Mobil versiya
Deputat: Türkiyənin Qarabağın bərpasında da səmərəli fəaliyyəti qardaşlığımızın təcəssümüdür
Tarix: 28-10-2021 | Saat: 13:15
Bölmə:Parlament | çapa göndər

Deputat: Türkiyənin Qarabağın bərpasında da səmərəli fəaliyyəti qardaşlığımızın təcəssümüdür

Türkiyə və Azərbaycan bütün zamanlarda - sevincli, fərəhli, ağır, çətin günlərdə daim bir-birinin yanında olub. Belə bir tarix 103 il bundan əvvəl, Azərbaycanın erməni faşistlərindən təmizlənməsi məqsədilə Nuru paşanın öz ordusu ilə ölkəmizə gələndə də yaşanıb. Vətən müharibəsi başladığı ilk günlərdən qardaş Türkiyənin haqlı, ədalətli mübarizəmizə mənəvi-siyasi dəstəyi də unudulmayıb. İkinci Qarabağ savaşı başa çatandan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın üç dəfə Azərbaycana gəlməsi, Qarabağda olması bayrama çevrilib, tariximizə qızıl hərflərlə yazılıb.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Türkiyə rəhbərinin oktyabrın 26-dakı səfəri də xalqımızın tarixində heç vaxt, heç zaman unudulmayacaq. Türkiyə Prezidenti “Qarabağ uğrunda mücadiləmiz boyunca bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq”, - deməsi soydaşlarımızda kövrək hisslər, duyğular doğurmaqla bərabər, həm də qürur, fərəh hissləri yaşatdı. Bu sözləri ancaq qardaş-qardaşa deyə bilər. Belə sözlər dar ayaqda, işğalçının, yağının üstümüzə ayaq açdığı, havadarlarının bütün dünyaya haray salaraq qəsbkarı müdafiə etdiyi vədələrdə də səslənib və bununla da Azərbaycanın yalnız, tək olmadığı mesajı verilib.

Rəşad Mahmudov deyib: “Oktyabrın 26-da düşmən də, onu haqsız, ədalətsiz olduğu halda müdafiə edənlər də bir daha bu nüfuzlu dövlətin-Türkiyənin yenə də xalqımızın yanında olduğunu, işğal altındakı illərdə yaralarından qan sızan Qarabağımıza sülh dönəmində bizimlə birgə məlhəm qoyduğunu gördülər. Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bu qardaşlıq, dostluq barədə fikirlərini bildirərək, qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox gərgin iş qrafiki olmasına, Afrikanın dörd ölkəsindən rəsmi səfərdən qayıtmasına, daha sonra Türkiyədə bir önəmli tədbirdə iştirak etməsinə baxmayaraq, vaxt tapıb Qarabağa gələrək, Azərbaycan xalqı ilə belə bir gözəl günü birlikdə keçirir: “Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir”.

Bu həmrəylik, bu qardaşlıq bundan sonra da sarsılmaz olacaq və əbədi yaşayacaq. Çünki bu qardaşlıq Vətən müharibəsindən əvvəlki vaxtlarda, Ermənistanın ölkəmizə davamlı təxribatları zamanında, eləcə də İkinci Qarabağ savaşının gedişində də sınaqdan uğurla çıxdı. Fikrimin təsdiqi olaraq, bir məqamı xatırlatmaq istərdim. Ötən il müharibə ərəfəsində Ermənistan Tovuz təxribatı törətmişdi. Bax, o zaman cənab Rəcəb Tayyib Ərdoğan işğalçıya “bu, Ermənistanın boyunu aşan hücumdur”, - deyə xəbərdarlıq etmişdi. Yəni “ağlınızı başınıza yığın, bugünkü Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil” anlamını bildirmişdi. Çox təəssüf ki, işğalçı Ermənistan bu müdrik dövlət rəhbərinin sözlərini eşitmədi və havadarlarının dəstəyinə arxalanıb Azərbaycana qəfil hücuma keçdi. Bu namərd əməl isə xalqımızın möhtəşəm Zəfəri ilə nəticələndi”.

Rəşad Mahmudov daha sonra qeyd edib ki, Vətən müharibəsində acı məğlubiyyətini pərdələməyə cəhd göstərən Ermənistan uduzmağını yalan və böhtanla əsaslandırmağa çalışırdı. Məsələn, ötən il oktyabrın 9-da cənab İlham Əliyev “CNN International” televiziya kanalına verdiyi müsahibədə jurnalistin–“Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?”, – sualına cavabında bildirdi ki, bəli, Azərbaycan Silahlı Qüvvələrində türk avadanlığı var, amma türk qüvvələri yoxdur: “Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki onun sizdən eşitdiyim sözləri tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər”.

O vaxt dövlətimizin başçısı, həm də Ermənistanın rəhbərinə xitabən bildirmişdi ki, 1990-cı illərin əvvəlində işğalçı tərəfindən Azərbaycan torpaqları ələ keçirildikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan rəhbərinin “Azərbaycana kimsə kömək edir” deməsi tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.

Rəşad Mahmudov açıqlamasının sonunda deyib ki, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Oktyabrın 26-da bu fərəh, sevinc bir daha yaşanıb. Cümhurbaşqanı Füzulidə beynəlxalq aeroportun açılışı mərasimində iştirak edib, Qarabağda bir sıra layihələrin həyata keçirilməsinə xeyir-dua verib. Bütün bunlarla bərabər, dünyaya sülh, əmin-amanlıq, birgə-yaşayış mesajları ünvanlayıb. Zəngəzur dəhlizinin reallaşacağı ilə bu istiqamətdə önəmli addımlar atılacağını diqqətə çatdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024