Mobil versiya
Kürdəmir RAEİM hər bir fermer üçün maraqlı olan bir mərkəzə çevrilməkdədir
Tarix: 09-11-2020 | Saat: 20:52
Bölmə:Aktual | çapa göndər

Kürdəmir RAEİM hər bir fermer üçün maraqlı olan bir mərkəzə çevrilməkdədir

Azərbaycanın kənd təsərrüfatı naziri cənab İnam Kərimov 1 noyabr - kənd təsərrüfatı işçiləri günü münasibətilə fermerlərə təbrik müraciətində xüsusi vurğulamışdır ki, bu il onların peşə bayramı tarixi günlərə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etmək üçün həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatını alqışlayan nazir eyni zamanda təəssüf hissi ilə qeyd etmişdir ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür və dinc əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz vardır: “Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib”.
Nazir həmçinin deyib ki,torpaqlarımızın işğaldan azad edilməsi fermerlərin üzərinə böyük məsuliyyət qoyur: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq. Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər”.
Cənab İnam Kərimov Azərbaycanda ilk aqrar siğorta mexanizminin fəaliyyətə başlamasına həsr edilmiş tədbirdə də bu məsələyə toxunub və bildirib ki, noyabrın 3-də ilk aqrar sığorta müqaviləsinin məhz cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanması ilə dövlətimiz ölkənin bütün ərazilərində, xüsusilə də cəbhə və cəbhəyanı ərazilərdə fəaliyyət göstərən fermer və sahibkarların yanında olduğunu və onları daha güclü şəkildə dəstəkləməkdə davam etdiyini nümayiş etdirib.
Dövlətimizin başçısının yüksək etimad göstərərək keçən il kənd təsərrüfatı naziri vəzifəsinə təyin etdiyi cənab İnam Kərimovun rəhbərliyi altında aqrar sektorda qazanılan uğurlar onu deməyə əsas verir ki, tezliklə işğaldan azad ediləcək bütün torpaqlarımızda kənd təsərrüfatının sürətli inkişafına nail olunacaq. Əlbəttə ki, sahəyə qoyulacaq investisiya ilə yanaşı, aqrar sektorun aparıcı mütəxəssislərinin, qabaqcıl təsərrüfat vahidlərinin, yüksək göstəricilər əldə etmiş əmək kollektivlərinin təcrübəsindən istifadə də böyük əhəmiyyət daşıyacaq. Nümunə kimi göstərilməyə layiq müəssisələrdən biri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi, fəaliyyəti təqdir olunan təşkilatçı - mütəxəssislərdən biri də həmin Mərkəzin direktoru Kənan Səmədlidir.
Məlumat üçün xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 nömrəli qərarı ilə yaradılmış Aqrar Elm Mərkəzinin xələfidir. AEİM 42 dövlət toxumçuluq, tinglik və damazlıq müəssisələrinin aqrar elmdəki vahid strateji məqsədlərini formalaşdırmağı, alınan elmi nəticələrin özəl təsərrüfatlarda tətbiqinin səmərəliliyini həyata keçirir. AEİM kənd təsərrüfatı sahəsində tələbata yönümlülük, keyfiyyət, innovasiya prinsipləri və iqtisadi sahədə qabaqcıl digər beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla bir sıra istiqamətlərdə fəaliyyət göstərir.
Son illər Aran bölgəsindəki əkin dövriyyəsində olan torpaqların düzgün şumlanmaması, hamarlama və digər vacib addımların atılmaması nəticəsində torpaqların meliorativ vəziyyəti kəskin şəkildə pisləşmiş, qurunt suları səthə çıxaraq torpaqların struktrunun pozulmasına səbəb olmuşdur. Bu mənfi tendensiya Kürdəmir və ətraf rayonlarda da ciddi narahatlıq törətmişdir. Nazir İnam Kərimovun həyata keçirdiyi uğurlu kadr seçimi siyasətinin bariz nümunəsi olan Kənan Səmədlinin Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) direktoru vəzifəsindəfəaliyyətə başlayan kimi göstərdiyi səylər, atdığı kreativ addımlar öz bəhrəsini verdi. Belə ki, ilk dəfə olaraq ölkə ərazisində payızlıq səpinin başlaması münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı və Almaniyanın “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkətinin dəstəyi ilə Kürdəmir RAEIM-nin əkin sahəsində “Səpin Günü” tarla nümayişi keçirildi. Kürdəmir RAEİM-in Gəris-Əyribənd kəndi ərazisindəki əkin sahəsində baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan təşkilatların məsul şəxsləri, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, şirkət əməkdaşları, fermerlər və digər istehsalçılar iştirak etdilər. Kürdəmir RAEİM-in