Mobil versiya
Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə tarixi qələbəyə imza atdı”
Tarix: 01-12-2020 | Saat: 12:15
Bölmə:Manşet / Cəmiyyət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə tarixi qələbəyə imza atdı”





“Biz bu günü otuz il gözləmişik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 17 il ərzində yürütdüyü düşünülmüş və son dərəcə uğurlu daxili və xarici siyasəti, həyata keçirdiyi əsaslı iqtisadi-siyasi islahatlar və ordu quruculuğu, apardığı möhtəşəm xarici diplomatiya sayəsində Azərbaycan xalqına bu şanlı qələbəni bəxş etdi” – bu sözləri torpaqlarımızın işğaldan tam azad edilməsi münasibətilə saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Müsahibənin əvvəlində millət vəkili Ölkə Prezidenti cənab İlham Əliyevin bu münaqişənin lazım gələrsə hərbi yolla da həllinin olduğunu dəfələrlə söylədiyini xatırlatdı. Bu məqamla bağlı fikirlərini paylaşan Aqiyə xanım əldə olunmuş qələbəmizin həm də məhz kimin haqqlı olduğunu bütün dünyaya bir daha sübut etdiyini bildirdi: “Azərbaycan həqiqətən də qədim və şanlı tarixə sahib olan bir ölkədir. Bu tarixin səhifələrində parlaq qələbələrə də, acı məğlubiyyətlərə də rast gəlmək olar. Lakin danılmaz bir həqiqətdir ki, Azərbaycan məhz bu gün özünün ən şərəfli, ən əzəmətli dövrünü yaşayır. Etiraf etməliyik ki, son 2-3 əsr ərzində Azərbaycan özünün itirilmiş, işğal edilmiş ərazilərindən az bir hissəni olsun belə geri ala bilməmişdi. Yalnız bu gün bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi! Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən özbaşınalıq, hərc-mərclik erməni separatçılarına imkan vermişdi ki, torpaqlarımızın 20%-ni işğal etsinlər. Bu işğal düz otuz il davam etdi. Beynəlxalq təşkilatlar otuz il ərzində bizə yalan vədlər verdilər, münaqişənin dinc yolla həll olunacağına bizi inandırmağa çalışdılar. Lakin Azərbaycan yalnız bu vədlərə bel bağlamadı. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra respublikamızda ordu quruculuğu prosesini ardıcıl və sistemli şəkildə həyata keçirməyə başladı. Bu siyasəti son 17 il ərzində inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə yüksək səviyyədə komplektləşməsinə və daha da güclənməsinə nail oldu. Möhtərəm Prezidentimiz ordu quruculuğu məsələlərini daim xüsusi diqqət mərkəzində saxladı. Ali Baş Komandan öz çıxışlarında dəfələrlə ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində məhz ordumuzun üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, Azərbaycanın uzun müddət nəticəsiz qalacaq danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulamışdı. Az qala bütün dünya bu münaqişənin hərbi yolla həllinin olmadığını təkrar-təkrar beyinlərə yeritməyə çalışdığı halda, möhtərəm Prezidentimiz qətiyyətlə bəyan etmişdi ki, münaqişənin hərbi yolla həlli var və lazım gələrsə Azərbaycan məhz bu yolla öz torpaqlarını azad edəcək. Bu gün isə tarix məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqlı olduğunu göstərdi.”

Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı və zəfərlə başa çatdırdığı bu müharibənin qeyd-şərtsiz ədalətli savaş olduğunu və əsil Vətən müharibəsi kimi tarixə düşdüyünü vurğulayan Aqiyə Naxçıvanlı, hərbi əməliyyatların nəticəsi olaraq Ermənistanın layiq olduğu cəzanı aldığını, Azərbaycanın isə tarixi ədaləti bərpa etdiyini də qeyd etdi: “Hər zaman xarici havadarlarından dəstək alan Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün

ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin icrasına açıq-aşkar etinasızlıq nümayiş etdirirdi. İşğalçı ölkə tərəfindən törədilən təxribatların ardı-arası kəsilmirdi. Nəhayət 2020-ci il sentyabrın 27-dən cəbhədə törədilən növbəti erməni təxribatından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qafqazın incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra isə, bizim şanlı döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına aldı. Bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətə düşdü. Şanlı Azərbaycan Ordusu bu müharibədə Vətən torpaqlarını işğaldan azad etmək üçün döyüşdü və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı! Ermənisatan isə faktiki kapitulyasiya aktını imzalamalı oldu. Tamamilə məhv olmaq təhlükəsi qarşısında qalan düşmən təslim olaraq ardıcıllıqla daha üç rayonu – Kəlbəcəri, Ağdamı, sonra da Laçını döyüşsüz tərk etməyə məbur oldu. Bununla da təcavüzkar erməni separatizmi öz layiqli cəzasını aldı və tarixi ədalət bərpa olundu.”

Daha sonra müsahibimiz noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək avtomobil və dəmir yollarının çəkilişi məsələsinə toxunaraq bu məqamın şanlı qələbəmizi daha möhtəşəm etdiyini vurğulamışdır. Millət vəkili bildirmişdir ki, Ermənistan tərəfinə məhz bu bəndin qəbul etdirilməsi birbaşa Prezident İlham Əliyevin şəxsi təkidi sayəsində baş vermişdir: “Dediyimiz kimi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın tam kapitulyasiya aktıdır. Lakin bu sənəddə bir çox digər maraqlı məqamlar da diqqəti cəlb edir. Bilirsiniz ki, həmin sənədə əsasən Naxçıvan Muxtar Respublikasına ölkənin əsas ərazisindən yeni avtomobil və dəmir yolu xətti çəkiləcək. Yəni artıq biz Naxçıvana yalnız hava nəqliyyatı ilə və yaxud da qonşu İran ərazisindən keçməklə deyil, həm də Ermənistanın ərazisindən keçib gedə biləcəyik. Bu çox böyük nailiyyətdir. Nəzərə almaq lazımdır ki, indiyə qədər bu münaqişənin həlli məqsədilə aparılan müzakirələrin heç birində Naxçıvana yol çəkilişi məsələsi qətiyyən yer almayıb. Yəni, imzalanmış üçtərəfli bəyanata belə bir bəndin daxil edilməsi birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin tələbi ilə baş verib və yalnız möhtərəm Prezidentimizin şəxsi nüfuzu sayəsində qəbul edilib. Əlbəttə ki, hərbi əməliyyatlardan əvvəl aparılan danışıqlar zamanı Naxçıvana yol çəkilişi məsələsini nə Ermənistan tərəfi, nə də vasitəçi dövlətlər heç müzakirə belə etmək istəməzdilər. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, “dəmir yumruq” amili onların bütün məsələlərə baxışlarını kökündən dəyişdi. Bu gün artıq Ermənistan bizim bütün şərtlərimizi qeyd-şərtsiz qəbul etməyə məcbur oldu. Bununla da sadəcə torpaqlarımızın işğalına deyil, həmçinin Naxçıvanın da 30 il davam edən blokadasına son qoyuldu. Heç bir şübhə ola bilməz ki, bundan sonra ölkəmizin inkişafı daha da sürətlənəcək, biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğalın bütün fəsadlarını tezliklə aradan qaldıracağıq və Azərbaycan çox qısa bir müddət ərzində indikindən daha gözəl və daha güclü ölkəyə çevriləcək!”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024