Mobil versiya
Makronun ermənipərəst bəyanatları mürtəce kolonial siyasətin aşkar təcəssümüdür
Tarix: 09-10-2020 | Saat: 13:16
Bölmə:Manşet / Seçilənlər-1 | çapa göndər

Makronun ermənipərəst bəyanatları mürtəce kolonial siyasətin aşkar təcəssümüdür



Fransa prezidenti Emmanuel Makronun aşkar ermənipərəst bəyanatları bu günədək bütün dünyaya sülhün və insanpərvərliyin təcəssümü kimi təqdim edilən “Avropa dəyərləri”nin, məhz fransız variantında, əslində çürümüş kolonializm siyasətinin qalıqları üzərində yenidən qurulmasına cəhd edilən və insan hüquqlarının əzilməsinə yönəldilən bir ideologiyadan başqa bir şey olmadığını nümayiş etdirir. Əlbəttə, Fransa dövlət başçısının məsuliyyətsiz bəyanatlarına görə nə fransız xalqı, nə də digər Avropa dövlətləri məsuliyyət daşıya bilməzlər. Bununla belə bütün dünyada qəbul edilmiş və hər kəsin, xüsusilə də münaqişə zonasında sülhün bərqərar edilməsi yönümündə üzərinə öhdəlik götürmüş bir dövlətin başçısının mütləq şəkildə əməl etməli olduğu prinsiplər vardır. Və əgər həmin dövlət başçısı hansısa erməni elektoratının səsini əldə etmək naminə bu prinsiplərdən geri çəkilirsə, bu zaman onun nə Avropa dövlətlərinin təmsilçisi, nə də fransız xalqının lideri kimi çıxış etməyə heç bir mənəvi haqqı yoxdur.

Bildiyimiz kimi, Fransa 1997-ci ildən Qarabağ münaqişəsinin dinc yolla həllini təmin etmək məqsədilə yaradılmış Minsk Qrupunun həmsədri kimi təsdiq olunub. Yaxşı, bəs aradan keçən bu 23 il ərzində Fransa bu istiqamətdə hansı addımlar atıb? Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçın və məcburi köçkünlərimizin öz daimi yaşayış yerlərinə qaytarılması üçün Fransa hansı təkliflər irəli sürüb? Ermənistana qarşı işğalçı dövlət kimi hansı bir sanksiyanın tətbiq edilməsini müzakirəyə çıxarıb? Bu deyilənlərdən heç birini Fransa Minsk Qrupunun həmsədri kimi yerinə yetirməyib. Əksinə, bu ölkənin bütün fəaliyyəti ermənilərin işğal etdikləri ərazilərdə möhkəmlənməsinə, BMT-nin qətnamələrinə və digər beynəlxalq hüquqi-normativ aktlarına əməl etməmələrinə görə cəzasız qalmalarına, Azərbaycan ərazilərində törətdikləri soyqırımı və digər bəşər əleyhinə cinayətlərinin ört-basdır olunmasına yönəldilib. Məhz elə bu səbəbdən də Fransa indiyədək Xocalı soyqırımını da tanımayıb. Bunun əvəzində isə Fransa parlamenti 2011-ci ildə qondarma erməni soyqırımını tanımaqdan imtina edən fransızların və hətta bu ölkənin vətəndaşları olmayan insanların cinayət məsuliyyətinə cəlb olunmasına dair absurd bir qərar qəbul edib. Bumudur dünya şöhrətli fransız demokratiyası?!

Bu gün biz gündəlik xəbərlərdə tez-tez belə bir başlığın keçdiyini görürük – “Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib” və bunun ardınca: “Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.” Aydındır ki, bütün bu zənglərin yeganə məqsədi Azərbaycanın öz hərbi əməliyyatlarını dayandırmasına nail olmaqdır. Bu zaman belə bir sual yaranır, nəyə görə Fransa indiyədək Azərbaycan torpaqlarının işğalçı erməni qoşunları tərəfindən zəbt olunmasından narahat olmurdu? Nəyə görə Fransa indiyədək bircə dəfə olsun belə Ermənistan ordusunun Azərbaycan torpağından çıxarılması üçün bir təkliflə belə çıxış etməyib? Nəyə görə Fransa prezidenti ən azından son bir ildə ermənilərin Azərbaycanın sərhəd rayonlarında və cəbhəyanı bölgələrdə törətdikləri təxribatlara qarşı bircə dəfə olsun belə çıxış etməyib və bu təxribatlar nəticəsində Azərbaycan vətəndaşlarının, mülki şəxslərin öldürülməsinə dair erməniləri qınayacaq heç bir fikir söyləməyib? Göründüyü kimi suallar çoxdur. Amma bütün bu sualların tək bir cavabı var – Fransanın bugünkü mövqeyi açıq-aşkar, birtərəfli və qərəzli şəkildə Ermənistanın maraqlarına xidmət edir və artrıq bu ölkənin Minsk Qrupunun həmsədri mandatına sahib olmasının vasitəçilik missiyasının icrası baxımından heç bir anlamı yoxdur. Çünki Fransa bu gün birmənalı olaraq işğalçının yanındadır.

Bu məqamda mən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünən “Euronews” televiziyasına verdiyi müsahibəsində ifadə etdiyi və təkcə Makronu deyil, bütün Avropa liderlərini düşündürməli olan bir fikri bir daha diqqət mərkəzinə çəkmək istərdim: “Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.” Budur indi hər kəsi narahat etməli olan əsas məsələ. Görəsən ermənilər kimə arxayın olub bu hücumlarını həyata keçiriblər? Əlbəttə ki, Azərbaycan ordusu adekvat tədbirlər görməli, öz ölkəsinin ərazisini, öz vətəndaşlarını müdafiə etməlidir və edir də. Dövlət başçımızın da qeyd etdiyi kimi: “Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.”

Fransa isə, əgər özünün sülhün və beynəlxalq əməkdaşlığın “qarantı” kimi dünyaya təqdim etmək iddiasındadırsa, yaxşı olardı ki, ilk öncə özünün ötən iki əsr ərzində Əlcəzairdə, Vyetnamda, Çadda, Qabonda, Tunisdə və Kamerunda törətdiklərinə hüquqi qiymət versin.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024