Mobil versiya
Bəhruz Məhərrəmov: Qanunçuluğun durmadan möhkəmləndirilməsi həmişə Ulu Öndərin əsas məqsədi olmuşdur
Tarix: 15-06-2020 | Saat: 21:26
Bölmə:Siyasət | çapa göndər

Bəhruz Məhərrəmov: Qanunçuluğun durmadan möhkəmləndirilməsi həmişə Ulu Öndərin əsas məqsədi olmuşdur



Hər bir demokratik və dünyəvi dövlətdə Konstitusiya bütün münasibətlər üçün mərkəzi tənzimetmə mexanizmi və yol xəritəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi ilə təsbit edilmiş dövlətin ali məqsədləri sırasında ilk meyar kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi müəyyən olunmuşdur. Hüquq və azadlıqların səmərəli və keyfiyyətli təmini isə yalnız peşəkar hüquqşunas kadrlar hesabına mümkündür. Deməli, peşəkar və müasir tələblərə cavab verən hüquqşunas kadrların hazırlanması elə konstitusiyada təsbit edilmiş dövlətin ali məqsədlərdən birinin əsasını təşkil edir.
Nəzərə alsaq ki, 1995-ci il Konstitusiyamızın hazırlanması və qəbulu bir başa ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır, hüquqşunas kadrların hazırlığının Ümummilli Liderin siyasi fəaliyyətinin prioritetlərindən biri olduğunu desək yanılmarıq. Bu da təsadüfi deyil. Məlumdur ki, ümummilli liderin siyasi fəaliyyətini 2 fərqli formasiyaları əhatə edən dövrə bölünür. Sovet dövrü və müstəqillik illəri.
Tarixdən də bəllidir ki, ötən əsrin 50-60-cı illərində həyata keçirilən "planlaşma" adlı formal və zərərli elementlərlə zəngin siyasət nəticəsində hüquqşünas kadr hazırlığı minimal səviyyəyə enmiş, təcrübəli mütəxəssislərə ciddi ehtiyac yaranmışdı. Sovet rəhbərliyi məsələnin fərqinə çox gec 60-cı illərin əvvəllərində vardı. Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "Hüquq təhsilinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında" 16 iyun 1964-cü il tarixli Qərarında narahatlıqla vurğulanırdı ki, son illərdə ali təhsilli hüquqşünas buraxılışının sayı xeyli dərəcədə aşağı düşmüş, əyani şöbələrin məzunlarının sayı iki dəfədən çox azalmışdır və bu problem aradan qaldırılmalıdır. Bu Qərarın ardınca Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi dövlətlərdə problemin həlli istiqamətində addımlar atılsa da Azərbaycanda vəziyyət müsbətə doğru dəyişmədi. Üstəlik, Azərbaycanda hüquqşunaslıq "partiya elitası"-nın süni inhisarına keçmiş, Hüquq fakültəsinin qapıları yalnız dövlət məmurları və hüquq-mühafizə orqanları əməkdaşlarının övladlarından başqa faktiki olaraq hər kəs üçün bağlanmışdı. Ulu öndər hakimiyyətə gəldikdən sonra çox cəsarət tələb edən bir addım ataraq, Hüquq fakültəsinə qəbulda proteksiya və digər qeyri-sağlam halları aradan qaldırdı, nəticədə fakültə istedadlı və bacarıqlı gənclər üçün maksimum dərəcədə əlçatan oldu. Bununla da əvvəlki proteksionizm hesabına yetişən "saxta hüquqşunaslar" çoxluğundan fərqli olaraq yeni istedadlı hüquqşunas nəsli yetişmiş və bu gün də müstəqil Azərbaycanın hüquq-mühafizə orqanlarının yükü əsas etibari ilə məhz həmin insanların çiynindədir.

Ümummilli Liderin hakimiyyətə gəldikdən sonra ilk tədbirlərindən biri Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı oldu. Bu Qərarla orta və ali ixtisas məktəblərində hüququn əsaslarının tədrisi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsi ilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsi, hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində tədbirlər planı işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məhz bu tədbirlər nəticəsində hüquq fakültəsinin işi təqribən 6 ay ərzində ən yüksək səviyyədə təkmilləşdirilmiş, fakültənin ictimai və elmi-pedaqoji funksionallığı artmışdı.

Bu tədbirlərin davamı kimi, 1971-ci ildə Azərbaycan Dövlət Universitetində ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açıldı. Həmçinin tədbirlər çərçivəsində fakültənin professor müəllim heyəti Respublikanın şəhər və rayonlarında davamlı olaraq mühazirələrə cəlb edilməyə başladı. Bundan başqa ümummilli lider 1972-ci ildə professor-müəllim heyəti ilə müzakirələrdən sonra fakültəyə qəbul qaydalarında dəyişikliklər edilməsi, daha istedadlı gənclərin hüquq təhsilinə cəlb edilməsinə töhfəsini verir.

