Mobil versiya
Qasım Qasımov: “Prezident İlham Əliyevin yürütdüyü siyasət, atdığı məqsədyönlü addımlar Qələbəmizi təmin edəcək şəraiti yaradtı”
Tarix: 03-11-2021 | Saat: 09:30
Bölmə:Ölkə | çapa göndər

Qasım Qasımov: “Prezident İlham Əliyevin yürütdüyü siyasət, atdığı məqsədyönlü addımlar Qələbəmizi təmin edəcək şəraiti yaradtı”

“Düz bir il bundan əvvəl 30 il davam edən qondarma Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə öz ərazi bütövlüyünü təmin etdi. 44 gün ərzində ardıcıl olaraq işğaldan azad edilən tarixi torpaqlarımızda Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında müqəddəs üçrəngli bayrağımızı qaldıran qəhrəman hərbçilərimiz tariximizin ən şərəfli səhifələrini yazdılar. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan və adi kağız parçasından daha artıq heç bir mahiyyət daşımayan qətnamələrini Aərbaycan təkbaşına yerinə yetirdi. Tarixi ədalət bərpa olundu.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədr müavini Qasım Qasımov deyib.

Hakim partiya təmsilçisi bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində ilk gündən ardıcıl qələbələr qazansa da məhz Şuşanın azad olunması Vətən müharibəsinin başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi son 17 ildə həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Bütün bu tədbirlər öz nəticəsini verdi. Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarçımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Bu sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq Üçtərəfli bəyannamənin şərtlərinə görə qan tökülmədən özümüzə qaytarıldı.”

Daha sonra öz fikirlərini davam etdirən Qasım Qasımov bildirib ki, Vətən müharibəsinin gedişində qardaş Türkiyənin ölkəmizə verdiyi siyasi-mənəvi dəstək Azərbaycanda çox yüksək qiymətləndirilir və bu gün bu dost və qardaş ölkə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsi dövlətimizin xarici siyasətində prioritet istiqamətlərdən biridir: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim Azərbaycana öz dəstəyini ifadə etdilər. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Ölkələrimizin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə məsul qurumların rəhbərlərinin davamlı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Nəticədə bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri bu gün ən yüksək səviyyəyə qalxıb. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025