direktoru Kənan Səmədli iştirakçılara tarla gününün keçirilməsində məqsədin istehsalçıları və əlaqədar təşkilat nümayəndələrini səpin texnologiyaları sahəsində ən son innovasiyalarla tanış etmək, yenilikləri təbliğ etmək olduğunu bildirdi və Kənd Təsərrüfatı Nazirliyi sistemində gedən islahatların nəticəsi olaraq Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin yeni fəaliyyət strategiyası müəyyən etdiyini açıqladı: “Bu strategiyanın əsas məqsədi hər bir fermer üçün maraqlı olan bir mərkəzə çevrilməkdir. Bundan sonra mərkəzin əkin sahələrində tez-tez tarla günləri keçiriləcək və ən son elmi yeniliklər barədə fermerlərə mütəmadi məlumat veriləcək”.
Bununla da əsası qoyulan ənənəyə sadiq qalan Mərkəzin 2019-cu və 2020-ci ildə keçirdiyi bu kimi təbirlərdə alim və mütəxəssislər yerli fermerlərə müasir torpaqbecərmə texnologiyaları barədə danışıblar. Qeyd edək ki, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Almaniyanın “Claas” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “4S” şirkəti ilə əməkdaşlığı nəticəsində 10 hektardan ibarət təcrübə-nümayiş sahəsi yaradılıb, bu sahədə ilboyu bölgə fermerlərinin maarifləndirilməsi həyata keçirilib, müasir texnika və avadanlıqlar vasitəsi ilə səpin aparılacaq torpaqların düzgün şümlanması, hamar vəziyyətə gətirilməsi, effektiv gübrələmə və səpinin aparılması prosesi nümayiş etdirilib. Yeni səpin texnologiyası ilə bağlı fermerləri maraqlandıran suallar cavablandırılıb. Müəssisədə holland və alman şirkətləri ilə birgə layihə hazırlanıb. Görülən əyani təbliğat işlərinin və fermerlərin marağının nəticəsi olaraq indi artıq Almaniyadan və Kənan Səmədlinin dəvəti ilə Hollandiyadan gətirilmiş yeni nəsil “New Holland Hillside” texnikalarıən ağır struktura malik olan torpaqların belə şumlanaraq hamarlanmasını həyata keçirirlər.
Bir il əvvəl RAEİM-nin toxumçuluq fəaliyyəti ümumən dayanmışdı. Toxum təchizatında çatışmazlıq fermerləri narahat edir, onların haqlı narazılıqlarına səbəb olurdu. Kənan Səmədlininhəyata keçirdiyi məqsədyönlü təşkilati işlər hesabına bu istiqamətdə əməli adddımlar atıldı və müəssisənin toxumçuluq fəaliyyəti bərpa olundu.
Son bir il ərzində bir çox əkinçilik istiqamətləri üzrə məhsuldarlıq iki dəfə artıb. Məsələn bir il öncə qarğıdalının məhsuldarlığı hektardan 15 sentner idisə, bu il suvarma suyu ilə təminat sarıdan çətinlik olmasına baxmayaraq (Əsas suvarma suyu mənbəyi olan Yuxarı Şirvan kanalından suyun verilməsində obyektiv səbəbdən müəyyən məhdudiyyətlər olub) məhsuldarlıq 35,7 sentnerə çatdı. Bu göstərici Kürdəmirdə birinci dəfə idi.
Qeyd edək ki, ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkin aparılaraq strukturunun yaxşılaşdırılması, fermerlərin daha çox gəlir əldə edərək əvəzində ölkədə yem ehtiyatının daha da zənginləşdirilməsi məqsədilə bu ilin yayında təkrar qarğıdalı əkinlərinin aparılması üçün fermerlərə toxum dəstəyinin verilməsi qərara alınıb. Hesablamalar göstərir ki, Aran iqtisadi rayonu üzrə, təxminən, 100 min hektar­da təkrar qarğıdalı əkini aparmaq üçün potensial mövcuddur. Taxıl biçini başa çatdıqdan sonra boş qalan ərazilərdə təkrar qarğıdalı əkini aparan fermerlərə toxum təminatını ödəmək məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait ödənilib. Toxumu fermerlər özləri alıb, vəsait isə onların “Fermer kartı”na Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən köçürülüb.
Bütün bunlar onu göstərir ki, kənd təsərrüfatı naziri cənab İnam Kərimovun etimadını doğruldan Kənan Səmədli direktor təyin olunandan sonra Kürdəmir RAEİM regionun iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə elmi-metodik dəstəyin göstərilməsi, kənd təsərrüfatının innovativ tələblərə uyğun formalaşdırılması və regionda kənd təsərrüfatının innovativ inkişafı sahəsində sistemli tədbirlərin görülməsi, iqtisadi, sosial və regional siyasətin həyata keçirilməsi, şəffaflığın və çevikliyin təmin edilməsi vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Cənnət Cənnətov



Məlumatlanmaq üçün Facebook səhifəmizi

71 139 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2020
24-11-2020