Mobil versiya
Heydər Əliyev – böyük xilaskar
Tarix: 12-06-2020 | Saat: 15:35
Bölmə:Gündəm / Seçilənlər-3 | çapa göndər

Heydər Əliyev – böyük xilaskar



Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Lakin müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Xüsusilə də, AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Azərbaycan vətəndaş müharibəsi astanasında idi… Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-i ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı səmərəli addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Nəticə etibarilə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə, Azərbaycanı parçalamaq, forposta çevirmək və öz korporativ maraqları əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular. Bir məqama xüsusi olaraq nəzər salmaq lazımdır. Belə ki, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın xarici əlaqələri genişlənməyə başladı, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndi. Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”. Uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Şübhəsiz ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir.

Səttar Möhbalıyev,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti,
millət vəkili




Məlumatlanmaq üçün Facebook səhifəmizi

92 503 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2020
02-07-2020