1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhər İK nəzdində Hüquqi Biliklər Universiteti fəaliyyətə başladı ki, bu da hüquqi maarifciliklə yanaşı eyni zamanda hüquqşunas kadrların təkmilləşdirilməsində və peşəkarlıq səviyyəsinin artırılmasında müstəsna rol oynadı.
Hakimiyyətinin ilk dövründə, XX əsrin 70-80-ci illərində Ümummilli lider minlərlə gəncin Respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə dair dönməz mövqeyi müstəqillik dövrümüzdə dövlət quruculuğunda, məhkəmə hüquq islahatları aparılarkən, dahi liderin uzaqgörənliyini bir daha nümayiş etdirdi. Məhz bu siyasətin davamı olaraq Hüquq fakültəsinin nəzdində "Sovet quruculuğu" ixtisası üzrə qiyabi şöbə yaradılmışdı. Bu günün prizmasından baxdıqda, müvafiq tədbir bizə dövrün, sosializm quruculuğunun adi tələblərindən biri kimi görünə bilər. Lakin əslində müvafiq şöbənin yaradılması ilə böyük lider əslində SSRİ-nin dahi hüquqşunaslarını, xüsusən Rusiya və Ukraynadan olan böyük alimlərin Azərbaycanda tədrisə cəlb edilməsinə nail oldu. Əgər nəzərə alsaq ki, xaricdə təhsil yalnız hər il bir qrup gəncə müyəssər olurdu, bu siyasi gedişlə isə "xaricdə təhsil" tandemi elə Azərbaycanda quruldu.

Ümumiyyətlə, Heydər Əliyevin hüquq təhsilinə xüsusi diqqəti, hüquq təhsilinin tamami ilə yenidən qurulması bir neçə səbəblə izah oluna bilər. İlk növbədə qanunçuluğun durmadan möhkəmləndirilməsi həmişə Ulu Öndərin əsas məqsədi olmuşdur ki, sir deyil ki, bu amil də hüquqşunas kadrların seçilməsi və hüquq təhsilinin möhkəm əsaslar üzərində qurulmasından, hüquqşunas kadrların seçilməsindən və onların bir mütəxəssis kimi keyfiyyətindən, bilik və hazırlıq səviyyəsindən asılıdır.

Heydər Əliyevin bu sahədə digər uzaqgörənliyi Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması və beynəlxalq hüquq üzrə ixtisaslı kadrların yetişdirilməsi olmuşdur. O dövrdə SSRİ miqyasında Moskva və Kievlə bərabər Bakının da diplomatlar və beynəlxalq hüquq üzrə ixtisaslı kadrlar hazırlayan bir mərkəzə çevruilməsi məhz ümummilli liderin siyasətinin bəhrəsi idi. Bu sahədə kadrların hazırlığında iki istiqamət mövcud idi:

Birincisi, bu sahədə tədrisi aparan alimlərin yetişdirilməsi,

İkincisi isə dünyanın 60-dan çox ölkəsi üçün (Yaxın Şərq, Asiya, Afrika,latın Amerikası və s) üçün milli kadrların hazırlanması. Təbii ki, bu gələcəyə hesablanmış addım idi və təsadüfi deyil ki, müstəqillik əldə edən zaman Azərbaycan dünyanın 10-larla iri beynəlxalq təşkilatlarında və xarici dövlətlərin mühim postlarında, Bakıda təhsil almış çoxsaylı nüfuzlu dostlara sahib idi.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin ikinci dövrü nisbətən daha ağır və keşməkeşli dövrə düşsə də, birinci dövrdə aparılan işlər fəaliyyətin bu dövrü üçün baza rolunu oynadı. Bu dövrdə hüquqşunas kadrların hazırlığı yeni dövrün tələblərinə daha çox uyğunlaşdırılmağa başlandı. Bundan başqa bazar iqtisadiyyatı şəraitində daha keyfiyyətli kadr hazırlığı üzrə rəqabət mühiti də ilk dəfə məhz ümummilli liderin hakimiyyətinin ikinci dövründə formalaşdırılmış, bu məqsədlə müxtəlif ali məktəblərdə hüquqşunas kadrların hazırlığına start verilmişdi.

Tarixdən bəllidir ki, bəzən çox mühim islahatlar sonrakı iqtidarlar dövründə fərqli yanaşmalar ucbatından yarımçıq qalır. Lakin, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Ümummilli lider Heydər Əliyevin milli, dünyəvi və demokratik dövlətçiliyə xidmət edən siyasəti özündən sonra da davam etmiş, hüquqşunas kadrların hazırlığı üzrə ötən əsrin 70-ci illərindən başlanan yüksəliş 2003-cü ildən sonra da davam etdirilmişdir.

Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən, hüquq təhsilinə xüsusi diqqət yetirən dövlətimiz bu sahədə kadr hazırlığını daha da önəm vermişdir. Hüquq elminin müasir tendensiyalarının tələblərinə uyğun olaraq yeni ixtisaslar açılmış, bu işdə Bakı Dövlət Universitetinin üzərinə xüsusi vəzifə qoyulmuşdur. Məhz cənab İlham Əliyevin hakimiyyəti illərində dövlət sifarişli yerlərin sayı artırılmış, həmçinin xaricdən dəvət olunmuş mütəxəsssislər hesabına ingilis dilində tədris aparılan ixtisaslaşmalar formalaşmış, beynəlxalq əlaqələr güclənmişdir. Azərbaycanda hüquq təhsilinə dövlət səviyyəsində dəstək və qayğı nüfuzlu hüquq məktəbləri üçün Azərbaycanı cəzbedici məkana çevirmiş, nəticədə ABŞ-ın , Almaniyanın hüquq məktəbləri eyni zamanda, Ukrayna, Türkiyə, Rusiya Federasiyası və s. dövlətlərin hüquq məktəbləri ilə də əməkdaşlıq əlaqələri hazlırda da inkişaf etdirilməkdədir. Bu çərçivədə 2011-ci ildə Almaniyanın Vürzburq Universiteti və BDU arasında Memaranduma uyğun olaraq ikili diplom proqramı çərçivəsində "Avropa hüququ" magistraturası Almaniyadan dəvət edilmiş mütəxəssislər tərəfindən həyata keçirilir. Həmçinin BDU və Amerika İnkşaf agentliyi arasında "Dənz və enerji hüququ" üzrə magistratura proqramının təşkili ilə bağlı 2012-ci ildə Memarandum imzalanmışdır. 2012-ci ildə isə Tülen Universiteti ilə, elə həmin ili Ankara Universiteti ilə ikili diploma dair memarandum imzalanmışdır. Bundan başqa, dahi liderin hələ sovet dövrundə formalaşdırdığı ənənəyə uyğun olaraq, hüquq fakültəsi nəzdində də "Hüquq klinikası" fəaliyyət göstərir və bu da tələbələrinin təcrübi biliklərinin artırılması ilə yanaşı, tədris zamanı əldə etdikləri nəzəri biliklərinin həyata keçirilməsində təcrübi imkanlara malik və peşə vərdişlərinə yiyələnmiş olur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cavidan Qafarovun şikayəti üzrə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 25 yanvar 2017-ci il tarixli məhşur Qərarı məhz həm də Hüquq Klinikasının fəaliyyətinin məntiqi nəticəsi hesab edilə bilər.

Hüquqşunas kadrların hazırlanması üzrə çox mühim naliyyətlərindən biri də Heydər Əliyev ideyalarının layiqli davamçısı, ölkənin birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə reallaşmışdır. Belə ki, Hüquq fakültəsində, ilk dəfə beynəlxalq statuslu "İnsan hüquqları və informasiya hüququ üzrə" UNESCO kafedrası açılmış, bu isə hüquqşunas kadrların hazırlanması üzrə yeni mərhələ kimi qiymətlədirilə bilər. Məhz bu kafedrada idman hüquq, turizm hüququ, informasiya hüququ kimi müasir tendensiyalarla ayaqlaşan yeni ixtisaslar üzrə kadr hazırlığına start verilmişdir.

Ümummilli lider tərəfindən əsası qoyulmuş və bu gün də davam edən dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, aparıcı ölkələrinin hüququqşunas hazırlığı üzrə təcrübələrdən mütləq faydalanılmalıdır. Lakin əsasən milli şərait nəzərə alınmalı, milli şərtlərə cavab verən, sonradan nihilist yanaşma nümayiş etdirmək riski olmayan müasir səviyyəli kadr hazırlığı prioritet olmalıdır. Son illər hüquq-mühafizə orqanlarının kadr təminatında müşahidə edilən tendensiyalara da diqqət yetirsək məhz bu amilləri müşahidə edə bilirik. Heydər Əliyevin hüquqşunas kadrların hazırlanması və onlardan istifadə üzrə qarşıya qoyduğu məqsəd də məhz bu parametrlərdən ibarət olduğu üçün bu sferanın əmin əllərdə olduğu, Heydər Əliyev siyasi xəttinə sadiq insanların səyləri ilə bu tendensiyanın daha uzun müddət davam edəcəyi heç kimdə şübhə doğurmur.

Bəhruz Məhərrəmov
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı
Hüquq üzrə fəlsəfə doktoru, dosent



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024