Qalib Rəhimli: Qardaşsız toy Sənədli hekayə
Tarix: 20-10-2025 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər

(Şəhid Yunis Kazımovun əziz xatirəsinə)
Kəmərli kəndi bu səhər bir başqa idi. Payız günəşi Kəmənd qayalıqlarına yüngülcə toxunur, uzaqda görünən meşədəki ağacların gecə üşüyən qızılı yarpaqlarını isidirdi. Elə bil torpağın hər daşında, hər addımında bir xatirə oyanırdı. Qazaxın bu sərhəd kəndi çox səsi, çox atəşi, çox sükutu görmüşdü. Kəndin yollarında toz yox idi, amma bir qəribə sakitlik dolaşırdı-elə bil hər şey bu axşamı gözləyirdi. Həyətlərdən birindən qara zurnanın səsi gəlirdi, uşaqlar bayraqlı maşınlara tamaşa edirdilər. Qara zurnanın səsi gələn evin həyətində gülüşlə kədərin bir-birinə qarışdığı bir ab-hava asılmışdı. Bu günkü sükut fərqli idi. Çünki bu gün toy idi. Toy və sükut... Bu, anlaşılan deyildi. Bu toy qardaşsız toy idi. Toy Yunissiz keçirilirdi...
Bəy-Rəşadət (Şaşa. Bəyə Şaşa deyə müraciətin də çox acılı və nisgilli səbəbi var.) güzgü önündə dayanmışdı. Paltarının yaxasını düzəldərkən bir anlıq baxışları divardakı şəkilə ilişdi. Şəkildəki gülümsər baxışlar çox doğma idi. Şəhid qardaşı Yunis ona baxırdı, sanki “Dayan, mən burdayam” deyirdi. Rəşadət asta addımlarla şəklə yaxınlaşdı:
-Qardaş, bu gün mənim toyumdur... Amma elə bilirəm, hər addımımda sənin ayaq səslərin var.
Bəyin anası Fəxriyyə xanım içəri girdi. Sanki hər gün bu səhnəni yenidən yaşayırdı. Gözlərinin dərinliyində həm sevinc, həm də ürəyini sıxan, az qala çatladan bir kədər vardı.
-Oğlum, qardaşın baxır sənə. Bil ki, hər qonağın gəlişində, hər dua səsində Yunis var.
Bu zaman qapıdan şəhid atası, bəyin atası Qasım kişi göründü. Gümrah olsa da baxışları yorğun idi. O baxışlar Birinci Qarabağ müharibəsinin səngərlərindən qalmışdı. Qasım kişi vaxtilə elə bu kəndin sərhədlərini qoruyarkən torpağın soyuğunu, barıtın qoxusunu sinəsinə çox çəkmişdi. O, oğluna yaxınlaşdı, əlinə toxundu:
-Rəşadət, yadındadır, Yunis də, sən də uşaq olanda mən gecə-gündüz səngərdə olurdum. Həmişə dua edirdim ki, siz böyüyəsiniz, bir daha müharibə, qan-qada, ölüm-itim görməyəsiniz... Amma tale elə gətirdi ki, qardaşın mənim yolumu – Vətən yolunu getdi. O, şəhidlik zirvəsinə ucaldı, sən isə bu gün onun ruhunun önündə ailə qurursan. Qoy bu toy onun da, adını daşıdığın əminin də ruhuna nur, sizə isə bərəkət gətirsin.
Rəşadətin səsi titrədi:
-Ata, mənim toyum bu gün qardaşsız olur. Hara baxıramsa, Yunisi görürəm...
Qasım kişi baxışlarını bir anlıq uzaqlara dikdi. Gözləri qarşısına bir səhnə gəldi. Şuşa qalasının yuxarısında bir əsgər siluetini gördü. O əsgər əlindəki üçrəngli bayrağı dalğalandıraraq ucalığa doğru qaçırdı. Bayraq küləklə birləşdi, sanki göylərin bağrına sancıldı. O səhnə Qasım kişinin gözləri önündə Yunisin ömrünün ən uca anı kimi canlandı. Elə bil o an torpaq da nəfəs almış, azadlığın qoxusunu duyaraq canlanmışdı. Rəşadətin könlündə də həmin mənzərə oyanmışdı-qardaşının Şuşa səmasında dalğalanan bayrağı onun üçün həm qələbə, həm də ayrılığın rəmzi idi.
Qasım kişi pıçıltı ilə dedi:
-O, o bayrağı təkcə Şuşanın inzibati binasına yox, bizim qəlbimizə sancdı, oğlum... O bayraq indi də ordadır – elə Yunisin ruhu kimi.
Balaca Əli – Yunisin oğlu – həyətin bir küncündə bayraqla oynayırdı. Bayrağı yuxarı qaldırıb uşaq səmimiyyəti ilə deyirdi:
-Mənim atam da toydadır. Amma o, göylərdədir, ordan baxır bizə. Hamımızı görür. Ana göz yaşını gizlətməyə çalışdı. Qasım kişi baxışlarını göyə dikdi:
-Hə, oğlum, baxır. Göylərdən baxır, bu torpağın hər qarışında sənin atanın nəfəsi var.
Toy karvanı yola düzəldi... Kəmərlinin dar yolları bu dəfə bir rəmz kimi-həm ayrılığın, həm də qürurun yolu idi. Qara zurnanın, qarmonun səsi kəndin dağlarından, bulaqlarından əks-səda verirdi. Hər evin qapısından əl yelləyənlər vardı: “Allah xoşbəxt eləsin!” — deyənlərin gözlərində bir “Allah rəhmət eləsin” də gizlənmişdi.
Karvan Qazax–Fərəhli yolunun kənarındakı “Qızıl Qaya” şadlıq sarayına doğru irəliləyirdi. Maşınların üzərində dalğalanan bayraqlar sanki Yunisin ruhuna salam göndərirdi. Rəşadət arxaya baxdı-uzaqda bir kölgə vardı. Gülümsəyirdi. Əsgər geyimində, nur içində bir kölgə... Bu, Yunis idi.
“Qızıl Qaya”da musiqi yüksəldi. Amma o səsdə kədər qarışıq bir dərinlik vardı — elə bil hər zərbə bir ürək döyüntüsünü xatırladırdı. Balaca Əli toy səhnəsinə çıxıb bayrağı qaldırdı:
-Bu, atam üçündür! – dedi uşaq sadəliyi ilə.
Zalda sükut çökdü. Sonra alqışlar göylərə qalxdı, amma o alqışlarda göz yaşının səsi, izi vardı.
Ana başını göyə qaldırdı:
-Oğlum, görürsənmi? Bu toy sənin ruhunun işığı ilə aydınlanır.
Qasım kişi sakitcə ayağa qalxdı. Səsi ağır, amma inamlı idi:
-Mən o vaxt bu torpağı qorudum ki, siz güləsiniz. İndi bilirəm, oğlum şəhid olsa da, torpaq güvəndədir. Mənim qürurum, mənim fəxrim sizsiniz — biri şəhid, biri bəy, biri də balaca Əli...
…Gecə kəndin üzərinə endi. Külək kəndin üstündən keçib Kəmərlinin dağlarını, meşələrini dolaşdı. Sanki hər təpədən bir səda yüksəldi:
-Şəhidlər ölmür...
Bayraq dalğalandı, ulduzlar parladı. Və kəndin sükutu içində bir səs eşidildi — elə bil kimsə pıçıltıyla dedi:
-Qardaşsız toy yoxdur. Çünki şəhidlər heç vaxt ölmür, Vətəndən, ocaqdan getmir. Yunis də getməmişdi-qardaşının toyunda idi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər