Mobil versiya
Turqut Xəlilbəyli – Vətən müharibəsinin ilk şəhid həkimi
Tarix: 13-10-2020 | Saat: 11:26
Bölmə:Manşet / Səhiyyə / Seçilənlər-9 | çapa göndər

Turqut Xəlilbəyli – Vətən müharibəsinin ilk şəhid həkimi






Xəlilbəyli Turqut Nadir oğlu 1993-cü ilin iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yəngicə kəndində dünyaya göz açmışdı. Hələ uşaq vaxtlarından Turqut Vətənə, torpağa olan sevgisiylə öz həmyaşıdlarından xeyli seçilirdi. İllər ötür, Turqut yeniyetməlik, gənclik çağlarına qədəm qoyur. Özü ilə birgə Turqutun Vətənə, müqəddəs bayrağımıza olan sevgisi də böyüyür. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra bir tərəfdən insan həyatına verdiyi yüksək dəyər, digər tərəfdən də hərb sənətinə olan böyük marağı gənc Turqutun peşə seçiminə öz təsirini göstərir. Tibb Universitetinə daxil olan Turqut Xəlilbəyli burada hərbi həkim ixtisasına yiyələnir.

Qohumları, doğmaları deyirlər ki, Turqutun bu sənəti seçməyində onun sonsuz rəğbət bəslədiyi və pərəstiş etdiyi yaxın qohumu, ehtiyyatda olan Tibb xidməti polkovnik-leytenantı Çingiz Məmmədovun da böyük təsiri olub. Belə ki, Turqut həyatda özünün idealı bildiyi bu şəxsdən daima məsləhətlər alar, həyat əhəmiyyətli seçimlər edərkən onun rəyini mütləq öyrənərdi.



Ali məktəbi bitirdikdən sonra Tibb xidməti leytenantı Turqut Xəlilbəyli Beyləqan korpusunun hərbi hissələrindən birində xidmətə başlayır. Bu ilin sentyabr ayının 27-dən, Vətən müharibəsi başlanan ilk gündən isə Turqut Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılır. Burada da Turqut Xəlilbəyli öz ideallarına sadiq qalır. Belə ki, o, hərbi əməliyyatlarda bilavasitə iştirakına baxmayaraq, can almır, əksinə can qurtarır. Az bir müddət ərzində Turqut Xəlilbəyli dəfələrlə yaralı əsgər və zabitlərimizi döyüş zonasından çıxararaq onları xilas edir.

Oktyabr ayının 4-də Turqutun atası Nadir Xəlilbəyli və onun böyük rəğbət bəslədiyi qohumu Çingiz Məmmədov döyüşçülərimizə mənəvi dəstək göstərmək məqsədilə cəbhə bölgəsində olurlar. Taleh elə gətirir ki, onlar burada Turqutla da görüşürlər. Qısa sürən görüşün sonunda Turqutun öz doğmalarına dediyi son kəlmələr bunlar olur: “Bizdən nigaran qalmayın. Bir yaralımızın da ölməsinə imkan verməyəcəyəm. İnşaAllah Qarabağı alandan sonra görüşərik.”



Lakin bu görüş Turqutun öz doğmaları ilə son görüşü olur. Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla məşğul olur. Həmin gün o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenanat Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur. Can qurtaran qəhrəman həkimimiz döyüş dostlarının uğurunda, Vətən uğrunda öz canını fəda edir.

Azərbaycan digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenanat Turqut Xəlilbəylini də heç zaman unutmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024