Mobil versiya
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı idi
Tarix: 16-11-2021 | Saat: 09:11
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı idi

Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu.

Həmin vaxtlar Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Məhz o zaman dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Beləliklə, 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə ulu öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, həmin vaxt Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, onun Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən maneələr törədilməsi səbəbi ilə partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, YAP-ın təsis konfransını orada keçirməyə nail oldular: “Xalqın öz xilaskar oğlu Heydər Əliyevə olan sonsuz inamını heç bir qüvvə sarsıda bilmədi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.

Aqiyə Naxçıvanlı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını düzgün reallaşdırmaq baxımından Prezident İlham Əliyevin YAP-ın VII qurultayında təqdim etdiyi konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir: “Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-ın VII qurultayında da dövlətin siyasi prioritetlərinin və beynəlxalq əməkdaşlıq vektorunun milli maraqlar əsasında müəyyən edildiyi qeyd olunub. Bu gün sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər ölkəmizdə islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar artıq yeni bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Bu gün Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açır. Dövlət başçımızın dediyi kimi, biz bu reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Azərbaycan dövlətinin uğurlu siyasəti regional enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və bununla da həm bölgədə, həm də ümumilikdə Avrasiya məkanında yeni əməkdaşlıq formatları yarandı. Məhz bu baxımdan Prezident İlham Əliyev tərəfindən YAP-ın VII qurultayında təqdim olunan konsepsiyalar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki məhz bu konsepsiyalar ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə