Mobil versiya
Prezident İlham Əliyev “Xarı bülbül”ü Şuşaya qaytardı
Tarix: 06-01-2021 | Saat: 17:42
Bölmə:Manşet / Media / Seçilənlər-3 | çapa göndər

Prezident İlham Əliyev “Xarı bülbül”ü Şuşaya qaytardı



Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq Azərbaycan xalqının nə qədər yaradıcı və öz milli irsinə bağlı bir xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımızın 20%-ni uzun illər ərzində işğal altında saxlayan erməni qəsbkarları 30 ildə bu ərazilərdə bir daşı belə daş üstünə qoymadılar. Hər zaman olduğu kimi, riyakar, yalançı xislətlərinə sadiq qalaraq bütün dünyaya Qarabağın erməni torpaqları olmasına dair uydurmalar yaymaqlarına rəğmən işğalçılar gec-tez bu yerlərdən getməli olacaqlarını hamıdan yaxşı bilirdilər. Buna görə də bütün bu illər ərzində onların işğal etdikləri ərazilərdəki bütün fəaliyyətləri yalnız talançılıq və soyğunçuluqdan ibarət olub.

Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsl yaradıcı xalqın öz torpaqlarında necə davranmalı olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Vətən torpaqlarını işğaldan azad etdikdən dərhal sonra cənab İlham Əliyev artıq dövlətin başçısı kimi həmin ərazilərdə bərpa və quruculuq işlərinə başladı. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz artıq Füzuli şəhərində beynəlxalq aeroportun tikilməsi barədə göstəriş verib. Hal-hazırda aeroportun inşası üçün uyğun yerlər seçilir və minalardan təmizləmə işləri aparılır. Əlbəttə ki, bu möhtəşəm layihə həm ölkədaxili daşınmalar üçün, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında son dərəcə dəqiq fikirlər ifadə edərək deyib: “Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.

Sözsüz ki, Füzuli şəhərində beynəlxalq aeroportun inşası bölgədə beynəlxalq turizmin də inkişafına güclü təkan verəcək. Bu isə bütün ölkə iqtisadiyyatının inkişafına böyük bir töhfə olacaq. Lakin işğaldan azad edilmiş doğma Qarabağımızın dirçəliş yolu təkcə dağıntıların bərpasından, yeni infrastrukturların yaradılmasından və abadlıq-quruculuq işlərindən keçməyəcək. Çünki Qarabağ həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin əsrlər boyu formalaşdığı mədəni mərkəzdir. Məhz bu baxımdan da Ölkə Prezidenti cənab İlham Əliyevin bu il Şuşa şəhərində iki möhtəşəm tədbirin – “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin keçirilməsi barədə verdiyi tapşırıq xüsusi əhəmiyyət kəsb edir. Yaşlı nəslin yadındadır ki, əvvəllər Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Hətta sovet dönəmində belə Ümummilli Lider Heydər Əliyevin bu kimi məsələlərə necə böyük önəm verdiyi hər kəsə məlumdur. Bu gün isə həmin ənənələr Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yenidən dirçəldilir və inkişaf etdirilir. Möhtərəm dövlət başçımız 31 Dekabr – Dünya

Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində demişdi: “Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Ölkə Prezidenti cənab İlham Əliyevin hər bir kəlməsi kimi bu sözləri də artıq sürətlə reallığa çevrilməkdədir. Bu gün Azərbaycan artıq dünyanın ən sürətlə inkişaf edən, yeniləşən və müasirləşən dövlətlərindən biridir. Lakin bu heç də bizim imkanlarımızın sonu deyil. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin qazandığı digər uğurlar Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini bundan sonra daha da gücləndirəcək. Əminliklə demək olar ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən sürətli inkişafla müşayiət olunan şərəfli bir dövrünü yaşayır və artıq heç bir qüvvə Azərbaycanı tutduğu bu zəfər yolundan döndərə bilməz.

Aqiyə Naxçıvanlı
Milli Məclisin deputatı, professor
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024