Mobil versiya
Vamiq Babayev: “Korrupsiya milli təhlükəsizlik problemi kimi iqtisadi, sosial və siyasi fəsadları ilə xarakterizə olunur...”
Tarix: 14-05-2020 | Saat: 14:15
Bölmə:Siyasət | çapa göndər

Vamiq Babayev: “Korrupsiya milli təhlükəsizlik problemi kimi iqtisadi, sosial və siyasi fəsadları ilə xarakterizə olunur...”




“Şəfəq” Ekotruzm İctimai Birliyinin prezidentinin müsahibəsi

- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar.
Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?


- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətli mövqeyini ortaya qoyaraq ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ hallara qarşı daha ciddi mübarizə aparılması, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi, cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli tədbirlərin gücləndiriləcəyini dəfələrlə vurğulayıb. O, hətta yeni təyin edilmiş icra başçılarını qəbul edərkən qeyd etmişdir ki, korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Cənab Prezident həmçinin vətəndaşlara müraciət edərək dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsi prosesində onları fəal iştiraka dəvət edərək həyata keçirilən islahatlara dəstək olmağa çağırmışdır. O, hətta 6-cı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında "Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatları, göndərin məktubları" və s. bu kimi çağırışlar edərək korrupsiyaya qarşı mübarizədə vətəndaşların da birmənalı olaraq işirakını önə çəkmişdir. Amma bu çağırışlara məhəl qoymayan yerli icra hakimiyyətlərinin bəzi vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən müntəzəm şəklidə sui-istifadə etməklə mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol vermələrinə dair məlumatlar əsasında DTX-nin Yevlax şəhəri və Ağstafa, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra hakimiyyətlərində apardığı əməliyyatlar təqdirəlayiqdir. Həbs olunan icra başçıları və digər vəzifəli şəxslərin təqribən oxşar cinayətləri törətmələri hamımıza bəllidir. Bütün bunların dövlət qurumunda çalışan vəzifəli şəxslər tərəfindən törədilməsi ikrah hissi ilə qarşılanır və onlara etimad göstərib, etibar edib bu vəzifəyə təyin edən cənab Prezidentə və xalqımıza qarşı bağışlanılmaz xəyanətdir.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Ümumiyyətlə müasir dövrdə korrupsiya cəmiyyətləri mənəvi deqradasiyaya sürükləməklə paralel olaraq gəlirlərin ədalətsiz paylaşmasında da katalizator rolunu oynamaqla, ciddi problemlərə təkan verir. Korrupsiyanın iqtisadi nəticələri ilk növbədə kölgə iqtisadiyyatının genişlənməsi ilə səciyyələnir. Bu zaman büdcəyə vergi ödənişləri az daxil olur və dövlət maliyyə yollarını iqtisadi idarəetmədə itirir, nəticədə büdcə göstəricilərinin azalması sosial problem yaradır və bu da öz növbəsində vətəndaşların rifah halının pisləşməsinə təsir edir. Korrupsiya əməllərinin qarşısı alınmadığı təqdirdə hüququn aliliyi prinsipi pozulur, cəmiyyətin mənəvi deqradasiyası sürətlənir - məmur özbaşınalığı daha geniş vüsət alır, qanunların hər an tapdanmasına yol açır, cəmiyyətin təməl dəyərlərini (vətənpərvərlik, insani xarakter, dövlətçilik, ailə münasibətləri, milli mənəvi və mədəni dəyərlər və s) deformasiyaya uğradır. Vətəndaş-dövlət münasibətlərində inamsızlıq yaranır, ölkənin beynəlxalq imici ləkələnir və nəticədə ölkəyə xarici investisiya axını əngəllənir. İnhisarçılığa yol açır – inhisarçılığın hakim olduğu iqtisadiyyatlarda isə sahibkarlığa maraq azalır, yeni iş yerlərinin yaradılması ləngiyir, büdcənin vergi daxilolmalarının artım tempi real imkanlara uyğun baş vermir. İctimai vəsaitlərdən səmərəsiz istifadəyə yol açır – ictimai vəsaitlərin korrupsiya predmetinə çevrilməsi, ölkənin sosial siyasətini sarsıtmaqla yanaşı, bu vəsaitlərin süni xərc maddələri üzrə xərclənməsini, gərəksiz layihələr üzrə xərcləmə hallarının artmasını sürətləndirir. Gəlirlərin ədalətli bölüşdürülməsi prinsipi pozulur, cəmiyyətdə ədalətsiz təbəqələşmə sürətlənir. Korrupsiya və rüşvət problemin sektorial deyil, daha genişmiqyaslı olmasını, həmçinin milli maraqları, dövlətçiliyi, beynəlxalq münasibətləri, iqtisadi və sosial sferanı, hökumət-vətəndaş münasibətlərini daim təzyiq altında saxlamaqla təbii inkişafı əngəlləyir. Belə ki, sadalanan bütün hallarda korrupsiya milli təhlükəsizlik problemi kimi iqtisadi, sosial və siyasi fəsadları ilə xarakterizə olunur. Məhz bu səbəbdəndir ki, müasir cəmiyyətimizdə korrupsiya və rüşvətlə mübarizə prioritet məsələlərdən biri olmaqla, bu istiqamətdə qətiyyətli mübarizə üsullarının tətbiqinə zəmin yaranıb.


- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

Korrupsiya halları təkcə icra hakimiyyətlərində deyil, bəzi nazirlikləri də əhatə edib. Bir neçə gün əvvəl Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin DTX əməkdaları tərəfindən saxlanılmaları, məhkəmənin qərarı ilə haqlarında həbs-qətiimkan tədbirinin seçilməsi mübarizənin bundan sonra daha güclü olacağından xəbər verir. Azərbaycan xalqının zəngin milli mənəvi və mədəni irsinin qorunmasının etibar edildiyi bir qurumda bu cür neqativ hallara yol verilməsi əlbətdə ki, cəmiyyətimiz tərəfindən haqlı narazılıqlara səbəb olmaya bilməzdi.

Qeyd edim ki, indiyədək ölkə ərazisində 6300-dən çox tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmış, 2000-ə yaxın yeni aşkar olunmuş abidələr isə siyahıya salınmışdır. Məlumata görə bunlardan 800-dən çox abidə və minlərlə eksponatlar eməni vandalizmi nəticəsində dağıdılıb, məhv edilib və bununla da Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Amma ən azından mövcud olan mədəni irsimizi, tarixi keçmişimizi qorumaq, gələcək nəsillərə ötürmək bizim vətəndaşlıq borcumuz və öhdəliyimizdir. Mədəni irsimizin yaşadılması baxımdan ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olmuşdur. Onun səyləri nəticəsində Azərbaycan xalqının çoxəsrlik maddi və qeyri-maddi mədəni irsi UNESCO-nun Reprezentativ siyahısına salınmış, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ölkə ərazisindəki bir sıra tarix və mədəniyyət abidələrimiz bərpa edilmişdir.

Bütün bunlara baxmayaraq son vaxtlar baş verən məlum neqativ hadisələr isə mədəniyyətimizin keşiyində duran bəzi məmurların öz şəxsi maraqları naminə mədəniyyətimizə və mədəni irsimizə laqeyd yanaşması görülən bütün işlərə kölgə salır və əlbətdə ki, bu da öz növbəsində ölkə rəhbərliyinin qəzəbinə tuş gəlir və eyni zamanda xalqımızın haqlı narazılığına səbəb olur.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra ölkə rəhbəri tərəfindən aparılan dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarına məqsədyönlü şəkildə başlanılıb. Əminliklə deyə bilərəm ki, hazırda bütün sahələrdə aparılan islahatların nəticələri həm ölkə vətəndaşları, həm də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bildiyimiz kimi islahat yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Bu islahatlar ölkəmizi daha da gücləndirir və gələcək dayanıqlı inkişafı şərtləndirir. Ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə tədbirləri daha intensiv xarakter almış, ölkəmizdə kölgə iqtisadiyyatından çıxılması, sosial-iqtisadi inkişafa nail olunması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam mühitdə qurulması, şəffaflıq və hesabatlılığın təmin edilməsi, dövlət qurumlarının fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi və digər istiqamətlərdə ardıcıl hüquqi, institusional və kadr islahatları uğurla həyata keçirilərək öz müsbət nəticəsini verməkdədir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

51 258 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}