Mobil versiya
Səbinə Xasayeva: Qarabağ Zəfəri həm də iki qardaş dövlətin birliyinin zəfəridir
Tarix: 05-11-2021 | Saat: 16:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

Səbinə Xasayeva: Qarabağ Zəfəri həm də iki qardaş dövlətin birliyinin zəfəridir

Türkiyənin istiqlal savaşında təkcə türkiyəlilər döyüşmədi, azərbaycanlı gənclər də bu döyüşlərin iştirakçısı oldular. Çanaqqala zəfəri həm də iki qardaş dövlətin istiqlal savaşında qəhrəmanlığının qələbəsi ilə tamamlandı, türk ruhu işğalçılığı məğlub etdi.

Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Bu qələbə də iki qardaş xalqın, eyni amalının qələbəsi oldu.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

“Havadarlarının dəstəyi ilə torpaqlımızın 20 faizini otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan Qafqazda sülhün, əmin-amanlığın dağıdıcı nüvəsinə dönmüşdü. İşğalçı ölkə atəşkəsi pozmaqla, irimiqyaslı təxribatlar törətməklə həddini aşmışdı. Ona həddini bildirməyin vaxtı çatmışdı. Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənə mesaj verdi ki, torpaqlarımız əvvəl-axır işğaldan azad ediləcək. Gözlənilən məqam 2020-ci ilin 44 günü oldu.

Sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücuma keçdi. Döyüş meydanında Azərbaycan əsgərinin qətiyyəti və iradəsi qarşısında düşmən başını itirdi. Rəşadətli Ordumuz ermənilərin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini, istehkamları darmadağın etdi. Ordumuz cəmi 44 gün ərzində düşmənin başını əzdi və ona öz yerini göstərdi”, deyə S.Xasayeva qeyd edib.

Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində vətənpərvərliyindən, şücaətindən danışan deputat vurğulayıb ki, Vətən üçün canından belə keçməyə hazır olan gənclərimiz tarix yazdılar. Zabit və əsgərlərimiz uğrunda vuruşduqları torpağın nə qədər müqəddəs olduğunu canları bahasına sübut etdilər: “Vətən müharibəsində minlərlə gənc döyüşlərdə iştirak etmək üçün səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Həmin vaxtlarda Türkiyədə də minlərlə gənc Azərbaycana gəlmək, döyüşlərdə iştirak etmək üçün dövlət orqanlarına müraciət edirdi. Bu müraciətlər eyni ruhun işığı idi və bu işıq döyüşənlərin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi.

Vətən müharibəsində Türkiyədə istehsal olunan “Bayraktar”lar düşmənin komanda-qərargah məntəqələrini, döyüş texnikalarını məhv etdi. Vətən müharibəsində bu və ya digər yaşayış məntəqəsi işğaldan azad ediləndə Azərbaycanda necə sevinirdilərsə, Türkiyədə də vəziyyət eyni idi. Çünki biz iki qardaşıq”.

S.Xasayeva vurğulayıb ki, Vətən müharibəsində Zəfərimiz xalqla ordu birliyinin, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinin, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının təzahürünü özündə əks etdirir. O deyib: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən paradda da iştirak etdi. Dünya ictimaiyyəti də, Azərbaycan – Türkiyə münasibətlərini dəsətəkləyən dövlətlər də, bu münasibətlərə qısqanclıqla yanaşan dövlətlər də gördü ki, eyni ruhda ayrılıq olmayıb, yoxdur, olmayacaq.

Zəfər paradı mənəvi birliyin sarsılmazlığın paradı idi, dünyanın qoşa dalğalanan iki bayrağa qoşa salamının paradı idi. Bu parad Azərbaycan və Türkiyə gənclərinin amal, əqidə, ruh birliyinin möhtəşəmliyinin paradı idi”.

Türkiyə liderinin Qarabağa son səfərindən danışan deputat bildirib ki, bu səfər bir daha ölkələrimiz arasında dostluğun necə dərin köklərlə bir-birinə bağlı olduğunu ortaya qoydu.

“Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla birlikdə Füzulidə beynəlxalq aeroportun açılışı, Zəngilanda Aqroparkın və Zəngəzur dəhlizinin təməlinin qoyulmasında iştirakı, iki qardaş dövlətin həmrəyliyinin göstəricisidir. Azərbaycan və Türkiyə gəncləri bu birlikdən çox şey götürürlər.

Vətən müharibəsində qazanılan Zəfər həm də azərbaycanlı gənclərlə türkiyəli gənc¬lərin mənəvi birliyinin Zəfəridir”, - deyə S.Xasayeva vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025