AZ RU Mobil versiya
27 Sentyabr – Zəfərin başlanğıcı
Tarix: 27-09-2021 | Saat: 09:12
Bölmə:Cəmiyyət | çapa göndər

27 Sentyabr – Zəfərin başlanğıcı


44 günlük Vətən müharibəsində yaşanan hər gün, hər saat, hər an Azərbaycan xalqının yaddaşında silinmnəz izlər buraxdı. Müzəffər Azərbaycan ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək torpaqlarımızı işğal altından azad etdi. Şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda tarixi ədalətin bərpası idi. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəldi.

Cənab Prezident İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi.44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi.

Vətən müharibəsindən sonra Azərbaycan dövləti və xalqımız yeni mərhləyə addım atdı. Bu gün ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Tarixi, qədimi yaşayış məskənlərimizi Azərbaycan özünə qaytardı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. II Qarabağ müharibəsində iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri həmin ərazilərdə ilk dəfə idi vuruşurdular və ermənistan ordusu isə artıq həm coğrafiyaya çox yaxı bələd idi.Lakin buna baxmayaraq qəhraman ölkəmizin igid döyüşçülərinin qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Müzəffər Ali Baş Komandanın sözlərini qeyd edərək bildirmək istəyirəm ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ordumuz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmış və onları məğlub edərək torpaqlarımızdan qovmuşdur. Silahlı Qüvvələrinin hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordusu Azərbaycanın qalib ölkə olmasına səbəb olan əsas faktordur. Cəsur ordumuz sayəsində xalqımız şanlı qəhrəmanlıq tarixini yazdı.

44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. Düzdür işğaldan azad olunan hər qarış torpağın uğrunda itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi.Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etməklə Ermənistanı çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bununla da “Dəmir yumruq” əməliyyatı sona çatdı. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Qisas qiyamətə qalmaz demişdir atalarımız. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusu döyüş meydanında sözünü dedi”. Döyüş meydanında Xocalı qatillərini məhv etdi. Beləliklə xalqımızın qəhrəman övladlarının misilsiz qəhrəmanlığı və fədakarlığı nəticəsində qələbəni qısa müddətdə təmin etdik. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. Düşmən Azərbaycan ordusu qarşısında müqavimət göstərə bilmədi.
Zəfər bayrağımızın dalğalandığı hər bir qarış torpağımız Azərbaycan ordusunun şücaəti və qəhrəmanlığının əsəridir. Onlar analarını, bacılarını, ailələrini, uşaqlarını bizə əmanət qoyub əzmkarlıqla canlarını qurban verdilər. Vətən torpağının azadlığı uğrunda canından keçən şəhidlərimiz daima qəlbimizdə yaşayacaqdır. Qəhrəman oğullarımızın ruh yüksəkliyi o qədər çox idi ki, onlar ailələrindən uzaq olduqlarını hiss etmirdilər. Darıxanda bayrağını bala kimi, torpağını ana kimi sinəsinə sıxaraq irəli və irəli deyərək qələbəni daddılar. İlk olaraq həm siyasət, həm də döyüş meydanında “dəmir yumruğ”unu düşmənə göstərən, qələbənin əsasını təmin edən Ali Baş Komandanımız İlham Əliyevə və onun ətrafında sıx birləşən müzəffər ordumuza ,Vətən göylərində “Qarabağ Azərbaycandır!” - yazan igid oğullarımıza eşq olsun!

Yaşasın Azərbaycan ordusu!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan İlham Əliyev!


Məleykə Ağayeva,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

592 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021