Mobil versiya
Dünya birliyi qlobal problemlərin həllinə böyük töhfə verən Azərbaycanın haqq işinə siyasi dəstəyini əsirgəməməlidir
Tarix: 11-07-2020 | Saat: 20:58
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Dünya birliyi qlobal problemlərin həllinə böyük töhfə verən Azərbaycanın haqq işinə siyasi dəstəyini əsirgəməməlidir





Bütün bəşəriyyəti narahat edən koronavirus pandemiyası (COVİD-19) insanların sağlamlığını təhlükə altına qoyan ciddi problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ xeyli müddət hiss olunacaq kəskin qlobal sosial-iqtisadi və humanitar böhran yaratmışdır. Dünya savaşı ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünütəcrid xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac duyulur.

Gənc, amma eyni zamanda dünyada böyük nüfuz və etimad sahibi olan dövlət sayılan Azərbaycan Respublikası pandemiyanın başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürmüş və əməli addımlar atmışdır. Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib.

Ümumiyyətlə, son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə həssas yanaşma müşahidə olunur ki, bunun da əsas səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti özünün kürəsəl həmrəylik mesajları ilə dövlətləri ümumi düşmənə qarşı birlikdə mübarizə aparmağa çağırdı ki, bu da Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünyada gedən prosesləri, bu proseslərin nəticələrini və tənzimlənməsi yollarını əvvəlcədən görə bilmək, qiymətləndirmək istedadına, fenomen təfəkkürə malik olan, rəhbərlik, idarəçilik imkanları bir ölkənin, bir beynəlxalq qurumun hüdudlarına sığmayan Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin aprel ayının 10-da Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirirdi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dünya ölkələri yekdilliklə razılıq vermiş və təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130-a qədər BMT-yə üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistanın qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməsi isə onun dünya dövlətləri arasında eynən Valday, Münxen və digər beynəlxalq tədbirlərdəki kimi rüsvay olması, əsl irticaçı mahiyyətinin üzə çıxması ilə nəticələndi. Əlbəttə, işğalçı dövlətin bu mövqeyi təklifin qəbul olunmasına zərrə qədər də təsir göstərmədi. Yada salmağa dəyər ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində terrroru dəstəkləyən dövlət kimi Ermənistanın baş nazirini növbəti dəfə faktlarla ifşa etmişdi. Məhz Paşinyanın məkrli, səhv siyasətinin nəticəsidir ki, Ermənistanda koronavirus hər gün onlarca can alır. Bu xəstəliyə get-gedə daha çox insan yoluxur.

Zirvə görüşünə qatılan BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Xatıradaq ki, 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilmişdir. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

Gözünü böyük, qüdrətli dövlətlərə dikmiş bəşəriyyət onlardan birlikdə müdafiə təşəbbüsünü gözlədiyi halda, bu addımı Azərbaycanın dövlət başçısının atması, böyük bir məsuliyyəti üzərinə götürməsi təşəbbüsün müəllifi olmadıqları üçün bəzi siyasi dairələrdə qısqanclıq doğursa da, cənab İlham Əliyevin sayəsində Azərbaycanın dünya səviyyəsində hörmətini daha da artırdı, sülhsevər ölkə imicini möhkəmləndirdi. Heç kəsdə şübhə qalmadı ki, təkcə özümüm daxili və Qafqazın regional probleminin deyil, qlobal, ümumbəşəri problemlərin həllinə əhəmiyyətli töhfə verəcək qüdrətə malik Azərbaycan işğal altında olan ərazilərini düşmən tapdağından azad etməyə də qadirdir. Amma bu məqsədə nail olmaq üçün hərb yolu ölkəmizin sərgilədiyi bunca böyük sülhsevər siyasətlə uzlaşmır. Yəqin, dünya birliyi pandemiya üzərində qazanılacaq qələbədən sonra Azərbaycanın haqq işinə siyasi dəstəyini əsirgəməyəcək.

Artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmiş Xüsusi sessiyanın mümkün qədər tz keçiriləcəyinə, pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacağına və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəyinə ümidlər böyükdür. Söz yox ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək, Azərbaycan xalqı da öz Prezidentinin apardığı genişmiqyaslı, çoxşaxəli siyasəti bütün müstəvilərdə dəstəkləyəcəkdir.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024