Mobil versiya
Kamaləddin Qafarov: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”
Tarix: 25-02-2021 | Saat: 14:59
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”

“Son otuz il ərzində Ermənistan bütün beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın cinayətlərə və vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biridir”. Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Erməni faşizminin qanlı təzahürlərindən olan Xocalı soyqırımı ilə bağlı öz fikirlərini paylaşan Kamaləddin Qafarov bu qətliamın, əslində, bütün bəşəriyyətə qarşı yönəldiyini deyib: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində ermənilərin bu vəhşiliyi barədə demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Həqiqətən də, XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. Lakin bu qətliam bədnam qonşularımız tərəfindən bizə qarşı törədilən nə ilk, nə də tək cinayətdir. Hətta son iki əsr ərzində baş verənlərin böyük bir qismini nəzərə almasaq belə, təkcə 1988-ci ildən erməni separatçıları tərəfindən “böyük Ermənistan” adlı cəfəng, heç bir hüquqi-tarixi əsası olmayan uydurma bir ideyanı reallaşdırmaq cəhdi kimi başlanan qondarma Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın onlarla şəhəri, yüzlərlə kəndi dağıdıldı, on minlərə günahsız insanımız həyatını itirdi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin salındı. 1992-ci il fevralın 26-da isə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində qətliam aktı törətməklə öz yırtıcı xislətlərini bütün dünyaya nümayiş etdirdilər. Həmin vaxt Xocalıda 3 minə yaxın insan qalmışdı. Soyqırımı zamanı həmin insanlardan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.”

Daha sonra millət vəkili Xocalı soyqırımının ermənilər tərəfindən törədilən və bütün sivilizasiyanın tarixinə qarşı yönəlmiş bir vandalizm aktı olduğunu da vurğulayaraq demişdir: “Xocalı soyqırımının ermənilərin vəhşiliyini isbatlayan daha bir özəlliyi də budur ki, bu qətliam yalnız insanlara qarşı deyil, həm də bütün sivilizasiyaya məxsus dəyərlərin daşıyıcısı olan tarixi-mədəni abidələrə qarşı törədilib. Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan sivilizasiyasının inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının ağır texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Təbii ki, özlərinin insanlıq tarixində heç bir yeri və izi olmayan bir xalq üçün bəlkə də belə vandalizm aktları normaldır. Lakin dünya ictimaiyyətinin bütün bunlara uzun müddət göz yumması daha ağır fəsadlara yol açmaqda idi. Birmənalı olaraq etiraf etmək lazımdır ki, əgər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni faşizminin belini qırmasaydı, o zaman təkcə Azərbaycan deyil, həmçinin bütün Cənubi Qafqaz regionu və hətta qonşu ölkələr belə indiyədək rastlaşmadıqları qanlı hadisələrlə üz-üzə gələ bilərdilər.”

Bu gün Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınmasını Azərbaycan diplomatiyasının uğuru kimi qeyd edən Kamaləddin Qafarov bu yönümdə birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri olduğunu vurğulamışdır: “Bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar mövcuddur ki, beynəlxalq münasibətlər də bu qanunlarla tənzimlənir. Xocalı faciəsi kimi qətliamlar da bütün bu beynəlxalq əqdlər tərəfindən birmənalı olaraq pislənir və belə əməllərin yolverilməz olduğu birmənalı şəkildə bildirilir. Lakin ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir. Əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Azərbaycan dövlətinin ciddi səylərinin nəticəsi, Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Bildiyiniz kimi, Xocalı faciəsinə ilk siyasi qiymət olaraq 1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev xüsusi Fərman verib, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Həmin dövrdən keçən bütün bu illər ərzində Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistanın terrorçuluğu dəstəkləyən və faşizmi təbliğ edən dövlət kimi qəbul edilməsi məqsədilə misilsiz fəaliyyət göstərib. Bu gün də Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq əlaqələri tənzimləyən bütün sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir. Artıq əminliklə demək olar ki, bu gün bütün dünya ermənilərin yalançı və təcavüzkar xislətindən kifayət qədər xəbərdardır. Dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024