Mobil versiya
Novruzəli Aslanov: “Prezidentin səfəri İsmayıllı və Şamaxı rayonlarının inkişafına yeni dinamika verəcək”
Tarix: 02-11-2021 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Prezidentin səfəri İsmayıllı və Şamaxı rayonlarının inkişafına yeni dinamika verəcək”


“Bir həqiqətdir ki, son iki ildə qlobal pandemiya ilə bağlı əksər dünya ölkələrində müşahidə olunan iqtisadi tənəzzül fonunda Azərbaycanda gedən mütərəqqi proseslər müstəsna dərəcədə böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ölkəmizin bu gün artıq pandemiya ilə bağlı yaranmış tənəzzüldən çıxdığı da danılmaz faktdır. Məhz bu proseslərin fonunda Azərbaycanın rayon və bölgələrində müşahidə olunan dinamik inkişaf ölkəmizdə formalaşmış iqtisadi inkişaf modelinin effektivliyinin göstəricisidir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlərin bütün regionları əhatə etməsi onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Həmçinin son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə etdiyi yüzlərlə səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisidir. Prezidentin məhz bu gün, işğaldan azad edilmiş ərazilərimizdə indiyədək misli görünməmiş iri miqyasda bərpa-quruculuq işlərinin getdiyi bir vaxtda belə ölkənin digər rayon və bölgələrinə də səfərlərini davam etdirməsi isə dövlət başçımızın ölkənin bütün regionlarında gedən prosesləri diqqət mərkəzində saxladığından xəbər verir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarına etdikləri səfərlərin əhəmiyyətindən danışan Millət vəkili qeyd edib ki, dövlət başçısının ilk növbədə Lahıc qəsəbəsindəki Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olması bir daha dövlətimizin milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliği işinə xüsusi qayğı və diqqətlə yanaşmasından xəbər verir: “Artıq xəbər verildiyi kimi, Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarında səfərdə olublar. Diqqətəlayiq haldır ki, İsmayıllıya səfər çərçivəsində dövlət başçımız və xanımı məxsusi olaraq Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar. Məlum olduğu kimi, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi. Bundan sonra 1791-ci ildə inşa edilmiş Bədöyün məscidinin bərpa-təmir işlərinə başlanmışdı. Ötən müddət ərzində məscidin özündə və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb. Bu da məlumdur ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün fəaliyyəti dövründə hər zaman ölkəmizdə müxtəlif tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, böyük layihələr həyata keçirmişdir. Bütün bunlar da əlbəttə ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliği işinə xüsusi dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini bir daha sübut edir.”

Həmçinin Novruzəli Aslanov Basqal-Sulut avtomobil yolunun açılışının İsmayıllı rayonunun iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ölkə Prezidentinin İsmayıllı rayonuna səfəri çərçivəsində baş verən ən əhəmiyyətli hadisələrdən

biri də əlbəttə ki, Basqal-Sulut avtomobil yolunun açılışı oldu. Prezident İlham Əliyev başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak etməklə bu hadisənin əhəmiyyətini vurğulamış oldu. Qeyd olunmalıdır ki, bu yolun inşası dövlət başçımızın ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb. Buna paralel olaraq rayonda Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda da əsaslı təmir işləri aparılıb. Ölkə Prezidenti cənab İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etməklə təkcə İsmayıllıda deyil, bütün ölkə ərazisində yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məsələsinin vacibliyini və bu istiqamətdə görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığını vurğulamış oldu. Birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidentinin İsmayıllı və Şamaxı rayonlarına etdiyi bu səfəri də hər iki bölgənin inkişafına yeni bir dinamika verəcək.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024