Mobil versiya
Könül Nurullayeva: “Ermənistanın işğalı minlərlə uşağı təhsildən məhrum edib”
Tarix: 11-09-2020 | Saat: 15:10
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Könül Nurullayeva: “Ermənistanın işğalı minlərlə uşağı təhsildən məhrum edib”

"BMT tərəfindən 9 sentyabrın Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilməsi həqiqətən çox aktual və vacib məsələdir. Burada ilk növbədə söhbət mövcud çətinliklərə rəğmən uşaqların təhsil almaq hüququnun qorunub saxlanmasından gedir".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan Uşaq Hüquqları Konvensiyası və Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşıdır: "Ölkəmiz qətiyyətlə uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir. Təəssüflə qeyd etməliyik ki, Ermənistanın işğalçılıq siyasətinin təhsil sahəsinə vurduğu zərər humanitar terrorun tərkib hissəsidir. Məhz bu işğal siyasəti nəticəsində minlərlə uşaq öldürülüb və ya təhsil almaq hüququndan məhrum edilib. Bu işğal siyasəti eyni zamanda Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. İşğal olunmuş ərazilərimizdə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. Ermənistan cəbhə xəttinə yaxın bölgələrdəki mülki əhalini, xüsusilə uşaqları intensiv olaraq atəşə tutur. Təsadüfi deyil ki, atəşkəs dövründə 40-a yaxın uşaq erməni snayperinin qurbanı olub. 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın ürək ağrıdan fotoları dünya mediasında da yayılıb və beynəlxalq ictimaiyyət bu foto-faktlar əsasında Ermənistanın terrorçu mahiyyətini bir daha görmüş oldu".

K.Nurullayeva vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəbə ciddi ziyan dəyib: "Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb isə dağıdılıb. Bir sözlə, bu gün BMT-nin timsalında dünyanın ən ali qurumunun təhsili hücumdan qorumağın yollarını axtardığını görürük. Azərbaycan isə 30 ilə yaxındır məhz öz imkanları hesabına Ermənistanın həm də təhsil sahəsinə vurduğu zərəri aradan qaldırır. Mövcud vəziyyət bir daha beynəlxalq ictimaiyyətin Ermənistanın işğal siyasətinin nəticələrinə diqqət yetirməyi, təcavüzkar ölkəyə məsuliyyətini xatırlatmağı tələb edir. Rəsmi Bakının bəyan etdiyi kimi, həm işğalçı ölkə, həm də BMT başda olmaqla bütün beynəlxalq qurumlar anlamalıdır ki, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan birbaşa məsuliyyət daşıyır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024