Mobil versiya
Aqiyə Naxçıvanlı: “Xocalı qətliamı bütün bəşər sivilizasiyasının tarixində qara ləkədir”
Tarix: 25-02-2021 | Saat: 14:39
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Xocalı qətliamı bütün bəşər sivilizasiyasının tarixində qara ləkədir”


“Bu gün bizim, hər bir azərbaycanlının Xocalı şəhidlərinin ruhu qarşısında və bütün insanlıq qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və ümumilikdə bütün Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək”– bu sözləri öz müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.


Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, Xocalı faciəsi birmənalı olaraq bütün insanlıq əleyhinə törədilən bir cinayətdir və digər dünya dövlətləri də bunu bir fakt olaraq nə qədər tez qəbul edərlərsə, gələcəkdə belə qətliamların baş vermə ehtimalı da bir o qədər az olar. Aqiyə Naxçıvanlı həmçinin Xocalı qətliamının bəşər tarixində yer almış digər insanlıq əleyhinə cinayətlərlə bir sırada durduğunu da vurğulayıb: “Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. O cümlədən son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Bununla belə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamı hətta ermənilərin müharibə cinayətləri sırasında da xüsusi amansızlığı ilə fərqlənir. Həmin tarixdə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qoyuldu. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bütün dünya bilməlidir ki, Xocalı faciəsi bəşər tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi kimi soyqırımları ilə bir sırada dayanır.”

Daha sonra müsahibimiz qeyd edib ki, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib: “Ulu öndər Heydər Əliyev Xocalı faciəsinə hüquqi qiymət verən ilk dövlət xadimi olub. Həmçinin ulu öndər bu cinayətin əsil mahiyyətini açaraq belə deyib: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Həmçinin ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.”

Həmçinin Aqiyə Naxçıvanlı Azərbaycan dövləti tərəfindən Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması yönümündə indiyədək çox böyük işlər görüldüyünü deyib və eyni zamanda bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Bu məqsədlə xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Hər il dünyada Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı artır. Lakin bu gün bizim, hər bir azərbaycanlının Xocalı şəhidlərinin ruhu qarşısında və bütün insanlıq qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və ümumilikdə bütün Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək. Biz bundan sonra bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı daim təbliğ edilərək gələcək nəsillərə olduğöu kimi çatdırılmalıdır. Onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələckdə də törədilməməsi üçün bütün gərəkən addımlar atılmalıdır.”

Abbas Abbasov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024