Mobil versiya
Novruzəli Aslanov: “10 noyabr Bəyanatı Ermənistanın kapitulyasiya aktıdır”
Tarix: 07-11-2021 | Saat: 14:02
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “10 noyabr Bəyanatı Ermənistanın kapitulyasiya aktıdır”

“Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda artıq bütün dünya gücləri Azərbaycana yeni və tam fərqli bir yanaşma tərzi formalaşdırmaq məcburiyyətində olduqlarını qəbul etdilər. Azərbaycan böyük güclər arasında gedən geosiyasi oyunların bir obyekti olmadığını, tam əksinə, bu oyunları özü yönəltmək iqtidarında olan bir güc olduğunu isbatladı. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış birgə Bəyanat ölkəmizin tarixi Qələbəsini rəsmiləşdirdi. Bu Bəyanatla təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş qondarma “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları da artıq heç zaman müzakirə mövzusu olmayacaq.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi müasir müharibə taktikasının bu gün bütün dünyada öyrənilməsi şanlı Ordumuzun qüdrətinə dəlalət edən daha bir amildir: “Bu bir həqiqətdir ki, yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.”

Öz fikirlərini davam etdirən Novruzəli Aslanov daha sonra qeyd edib ki, ordumuzun zəfər yürüşü nəticəsində imzalanan Üçtərəfli Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb və Cənubi Qafqazda yaranmış yeni reallıqların bütün təzahürləri bu sənəddə öz əksini tapıb: “İmzalanmış Bəyanata əsasən Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq öhdəliyini üzərinə götürdü və buna əməl etmək məcburiyyətində qaldı. Həmçinin Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. Bəyanatda bildirilir ki, köhnə kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Məhz bu səbəbdən də regional inkişaf və əməkdaşlıq perspektivləri mövzusunda aparılan müzakirələrdə ölkəmiz əsas kilid nöqtəsi kimi çıxış edir. Möhtərəm dövlət başçımızın vurğuladığı kimi, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür və eyni zamanda da Azərbaycan bu layihələrin təhlükəsizliyini və uğurla həyata keçirilməsini təmin edə biləcək əsas regional oyunçudur.”

Sonda millət vəkili belə bir məqamı da vurğulayıb ki, Azərbaycanın tarixi Qələbəsi erməni işğalı ilə bərabər erməni miflərinə də birdəfəlik son qoydu: “Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən isə, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcərdə etdiyi çıxışında vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Onlar iddia edirdilər ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Lakin Vətən müharibəi göstərdi ki, erməni əsgəri fəraridir, qorxaqdır. 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024