Mobil versiya
Novruzəli Aslanov: “Üç qardaş - 2021 beynəlxalq təlimi ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırdı”
Tarix: 20-09-2021 | Saat: 15:22
Bölmə:Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Üç qardaş - 2021 beynəlxalq təlimi ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırdı”

“Artıq xəbər verildiyi kimi, 12-20 sentyabr 2021-ci il tarixlərində Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilib. Bu təlim bir daha sübut edir ki, Vətən müharibəsinin gedişində dost və qardaş ölkələr adlandırdığımız Türkiyə və Pakistanın Azərbaycan dövlətinə, Azərbaycan xalqına verdikləri siyasi-mənəvi dəstək həqiqətən hansısa keçici maraqlara deyil, fundamental prinsiplərə və həqiqi dostluq münasibətlərinə əsaslanırdı. Məhz bu münasibətlərin inkişaf etdirilməsi hazırda müşahidə olunan yeni dünya düzəninin formalaşması prosesində ölkələrimizin fəal iştirakçılar qismində çıxış etməsini və kifayət qədər böyük gücə və nüfuza, eləcə də tamamilə yeni hərbi-siyasi əməkdaşlıq formatına sahib olacaq bir alyansa girmələrini təmin edə bilər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib. Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın həm Türkiyə, həm də Pakistanla istənilən sahədə, o cümlədən hərbi sahədə əməkdaşlığı beynəlxalq hüquqa əsaslanır: “Təbii ki, Cənubi Qafqazda yaranmış yeni geo-siyasi və geo-strateji reallıqlar fonunda öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın Türkiyə və Pakistan kimi böyük hərbi gücə malik olan dövlətlərlə ittifaqa girməsi düşmənlərimizi narahat etməyə bilməz. Lakin bu üçtərəfli əməkdaşlıq tamamilə beynəlxalq hüquqa uyğun bir prosesdir. İlk növbədə əlbəttə ki, bu ilin iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki qardaş ölkə arasında ümumi siyasi, iqtisadi, hərbi-siyasi məkanının yaradılmasını nəzərdə tutmaqla böyük əhəmiyyət kəsb edən vacib bir sənəddir. Məhz bu sənəddə belə bir fakt öz təsdiqini bir daha tapmışdır ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər öznün ən yüksək səviyyəsinə, strateji müttəfiqlik səviyyəsinə çatıb. Artıq ölkələrimiz arasında siyasi, hərbi-texniki və iqtisadi sahələrdə hərtərəfli əməkdaşlığın yeni formatı yaradılır və Şuşa Bəyannaməsi ümumi təhlükəsizliyin və sülhün təminatı baxımından bütün Cənubi Qafqaz regionu üçün müstəsna əhəmiyyət kəsb edən bir tarixi sənəddir. Lakin hazırkı durumda biz artıq dostluq və qardaşlıq münasibətlərinin ikitərəli deyil, məhz üçtərəfli formatda inkişafını müşahidə edirik. Məhz bu baxımdan 27 iyul 2021-ci il tarixdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanmış Bakı Bəyannaməsi ölkələrimizin bütün sahələrdə strateji tərəfdaşlıq zəminində yeni dünya düzəninin formalaşmasında ən aktiv şəkildə iştirakını nəzərdə tutan və təsdiq edən beynəlxalq hüquqi sənəd kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin nəzərə almaq lazımdır ki, Bakı Bəyannaməsinin Yaxın Şərq və Cənubi Qafqaz coğrafiyasını əhatə etməklə bu regionda yerləşən ölkələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından da hüquqi baza rolunu oynaya bilər. Əslində Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi yeni dünya düzəninin formalaşmasında son dərəcə böyük əhəmiyyət kəsb edən mühüm tarixi epizodlardan biridir. Bu qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərməklə, ölkəmizin sadəcə Cənubi Qafqazda deyil, həmçinin ümumilikdə Avrasiya məkanında əsas oyunçulardan birinə çevrilməsində mühüm rol oynadı. Bu gün Yaxın Şərq regionunda, o cümlədən Əfqanıstanda cərəyan edən hadisələr bizim üçün dost və qardaş ölkələr olan Türkiyə və Pakistanın təhlükəsizliyinə təhdid yaratmaq perspektivlərinə malikdir. Təbii ki, belə olan şəraitdə bu ölkələrin iqtisadi və hərbi güclərinin əmkdaşlıq və inteqrasiya zəminində artırılması zəruri şərtdir. Bu da aydındır ki, Vətən müharibəsinin gedişində bizə mənəvi və siyasi dəstək verən dost ölklər eyni münasibəti Azərbaycandan da görəcəklər. Məhz bu baxımdan da ölkələrimiz arasında münasibətlərin yeni formatda inkişafı bu gün xüsusi əhəmiyyət kəsb edir.”

Daha sonra Novruzəli Aslanov “Üç qardaş - 2021” təliminin beynəlxalq terrorçuluğa qarşı mübarizə işinə önəmli töhfələr verə biləcəyinə əmin olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətlərini obyektiv qiymətləndirə bilmək üçün Türkiyənin ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanla sərhədlərini bağlaması, Pakistanın isə Azərbaycanın ərazi bütövlüyünü hər zaman təsdiqləməsi və Ermənistanla diplomatik əlaqələrdən imtina etməsi faktlarını nəzərdən keçirmək kifayətdir. Həmçinin hər iki dost və qardaş ölkə ölkəmizin müstəqilliyini tanıyan, Azərbaycanda səfirliklərini açan ilk dövlətlər olublar və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın lehinə qəbul olunmuş 4 məlum qətnamənin işıq üzü görməsində böyük dəstək nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsinin gedişində Pakistan və Türkiyə tərəfindən Azərbaycana göstərilən mənəvi-siyasi dəstək də səmimi dostluğun daha bir bariz ifadəsi oldu. 30 illik işğala son qoyan tarixi Qələbəmizin eyni coşqu və sevinclə həm Türkiyədə, həm də Pakistanda qeyd olunması isə bu dostluğun dövlətlərimizlə yanaşı xalqlarımız arasında da getdikcə möhkəmləndiyini göstərdi. Təbii ki, müharibədən sonrakı dövrdə də Azərbaycan-Türkiyə-Pakistan münasibətləri özünün keyfiyyətcə yeni, daha əhəmiyyətli tarixi mərhələsinə daxil oldu. Tamamilə aydındır ki, üç ölkə arasında sıx əlaqələr Qarabağ müharibəsindən sonrakı dövrdə yaranmış müəyyən problemlərin həllində, Zəngəzur dəhlizinin istifadəyə verilməsində, Türkiyənin antiterror mübarizəsində, Kipr və Kəşmir problemlərinin həlli istiqamətində kifayət qədər əhəmiyyətli rol oynaya bilər. Məhz bu baxımdan da “Üç qardaş - 2021” beynəlxalq təlimi ölkələrimizin yerləşdikləri regionların inkişafına və təhlükəsizliyinə xidmət edəcək.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024