Mobil versiya
Aqiyə Naxçıvanlı: “Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirir”
Tarix: 13-04-2021 | Saat: 16:57
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirir”

“Azərbaycanın öz torpaqlaını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin gedişində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Şanlı Ordumuza hərbi əməliyyatları sürətlə və az itkilərlə həyata keçirməyə imkan verdi. Nəticədə düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalıçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçırdılar. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitanın işğalçı ordusu döyüş meydanında hərbi texnikasını qoyaraq qaçdı. Ermənistan təslim oldu. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi düşmənin belini qırdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.”

Daha sonra Aqiyə Naxçıvanlı yeni açılmış Hərbi Qənimətlər Parkının müstəsna əhəmiyyətindən bəhs edərək, bu Parkın yaradılmasının milli qürurumuzun daha bir ifadəsi olduğunu söyləyib: “Heç şübhəsiz Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Artıq bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşiləşmiş düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı düşməndən geri aldığı kimi, onu qorumağı da bilir. Buna görə də Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır. Belə bir kompleksin yaradılması sözsüz ki, gənc nəslin vətənpərvər ruhda yetişməsi işinə də öz misilsiz töhfəsini verəcək. Əminəm ki, artıq bundan sonra Hərbi Qənimətlər Parkı Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən ən çox ziyarət olunan məkanlardan biri olacaq. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Eşq olsun Şanlı Azərbaycan Ordusuna!”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024