Mobil versiya
Oktay Abdullayev: “Heydər Əliyev Azərbaycanın təkrarsız milli inkişaf modelinin yaradıcısıdır”
Tarix: 06-12-2021 | Saat: 10:00
Bölmə:Ölkə | çapa göndər

Oktay Abdullayev: “Heydər Əliyev Azərbaycanın təkrarsız milli inkişaf modelinin yaradıcısıdır”

Ulu öndər Heydər Əliyevin gərgin və çoxşaxəli siyasi fəaliyyəti Azərbaycanı ötən əsrin 70-ci illərinin əvvəlindən hərtərəfli inkişaf yoluna çıxarmışdır. Ümummilli lider Heydər Əliyev bütün ölkədaxili, regional və beynəlxalq faktorları nəzərə alaraq Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmış və məhz bu milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər hələ sovet dönəmində Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmışdı. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədə həyat ritmi dəyişmiş, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işlərinə start verilmişdi. Bakıda o dövr üçün nadir müəssisələr, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar tikilmiş, nəhəng yaşayış massivləri salınmış, bir çox sosial layihələr həyata keçirilmişdi. Ulu öndər Heydər Əliyevin çoşqun fəaliyyəti sayəsində Azərbaycan istər sosial-iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında öncül mövqelərə çıxmışdı. Bu tarixi faktın özü bizim hazırkı müstəqilliyimizin 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən yaradılan iqtisadi və mənəvi potensialdan qaynaqlandığını göstərir.

Ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan əsrin sonlarında həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldı. 1991-ci ildə ölkədə yaranmış qarışıqlıq sayəsində hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ müharibəsi də arxa plana keçmişdi. Bu çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas həlledici amili oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Ulu öndər bu qayıdışı ilə dövlətimizi və xalqımızı parçalanmaqdan və müstəmləkəyə çevrilməkdən xilas etdi. Bununla da ümummilli lider Heydər Əliyev həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alındı. Ölkə sülh, stabillik, dirçəliş və dinamik inkişaf fazasına daxil oldu.

Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması sayəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsaslar yaradıldı. Ölkədə çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev hərtərəfli inkişafa, mökəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz ulu öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan bu gün də öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirir.

Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbə isə Azərbaycanda Heydər Əliyev ideyalarının bu gün də yaşadığının, Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiynin ən bariz göstərisidir. Bu şanlı Zəfər ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açmışdır. İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Heydər Əliyev ideyaları üzərində gələcəyə inamla irəliləyən müasir nəsil az bir zaman sonra bir çox yeniliklərin, misli görünməmiş inkişafın canlı şahidləri olacaqlar.

Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri,
Azərbaycan Respublikasının “Əməkdar müəllimi”,
YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024