AZ RU Mobil versiya
Gündüz Bayramov: “Prezident İlham Əliyevin xarici siyasətində ümumtürk birliyinin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir”
Tarix: 27-10-2021 | Saat: 18:10
Bölmə:Cəmiyyət | çapa göndər

Gündüz Bayramov: “Prezident İlham Əliyevin xarici siyasətində ümumtürk birliyinin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir”

“Bu gün ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin də rolu böyükdür. Əminliklə demək olar ki, bu gün istər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı hər kəsin hesablaşmalı olduğu önəmli bir amilə çevrilib. Bu qardaşlıq Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarixin ən şərəfli səhifələrində əbədi əks olunacaq.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Samux rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Gündüz Bayramov deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, Qarabağ münaqişəsinin başa çatması ilə regional inkişafı əngəlləyən maneələr də aradan qaldırılıb: “Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə bölgənin inkişafına mane olan əsas səbəbi, Qarabağ münaqişəsini də birdəfəlik aradan qaldırdı. Bu gün artıq işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Bu gün Qarabağda təməli qoyulan layihələr, tunellər, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Oktyabrın 26-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını bütün dünya izlədi. Qarabağın hava qapısı adlandırılan bu aeroportun cəmi 8 ay ərzində müasir tələblər səviyyəsində inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək. Bu gün artıq Cənubi Qafqazda bütün xalqların sülh və əmin-amanlıq şəraitində, yüksək rifah içində yaşaya bilmələri üçün tarixdə bu günə qədər mövcud olmamış çox geniş imkanlar yaranıb. Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdikləri regional layihələr və ilk növbədə əlbəttə ki, beynəlxalq nəqliyyat-logistik layihələr bu imkanların yalnız bizim xalqlarımız üçün deyil, bütün region ölkələri və qonşu dövlətlər üçün əlçatan olmasını təmin edə bilər.”

Daha sonra Gündüz Bayramov bildirib ki, Azərbaycan və Türkiyə Prezidentləri Zəngilanın Ağalı kəndində mətbuata verdikləri birgə bəyanatlarda xalqlarlmlz və ölkələrimiz arasında olan birliyin əbədi və sarsılmaz olduğunu bir daha vurğulamaqla bütün dünyaya önəmli bir mesaj ünvanlamış oldular: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq ikinci dəfədir ki, Qarabağa səfər edri. Qardaş ölkənin dövlət başçısının Füzulidə olması, yeni hava limanının açılışında iştirak etməsi, eləcə də Zəngilanın Ağalı kəndinə səfəri Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olmaqla yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Ağalı kəndində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçirildi. Prezident İlham Əliyevin dediyi kimi, Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, azad edilən ərazilərin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil. Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir. Liderlərin birgə bəyanatında da qeyd olunduğu kimi, davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yaranıb. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Qarabağdan verilən əsas mesaj ondan ibarət idi ki, Ankara da, Bakı da bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıdır. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan Azərbaycan və Türkiyə bu bölgənin əsas söz sahibi olduqlarını bir daha bəyan etmiş oldular.”

Sonda Gündüz Bayramov belə bir məqamı da vurğulayıb ki, bu gün bütün dünyada gedən proseslər, cərəyan edən hadisələr türkdilli dövlətlər arasında birliyin daha da gücləndirilməsini tarixi zərurət kimi ortaya qoyur: “Bu gün bütün dünyada türk dövlətləri arasında birliyin daha da möhkəmləndirilməsi üçün çox ciddi əsaslar vardır. Heç şübhəsiz bu prosesdə Azərbaycanın rolu çox önəmlidir. Məhz bu səbəbdən də Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə ümumtürk birliyinin möhkəmləndirilməsi məsələsi prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib və Azərbaycan türk birliyinin daha da möhkəmləndirilməsi işinə həqiqətən böyük töhfələr verməkdədir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8192 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021