Mobil versiya
Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut etdi
Tarix: 13-07-2020 | Saat: 20:12
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut etdi

Artıq xəbər verildiyi kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Deputat bildirib ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Birmənalı şəkildə demək lazımdır ki, bu gün işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı növbəti təxribat xarakterli bu addımın kökündə Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində yaranmış, eləcə də COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi durur. Bu həqiqət öz əksini iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə videokonfrans formatında keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının çıxışında aydın şəkildə tapıb.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası bu gün baş tutub. Olduqca xarakterik bir məqamdır ki, bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədiyi halda, məhz Ermənistan onun əleyhinə çıxıb və bir daha özünü rüsvay edərək yenidən dünyadan təcrid olunub. Ermənistanın bu addımının bütün insanlıq əleyhinə bir qərar olduğunu məharətlə ifşa edən dövlətimizin başçısı bu məsələyə münasibətini bildirərək deyib: “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.

Məlumdur ki, bu gün Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Digər tərəfdən də Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onlarda, eləcə də digər xarici ermənipərəst qüvvələrdə paxıllıq və qısqanclıq hisslərini daha da gücləndirir. Dövlətimizin başçısının bugünkü çıxışında da dediyi kimi, xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Ölkəmizin diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması işğalçı Ermənistan dövlətini əlbəttə ki, narahat edir.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında mütəmadi olaraq istər bu gün yaşanan münaqişənin, istərsə də ümumilikdə bölgənin tarixi ilə bağlı gətirdiyi konkret fakt və dəlillər, inkarolunmaz əsaslandırmalar, əlbəttə ki, erməni təbliğatını tamamilə alt-üst edir. Məhz dövlətimizin başçısının səyləri nəticəsində bu gün artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Dünən Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat isə rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutundan başqa bir şey deyildir və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalıdır.

Sonda Azərbaycan-Ermənistan sərhədində baş vermiş 12 iyul təxribatına dair bir məqama da xüsusilə toxunmaq istərdim. Aydındır ki, bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hətta sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar da səslənib. Əlbəttə, bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Şəxsən mən özüm də zərurət yarandığı təqdirdə heç bir tərəddüd etmədən ehtiyatda olan tibb işçisi kimi ordumuzun tərkibində Vətən qarşısında borcumu verməyə hər an hazıram.

Lakin unutmaq lazım deyil ki, biz artıq 1990-cı illərin əvvəllərində deyilik. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır. Düşünülməmiş addımlar, xaotik təşəbbüslər isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz və ordumuz barədə müxtəlif uydurmalar yaratmağa yol aça bilər. Biz isə buna yol verməməliyik.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən öz yerini göstərəcəyik.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024