayişi idi”
Tarix: 06-12-2021 | Saat: 18:18
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın tarixi Qələbəsinin bütün dünyaya təntənəli nümayişi idi”

“Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. 2020-ci il dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı da Azərbaycanın tarixi Qələbəsinin bütün dünyaya təntənəli nümayişi idi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi də rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb edib: “Məlum olduğu kimi Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin gedişində həlledici əhəmiyyət kəsb edən hadisə idi. Azərbaycanın Vətən müharibəsində qalib gələcəyi qaçınılmaz idi. Bununla belə məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Belə ki, Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bu irimiqyaslı həmlələr düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Məhz bu baxımdan Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi də rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu. Bu bayraqla Şuşanın bir parçası da Zəfər paradında iştirak etdi. Bununla da həm ermənilər, həm də onların bütün dünyada olan havadarları öz xəyanətkar siyasətləri nəticəsində yaşamalı olduqları aqibətin acısını hər zaman xatırlamalı olacaqlarına dair açıq-aydın mesaj aldılar.”

Daha sonra Aqiyə Naxçıvanlı qeyd edib ki, Bakıda keçirilmiş Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının daha bir nümayişi idi: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Artıq bütün dünya bildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bu qardaşlıq bundan sonra həm də strateji müttəfiqlik müstəvisinə daşınmaqla öz gücünü daha da artıracaq.”

Həmçinin Aqiyə Naxçıvanlı Hərbi Qənimətlər Parkının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Hələ müharibədən bir müddət əvvəl Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi gəldilər. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu gün də düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Artıq bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşiləşmiş düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı düşməndən geri aldığı kimi, onu qorumağı da bilir. Buna görə də Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024