Mobil versiya
“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəldilmiş siyasətin davamıdır
Tarix: 30-09-2020 | Saat: 14:50
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəldilmiş siyasətin davamıdır





M.Məmmədov: “Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəklədikləri və onun yanında olduqları barədə birgə bəyanat imzaladılar”


Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq cəbhədə törədilən növbəti erməni təxribatından sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başlayıb. Artıq iki gündür ki, ölkədə hərbi vəziyyət elan olunub. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Əlbəttə ki, bu Fərman Azərbaycan Ordusunun işğalçı erməni silahlı qoşunlarına qarşı, torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüşlərdə zəfər qazanması baxımından böyük siyasi və hərbi əhəmiyyət kəsb edir. İlk növbədə bu Fərman özündə valq, dövlət və ordu birliyinin sarsılmazlığını təcəssüm etdirir.

Bu gün yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanımızın cəbhəyə könüllü getmək üçün səfərbərlik xidmətinə müraciət etmələri də Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hər zaman hazır olduğundan xəbər verir. Ölkə Prezidentinin Hərbi vəziyyətlə verdiyi Fərman isə erməni işğalının qarşısını almaq məqsədilə aparılan siyasətin məntiqi davamıdır. Bu Fərmanın tələblərinə riayət etmək isə artıq hər bir Azərbaycan vətəndaşının borcu və şəxsi məsuliyyətidir.

Bütün dünya buna şahiddir ki, Azərbaycan dövləti mövcud münaqişənin sülh yolu ilə həllinə nail olmq üçün bütün imkanlardan istifadə etdi. 30 il biz Qarabağ həsrətilə yaşadıq. Analarımız dünyaya Qarabağı görməyən qarabağlılar gətirdi. Dədə-baba torpaqlarından qovulan ağsaqqalarımız, ağbirçəklərimiz bu həsrətlə dünyalarını dəyişdilər. Amma erməni işğalçıları ipə-sapa yatmadılar, geri addım atmadılar. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar da haqqımızı görməzdən gəldilər.

Lakin dövlətimiz də bütün bu illər ərzində ədaləti sadəcə beynəlxalq təşkilatlardan gözləməklə kifayətlənmədi. Bu illər ərzində Azərbaycan inkişaf etdi, gücləndi, özünə dostlar qazandı. Bu gün Azərbayanın həqiqətən də güclü, müasir silahlarla silahlamış ordusu, bu ordunu zəfərlərə doğru apara biləcək bacarıqlı Ali Baş Komandanı və ən əsası da öz Prezidentinə inanan, öz Komandanının arxasında sonadək durmaqda qərarlı olan xalqı var. Elə ölkədə hərbi vəziyyətin tətbiq olunması barədə imzalanmış Fərmanın xalq tərəfindən yekdilliklə dəstəklənməsi də dünya ictimaiyyətinə ünvanlanmış bir siyasi mesajdır.

İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman tolerantlıq, irqi və dini dözümlülük, mədəniyyətlərarası dialoq və digər bu kimi sülhsevər ideyalara yüksək dəyər verib. Bu gün Azərbaycan Ordusunun apardığı ədalətli azadlıq müharibəsi də məhz bu dəyərlərin qorunmasına, regionda sülh və əmin-amanlığın bərpa olunmasına xidmət edir.

Bu gün Azərbaycanda hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı imzalanmış Fərman həm də ölkəmizdə milli birliyin və siyasi həmrəyliyin bariz bir göstəricisi oldu. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəklədikləri və onun yanında olduqları barədə birgə bəyanat imzaladılar. Bəli, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəldilmiş siyasətin davamı olaraq bir daha açıq-aşkar ona dəlalət edir ki, Azərbaycan xalqı və Azərbaycan hökuməti öz tarixi seçimini edib və bu seçim haqqın və tarixi ədalətin bərpa olunması barədə yeganə düzgün qərardır.

Məşhur Məmmədov
Millət vəkili,
Milli Məclisin İntizam Komissiyasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi

82 057 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2020