Mobil versiya
Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmişdir”
Tarix: 06-12-2021 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmişdir”

Görkəmli tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş yarandı. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Neçə-neçə zavod və fabriklər fəaliyyətə başladı. Xüsusilə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı.Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin inkişafı üçün tarixi işlər gördü. Elm, ədəbiyyat, incəsənət korifeylərinin yubileyləri keçirildi, adları əbədiləşdirildi, ittifaq miqyasında təbliği mexanizmi müəyyənləşdirildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi artıq müstəqillik dövründə, amma daha dəqiq desək bu müstəqilliyin az qala itirilməsi ərəfəsində baş verdi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Ulu öndər xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyevin öz xalqı, öz ölkəsi və dövləti qarşısında olan misilsiz xidmətləri Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur.

Ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq neçə müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövlətidir. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq təqdim edir. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək.

Akif Məmmədov,
Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024