Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın bundan sonra daha güclü dövlətə çevrilməsi artıq qarşısıalınmaz bir tarixi prosesdir”
Tarix: 18-10-2021 | Saat: 15:31
Bölmə:Gündəm / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın bundan sonra daha güclü dövlətə çevrilməsi artıq qarşısıalınmaz bir tarixi prosesdir”

“Azərbaycan hər zaman sülhün, əmi-amanlığın və inkişafın tərəfdarıdır. Bu baza prinsipləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi xarisi siyasətin əsasını təşkil edir. O cümlədən dövlət başçımızın oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında etdiyi çıxışında ifadə etdiyi fikirlər də ölkəmizin sülhsevər mövqeyini bir daha təsdiqlədi. Xüsusilə ölkələrimiz arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və Ermənistanla sülh sazişinin bağlanmasına dair Azərbaycanın danışıqlara başlamağa hazır olduğunu bir daha bəyan etməklə Prezident İlham Əliyev bütün müstəvilərdə məğlub durumda olan Ermənistana növbəti dəfə tarixi bir fürsət təqdim etmiş oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili belə bir məqamı da qeyd edib ki, Azərbycanın qalib dövlət kimi münasibətləri normallaşdırmağa hazır olması işğalçı qüvvələrin 30 il ərzində torpaqlarımızda törətdikləri vəhşilikləri unudacağımız anlamına gəlməməlidir: “Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bir daha vurğuladı ki, Ermənistan otuz ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərdə olmazın cinayətləri törətmişdir. O cümlədən işğal dövründə həmin ərazilərdə demək olar ki, bütün binalar dağıdılıb, tarixi abidələr talan edilib, viran qoyuub. Təsəvvür edin ki, torpaqlarımız azad olunandan sonra həmin bölgələrə səfər edən xarici ölkələrin nümayəndələri Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırmışlar. Həmçinin Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Ermənistan tərəfinin xüsusi azğınlıqla törətdikləri vandallıq isə birbaşa dini abidələrimizə qarşı yönəldilmişdi. Belə ki, i.ğaı zonasında olmuş 67 məsciddən 65-i tamamilə dağıdılmışdı. Qismən dağıdılmış digər iki məsciddə isə işğalçılar donuz və inək saxlayır və bununla bütün dünya müsəlmanlarının heysiyyatını bilərəkdən təhqir edirdilər. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Əlbəttə ki, Azərbaycan xalqı bütün bu vəhşilikləri heç zaman unutmayacaq və artıq bundan sonra heç kəsə torpaqlarımızı işğal etmək şansı verilməyəcək. Bununla belə Prezident İlham Əliyevin də dediyi kimi, biz artıq tarixdə qalmış müharibə və münaqişə səhifəsini çevirməyə və münasibətlərimizi yeni yaranmış reallıqlar əsasında normallaşdırmağa hazırıq. Bunun üçün isə Ermənistan da ona verilən bu fürsəti düzgün dəyərləndirməli və xoş niyyətini nümayiş etdirmək üçün konkret addımlar atmalıdır.”

Novruzəli Aslanov öz fikrini davam etdirərək bildirib ki, Ermənistan üçün dürüst mina xəritələrinin Azərbaycana dərhal təqdim olunması xoş məramlı addım kimi qiymətlndirilə bilər: “Əslində Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməyə borcludur. Çünki hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisində partlayan hər bir mina atəşkəsin pozulması kimi qiymətləndirilir və ölkəmiz buna hər an adekvat cavab vermək hüququna sahibdir. Nəzərə almaq lazımdır ki, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan isə minalanmış sahələrin tam xəritələrini Azərbaycana verməkdən imtina edir, verilmiş az sayda xəritələrin dəqiqliyi isə təqribən 25 faizdir. Aydındır ki, ermənilər mina xəritələrini Azərbaycana verməməklə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işlərinin tempini aşağı salmaq, bu yolla da həmin torpaqların əzəli sakinlərinin öz dədə-baba yurdlarına qayıdışını mümkün qədər ləngitmək istəyirlər. Heç şübhəsiz bu təxribat və hətta cinayət xarakterli əməllər Ermənistanda hələ də revanşist əhval-ruhiyyəsinin güclü olduğundan xəbər verir. Onlar düşünürlər ki, bu yolla xalqımızın Möhtəşəm qayıdışının vaxtını uzada bilərlər. Lakin ermənilər başa düşmürlər ki, Azərbaycan xalqı güclü və qətiyyətli olduğu qədər də səbirli və təmkinli xalqdır. Biz otuz il gözləmişik. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 17 il bu savaşa hazırlaşıb və nəhayət 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü təmin edib. Əlbəttə ki, biz həmin əraziləri minalardan da səbir və təmkinlə təmizləyəcəyik. Dövlət başçımızın dediyi kimi, həmin torpaqlara həyat yenidən qayıdacaq. Lakin Ermənistan sözügedən mina xəritələrini verməməklə növbəti hərbi cinayət törətmiş olur.”

Daha sonra Novruzəli Aslanov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin Avropa ölkələri üçün də həyati əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Əslində bu gün bəzi Avropa dövlətlərinin Azərbaycanın qələbəsinə qısqznclıqla yanaşmalarını görmək qətiyyən anlaşılan deyil və ən azından böyük təəccüb doğurur. Məsələ bundadır ki, Azərbaycanın tarixi Qələbəsi uzun illər boyu bir çox Avropa ölkələrinə gedən narkotrfikin də qarşısını kəsməklə böyük bir bəlanın qarşısını alıb. Öz çıxışında bu məsələyə aydınlıq gətirən Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Dövlətimizin başçısı işğal illərində dəfələrlə bu məsələyə toxunaraq bəyan etmişdi ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Lakin həmin dövrdə ermənipərəst qüvvələrin təsiri altında olan bəzi ölkə rəhbərləri baş verənlərə reaksiya vermirdilər. Bu gün isə bu, artıq sübut edilmiş faktdır. Lakin belə məlum olur ki, narkotiklərə və beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri də bəzi ölkələr tərəfindən sırf siyasi məqsədlər üçün tətbiq olunan şüardır. İstənilən halda Azərbaycan öz tarixi missiyasını yerinə yetirdi. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi və bununla da Cənubi Qafqazda uzun illərdən bəri mövcud olan ən böyük münaqişəyə son qoyuldu. Bundan sonra Azərbaycan yeni yeratdığı regional geosiyasi və geostrateji reallıqlar fonunda daha güclü inkişaf edəcək və bu, artıq qarşısıalınmaz bir tarixi prosesdir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024