Mobil versiya
Aqiyə Naxçıvanlı: “Şuşa tezliklə dünyanın aparıcı mədəniyyət paytaxtları səviyyəsində olan bir şəhərə çevriləcək”
Tarix: 04-02-2021 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Şuşa tezliklə dünyanın aparıcı mədəniyyət paytaxtları səviyyəsində olan bir şəhərə çevriləcək”

“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq ən qısa zamanda bütün dünya Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının möhtəşəm dirçəlişinin şahidi olacaq”– bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri bütün dünyaya erməni vandalizminin nəticələrini müşahidə etmək imkanı verir. Lakin az bir müddətdən sonra dünya ictimaiyyəti həmin ərazilərdə aparılan quruculuq işlərinə heyran qalacaq: “Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu dağıdıb. Həmin ərazilərdə yerləşən bütün rayon və kəndlər dağıdılıb, viran qoyulub. Bu, bir daha onu göstərir ki, Azərbaycan hansı bəlaya qarşı mübarizə aparıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə dövlət başçımızın təşəbbüsü ilə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, Azərbaycan erməni faşizmini məhv edib, erməni vəhşiliyini məhv edib. Buna görə Azərbaycanın şanlı Qələbəsi sadəcə bu region üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın aparıcı mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etmişdir. Əminəm ki, işğaldan azad olunmuş ərazilərimizin bugünkü vəziyyətini seyr edən dünya ictimaiyyəti artıq çox qısa zamandan sonra həmin ərazilərdə baş verəcək möhtəşəm dəyişiklikləri böyük heyranlıqla izləyəcək.”

Ötən ilin sonlarından dünyanın bəzi ölkələrində start götürmüş COVİD-19-a qarşı vaksinasiya prosesinin gedişinə dair fikirlərini bildirən Aqiyə Naxçıvanlı qeyd edib ki, bəşəriyyət hətta bu qlobal təhlükə dönəmində belə bəzi dünya güclərinin ikili standartlarından qurtula bilmir. Millət vəkili belə bir məqamı da vurğulayıb ki, aparıcı Avropa ölkələrindən cəmi bir ay sonra vaksinasiyaya başlamış Azərbaycan bu məsələdə də əksər dünya dövlətlərinə nümunə ola bilər: “Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insansevərliyi, humanistliyi özünü heç də yalnız ölkə daxilində gedən proseslərdə göstərmir. Bilirsiniz ki, ötən ilin sonlarından artıq bəzi dünya ölkələri koronavirus infeksiyasına qarşı peyvəndlərin vurulması prosesinə başlayıblar. Lakin hətta bu qlobal təhlükə qarşısında belə bəzi dünya gücləri ədalətsizlik, ikili standartlar prinsiplərindən əl çəkmirlər. Bu barədə öz çıxışında dövlətimzin başçısı da kəskin iradlarını bildirərək qeyd etdi ki, bəzi ölkələr, məsələn Kanada süni şəkildə vaksin defisiti yaradır. Belə ki, bu ölkənin əhalisi 38 milyon olduğu

halda, Kanada 154 milyon insan üçün vaksinlər sifariş edib. Deməli hardasa 120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Qürurverici haldır ki, Azərbaycan Prezidenti bu məsələdə də öz prinipiallığını, insansevərliyini və əzmini nümayiş etdirərək problemin BMT səviyyəsində qaldırılması üçün bütün Qoşulmama Hərəkatının üzvlərinə çağırış etdi. Vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Əminəm ki, vaksinasiyanın ədalətli şəkildə aparılması işində də Azərbaycan əksər dünya dövlətləri üçün nümunə ola bilər.”

Daha sonra Aqiyə Naxçıvanlı ölkəmizdə səhiyyənin inkişafı yönümündə xüsusilə son 17 il ərzində böyük işlər görüldüyünü qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycan vətəndaşının sağlamlığı daima dövlətin diqqət mərkəzindədir: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Əlbəttə ki, bu faktın özü də ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Möhtərəm Prezidentimizin də dediyi kimi, yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə inşa edilmiş bütün digər xəstəxanalar kimi, bu səhiyyə müəssisəsində də vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstəriləcək. Ümumiyyətlə Azərbaycanda son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Əminliklə demək olar ki, bu gün ölkəmizdə səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Bu gün vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi səhiyyənin qarşısında duran ən önəmli vəzifədir və bu vəzifənin layiqincə yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən bütün lazımi şərait ən yüksək səviyyədə yaradılır.”

Abbas Abbasov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024