Mobil versiya
Aqiyə Naxçıvanlı: “Ermənistan işğal dövründə Suqovuşanın təbii imkanlarından Azərbaycana qarşı ekoloji terror törətmək məqsədilə yararlanıb”
Tarix: 04-10-2021 | Saat: 17:03
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Ermənistan işğal dövründə Suqovuşanın təbii imkanlarından Azərbaycana qarşı ekoloji terror törətmək məqsədilə yararlanıb”

“Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev burada etdiyi çıxışında Ermənistanda revanşist hisslərlə yaşayan bütün ünsürlərə onların həddini bildirdi və xəbərdarlığını etdi. Əgər onlar rahat yaşamaq istəyirlərsə ağıllarını başlarına yığmalıdırlar. Əks halda Dəmir yumruq yenidən onların mənfur başlarını əzməyə hər zaman hazırdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkil bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər və Bərdə rayonlarına səfəri zamanı etdiyi açılışlar və qatıldığı təməlqoyma mərasimləri bir daha Azərbaycanın sülhməramlı və yaradıcı ruhunu dünyaya nümayiş etdirdi və eyni zamanda da dövlətimizin başçısı Ermənistanda revanşizmi təbliğ edən qüvvələrə və onların havadarlarına da sərt mesajlarını göndərdi: “Azərbaycan öz ərazilərini düşməndən azad etdiyi ilk günlərdən bu torpaqlarda bərpa-quruculuq işlərinə start verib. Bununla da xalqımız və dövlətimiz bir tərəfdən bu torpaqların əsil sahiblərinin necə davranmalı olduqları barədə bütün dünyaya bir mesaj göndərmiş, digər tərəfdən də ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da bu işlərin icrasına ən güclü stimulverici amil kimi təsir göstərir. Əbəs yerə deyil ki, dövlət başçısının hər belə səfəri açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən möhtərəm Prezidentimizin oktyabrın 3-də Tərtər və Bərdə rayonlarına etdiyi səfəri zamanı da bu ənənə davam etdirilib. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Bundan sonra isə Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Həmçinin dövlətimizin başçısı “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib və Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Deyildiyi kimi, bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan sülhü sevdiyi kimi, onu qorumağın da qaydasını bilir və lazım gələrsə, bu sülhə təhdid törədən bütün qüvvələri dəf etməyə hər an hazırdır.”

Aqiyə Naxçıvanlı öz fikrini davam etdirərək bildirib ki, Prezident İlham Əliyevin Suqovuşan qəsəbəsində etdiyi çıxışında səsləndirdiyi fikirlər Ermənistanda hələ də revanşist əhval-ruhiyyəsindən çıxa bilməyən qüvvələrin bütün xəyyalarının puç olduğunu bir daha göstərdi: “Tərtər və Bərdə rayonlarına səfəri zamanı Suqovuşanda müqəddəs bayrağımızı ucaldan Ölkə Prezidenti öz çıxışında da xüsusi olaraq vurğuladı ki, bu qəsəbənin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Baxmayaraq ki, burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Lakin Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Ondan sonra düşmən müharibənin sonunadək, öz sonunadək hər gün Azərbaycan ordusunun, Azərbaycan əsgərinin bütün cəhətlərdə üstünlüyünü aşkar şəkildə hiss etdi. Bu gün bütün bunları təhlil edərkən qətiyyən anlamaq olmur ki, Ermənistanda revanşizm ideyalarını hələ də yaşatmağa çalışanlar nəyə ümid edirlər? Artıq hər kəs bilməlidir ki, Azərbaycan bu gün nəinki Ermənistana, həmçinin istənilən digər bir aqressora layiqli cavab verməyə gücü yetəcək qüdrətli orduya malik ölkədir.”

Daha sonra Aqiyə Naxçıvanlı Suqovuşanın strateji əhəmiyyətindən bəhs edərək bildirib ki, Ermənistan işğal dövründə bu ərazilərin təbii imkanlarından da Azərbaycana qarşı ekoloji terror törətmək məqsədilə yararlanıb: “Suqovuşan qəsəbəsinin daha bir əhəmiyyəti də ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Hər iki su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru idi. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi bütün Qarabağa və Şərqi Zəngəzura olduğu kimi, buraya da biz hakimik. Ali Baş Komandan cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqramlar icra edilməkdədir.”

Sonda Aqiyə Naxçıvanlı Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın və onun ətrafının Azərbaycanda törətdikləri cinayətlərə görə cəzalarını çəkmək əvəzinə rahatca oturub revanşizm ideyalarının təbliği ilə məşğul olmalarının yolverilməz hal olduğunu vurğulayaraq bunları deyib: “Sozsüz ki, erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərdən bəhs edərkən ilk ağıla gələn adlardan biri də məhz Ermənistanın keçmiş prezidenti və bir nömrəli fərarisi Serjik Sarkisyanın adı olur. Düzdür bu qatı cinayətkar öz adından utanaraq onu dəyişib, lakin düşünmək olar ki, əgər bu adın elə bir imkanı olsaydı o, özü öz daşıyıcısından daha əvvəl imtina edərdi. Çünki Serjikin törətdiyi çirkinliklər və vəhşiliklər ümumiyyətlə bəşəriyyət əleyhinə bir cinayət və insanlıq adına qara bir ləkədir. Müharibə zamanı Xankəndiyə soxulmuş Serjik görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəf məhz Serjik Sarkisyan və onun ətrafıdır. Dövlətimizin başçısı bu cinayətkar barəsində bütün məlum faktları tək-tək təqdim etməklə onun əsl xislətini bir daha ifşa etdi. Amma təəssüflər olsun ki, belə bir qatı cinayətkar bu gün də İrəvanda rahat oturub xalqımıza qarşı öz çirkin əks-təbliğatını aparmaq və revanşizm ideyalarını qızışdırmaq imkanına malikdir. Lakin belə imkanlar uzun müddət davam etmir. Gec-tez Serjik Sarkisyan da, onunkimiləri də öz layiqli cəzalarını alacaqlar. Azərbaycan isə bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacaqdır.”

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə