Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın qürur mənbəyidir”
Tarix: 22-09-2021 | Saat: 15:08
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın qürur mənbəyidir”

“Vətən müharibəsində Azərbaycana tarixi Qələbəsini qazandıran ən mühüm amillərdən biri Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühitidir. Məhz xalqın birliyi və ədalətli mövqeyi dövlət başçısının ətrafında “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuş və tarixi ədaləti bərpa etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə,indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizləmiş, erməni faşizmini məhv etmişdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühitinin tez bir zamanda ölkədaxili siyasi müstəviyə də sirayət etməsi dövlətimizin gücünü daha da artırmışdır: “Vətən müharibəsi zamanı siyasi partiyaların Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalandı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Məsələ bundadır ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu.”

Ermənilərin Cənubi Qafqaza köçürüldükdən sonra yerli xalqlara və ilk növbədə Azərbaycan xalqına qarşı daim dözümsüzlük və düşmənçilik nümayiş etdirmələrinin bu regionda yaranan münaqişələrin əsas səbəbi olduğunu vurğulayan Novruzəli Aslanov qeyd edib ki, Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir: “Rusiya-İran müharibələrinin nəticələri olaraq ermənilərin Cənubi Qafqaza köçürülməsi yerli xalqlar və ilk növbədə azərbaycanlılar üçün əsl fəlakətə çevrildi. Rus imperiyasının özü üçün forpost olaraq yaratdığı qondarma erməni dövləti dərhal azərbaycanlılara qarşı soyqırımı siyasətinə başladı və bu siyasət 200 ildən artıq davam etmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması həm çar Rusiyası, həm də sovet dövründə mütəmadi olaraq həyata keçirilib.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ötən əsrin sonlarında isə xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.”

Daha sonra Novruzəli Aslanov Azərbaycanın son 30 il ərzində beynəlxalq ruyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qaldığını və son nəticə olaraq ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxılmadığını qeyd edərək bunları deyib: “Son 30 ilin təcrübəsi bizə bunu deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası bütün bu illər ərzində təmin olunmadı. Möhtərəm dövlət başçımızn da öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.”

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu qeyd edən Novruzəli Aslanov bu faktın bütün xalqımız üçün ən önəmli qürur mənbəyi olduğunu da xüsusi olaraq vurğulayıb: “Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bu günkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024