AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Vaqif Poeziya Günlərinin keçirilməsi Heydər Əliyev siyasətinin və İlham Əliyev siyasətinin növbəti təntənəsinin göstəricisidir”
Tarix: 02-09-2021 | Saat: 11:51
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Vaqif Poeziya Günlərinin keçirilməsi Heydər Əliyev siyasətinin və İlham Əliyev siyasətinin növbəti təntənəsinin göstəricisidir”

“Şuşa Aərbaycanın mədəniyyət paytaxtıdır. Heç şübhəsiz Şuşada böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin yenidən bərpa olunmuş məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi son dərəcə əlamətdar hadisədir. Lakin bu tədbiri sadəcə mədəniyyət hadisəsi kimi dəyərləndirmək onun mahiyyətini, kəsb etdiyi əhəmiyyəti kiçimsəmək olardı. Bu hadisənin təhlili göstərir ki, Vaqif Poeziya Günlərinin keçirilməsi mədəniyyətimizin inkişafına verilən daha bir misilsiz töhfə olmaqla yanaşı, eyni zamanda da ölkəmizin iqtisadi qüdrətinin bir nümayişidir. Ən əsası isə budur ki, bu möhtəşəm tədbir Heydər Əliyev siyasətinin və İlham Əliyev siyasətinin növbəti təntənəsinin göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, hazırda əksər dünya ölkələrinin qlobal pandemiya səbəbilə iqtisadi problemlərlə üz-üzə durduqları və ciddi maliyyə böhranı yaşadıqları bir dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri aparması və hətta ölkə əhəmiyyətli mədəniyyət tədbirlərinin keçirilməsi ilk növbədə xalqımızın və dövlətimizin mədəni irsə və milli təfəkkürə böyük ehtiramının təzahürüdür. Eyni zamanda da bu siyasi xətt Heydər Əliyev siyasətinin davamı olaraq erməni təbliğatını, erməni yalanlarını kökündən ifşa edən və düşmənlərimizin bütün niyyətlərini puça çıxaran konsepsiyadır: “Məlumdur ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarı Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş və 1982-ci il yanvar ayının 14-də bu məqbərənin açılışı olmuşdur. Mahiyyət etibarı ilə 39 il bundan öncə də, bu gün də Vaqifin məqbərəsinin açılışı eyni siyasi önəm kəsb edir. Sovet dönəmində də ermənilər Şuşanı bütün dünyaya erməni şəhəri kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu şəhərin həmin vaxt heç bir iqtisadi zərurət olmadan keçən əsrin 20-ci illərində sırf gələcəkdə Ermənistanın tərkibinə verilməsi məqsədilə yaradılmış qondarma bir inzibati ərazi vahidinin, Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi olması da ermənilərə əlavə imkanlar vermişdi. Lakin Ümummilli Lider Heydər Əliyev bu kimi cəhdlərin qarşısını qətiyyətlə alırdı. Təsəvvür etmək belə çətindir ki, sovet ideologiyasının bütün dövlət siyasətinə tam hakim olduğu bir sistemin daxilində, xanlıq üsul-idarəsinin sinfi düşmən kimi təqdim olunduğu bir tarixi dövrdə Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması haqda qərarın qəbul edilməsi hansı risklərə bağlı idi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və bununla Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi bir daha öz yerini tapdı. Ötən əsrin sonlarında isə ölkədə yaranmış hərc-mərclikdən, o dövrdəki SSRİ və sonra da Rusiya rəhbərliyinin, eləcə də bütün dünyada olan havadarlarının dəstəyindən yararlanan ermənilər Şuşanı, Qarabağı və digər rayonlarımızı işğal etdilər. Həmin vaxtdan ötən 30 ilə yaxın müddət ərzində ermənilər yenə də Şuşanı, eləcə də digər şəhərlərimizi öz adlarına çıxarmaq üçün əl atmadıqları yol qoymadılar. Lakin bu dəfə də onların ümidləri puça çıxdı. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqı öz ətrafında dəmir yumruq kimi birləşdirdi və 30 il ərzində sülh danışıqları ilə əldə oluna bilməyən nəticəni Şanlı Ordumuz cəmi 44 günə əldə etdi. Düşmən Vətən torpaqlarından qovuldu, ölkənin ərazi bütövlüyü bərpa edildi. Tarixi Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. O cümlədən yanvarın 14-dən Şuşanın bərpası işlərinə başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Əlbəttə ki, ölkənin mədəniyyət paytaxtında həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində ilk növbədə məhz mədəni-tarixi abidələrin bərpası istiqamətində işlər diqqəti cəlb edir. Bu baxımdan birmənalı olaraq demək olar ki, bu gün Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natavanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi.Şuşada “Xarıbülbül” festivalı bərpa edildi, Vaqif Poeziya Günləri bərpa edildi. Həmçinin dövlətimiz tərəfindən Şuşa sakinlərinin öz şəhərlərinə qayıtmaları üçün zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə birinci mərhələdə üç, dörd və beşmərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulur. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Budur Heydər Əliyev siyasətinin və İlham Əliyev siyasətinin növbəti təntənəsi.”

Daha sonra Novruzəli Aslanov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin həm də ümumilikdə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edərək bunları deyib: “Torpaqlarımızın işğal altında qaldığl 30 ilə yaxın müddət ərzində davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi. Azərbaycan öz tarixində bənzəri olmayan möhtəşəm Qələbə qazandı. Bu tarixi Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratdı və Azərbaycan bu reallıqlardan yararlanaraq öz inkişafının yeni daha yüksək mərhələsinə qədəm qoydu. Məhz işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri də Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıc nöqtəsi kimi qəbul edilə bilər.”

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

10467 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2021