Mobil versiya
Novruzəli Aslanov: “Dövlət başçımızın sərəncamında şəhidlərimizin xatirəsinə ən yüksək ehtiram ifadə edilib”
Tarix: 29-09-2021 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Dövlət başçımızın sərəncamında şəhidlərimizin xatirəsinə ən yüksək ehtiram ifadə edilib”

“Bir neçə gün öncə Azərbaycan Vətən müharibəsində öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini möhtəşəm yürüşlə bir daha andı. Əlbəttə ki, xalq öz qəhrəman övladlarını öz qəlbində əbədi olaraq yaşadacq və onların xatirələri əsrlər boyunca hər gün, hər saat anılacaq. Amma Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si tarixinin Azərbaycanda Anım Günü kimi təsis edilməsi xüsusi bir anlam kəsb edir. Məsələ bundadır ki, bu gün Azərbaycan üçün sözün əsil mənasında tarixi bir qərarın qəbul edildiyi gündür. Bu gün Azərbaycan xalqının möhtəşəm Zəfər yürüşünə başladığı, bu yolda ilk addımını atdığı gündür. Şəhidlərimiz isə öz qanları bahasına bizi bu yolun sonundakı Zəfərə gətirdilər. Məhz buna görə də dövlətimizin başçısı bu sərəncamla şəhidlərimizin xatirəsinə və eyni zamanda da Vətən müharibəsinin qazilərinə və bütün iştirakçılarına ən yüksək ehtiramı ifadə edib.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Lakin Ermənistan və onun havadarları bizi məsələni hərbi müstəviyə keçirməyə vadar ediblər: “2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi.”

Daha sonra millət vəkili qeyd edib ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazisində törətdiyi ağır cinayətlər, həmçinin müharibə dövründə törətdiyi hərbi cinayətlər bu rejimin faşist xislətinin və çürük ideoloji əsaslarının bariz təzahürüdür: “30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən bütün şəhər və kəndləri qəsdən dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları şəhərlərə və mədəniyyətə qarşı əsl genosid nümunələrinə çevirmişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, II Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində həmçinin ətraf mühitə qarşı genosid törədilib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Vətən müharibəsinin gedişində isə Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Lakin Şanlı Azərbaycan Ordusu bütün bu cinayətlərə birdəfəlik son qoydu.”

Novruzəli Aslanov belə bir məqamı da vurğulayıb ki, bu gün Ermənistan da, bu rejimə hələ də himayədarlıq edən qüvvələr də “Dağlıq Qarabağ” ifadəsini nə qədər tez unutsalar bu ümumi rifahın yalnız xeyrinə olar: “Azərbaycan öz ərazi bütövlüyünü öz gücünə bərpa etdi. Artıq müharibə də, “Dağlıq Qarabağ” münaqişəsi də tarixdə qaldı. Bu gün Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və bütün dünya, o cümlədən Ermənistan və himayədarları bu reallığı nə qədər tez dərk etsələr bu, hər kəs üçün və ilk növbədə Ermənistanın özü üçün yaxşı olar. Dünyada bunu istəyənlər də, istəməyənlər də var. Lakin beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə məcbur olub. Artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır. Revanşizm tendensiyaları Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Möhtrəm dövlət başçımızın dediyi kimi, bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir.”

Sonda Novruzəli Aslanov qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əlaqələrin daha da genişləndirilməsinin dövlətimizin xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini və yenilməzliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim Azərbaycana öz dəstəyini ifadə etdilər. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Türkiyədən ölkəmizə olan dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilir. Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə uğurla həyata keçirilə bilməz.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024