Mobil versiya
“Vətəndaşlarımızın hökumətin çağırışlarına hörmətlə və məsuliyyətlə yanaşması problemin həlli üçün zəruri şərtlərdəndir”
Tarix: 03-04-2020 | Saat: 17:44
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Vətəndaşlarımızın hökumətin çağırışlarına hörmətlə və məsuliyyətlə yanaşması problemin həlli üçün zəruri şərtlərdəndir”




Mirəli Hüseynov: “Hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin əməkdaşlıq və qarşılıqlı anlaşma prinsipləri əsasında qurulması dövlətimiz və cəmiyyətimiz üçün ən məqbul variantdır”

Vətəndaş cəmiyyəti insanları maraqlandıran, narahat edən məsələlərin müzakirə olunub konkret həlli yollarının tapılmasına öz töhfələrini verməlidir. Çünki ictimai fəallar istər siyasi arena, iqtisadi sektor, istər hüquq sahəsi, istərsə də sosial və digər sferalarda kifayət qədər təcrübəli insanlardır. Onların öz araşdırmaları var, digər ölkələrin təcrübəsini bilirlər. Bənzər situasiyalarda necə davranıldığı ilə bağlı konkret reseptləri mövcuddur. Hazırda dünyada yaranmış vəziyyət elə təəssürat yaranır ki, hökumətlər, dünya səhiyyəsi və milli iqtisadiyyatlar koronavirus və “neft müharibəsi”nə hazır deyilmiş. Bu da əlbəttə ki, bir ümidsizlik yaradır. Amma rəyini örəndiyimiz ictimai fəallar bu prosesdə ümidsizliyə ehtiyac olmadığını, cəmiyyətimizin potensialının çox yüksək olduğunu bildirirlər. "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynovdan aldığımız müsahibə gələcəyə nikbin nəzərlərlə baxmağa əsas verir.

- Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Koronavirus bəşəri problem kimi ortaya çıxıb və bütün bəşəriyyətin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Qısa bir zamanda qlobal miqyas alması və özü ilə bərabər gətirdiyi acı nəticələr bu virusun nə qədər təhlükəli oldugunu və ona qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini ortaya qoydu. Problemə qeydi-ciddi yanaşan ölkələrin təcrübəsi adekvat və təxirəsalınmaz tədbirlərin görülməsində yubanmaların hansı təhlükəli nəticələrə gətirib çıxara biləcəyini əyani şəkildə göstərdi. Sevindirici haldır ki, Azərbaycan bu ölkələr kateqoriyasına aid olmadı. Problemə ən yüksək səviyyədə operativ reaksiya və həyata keçirilən tədbirlər ölkəmizdə pandemiyanın alovlanmasının qarşısını aldı. Vətəndaşlarımızın da problemin ciddiliyini anlaması və hökumətin “özünütəcrid” çağırışlarına hörmətlə və məsuliyyətlə yanaşması problemin həlli üçün zəruri şərtlərdəndir. Belə bir həssas məqamda hər bir kəsin öz məsuliyyətini dərk etməsi, məsuliyyətsiz davranışın onun özü, yaxınları və ümumilikdə cəmiyyətimiz üçün hansı təhlükəli nəticələrə səbəb ola biləcəyini yaxşıca düşünməsi çox vacibdir. Hər kəs “evdə qal” çağırışlarına ciddi şəkildə əməl etməlidir.



- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbayacanın dövlət maraqları ölkədə müxtəlif siyasi partiyaların mövcudluğunu zəruri edir. Çoxpartiyalı sistem cəmiyyətimizdə sabitliyin, inkişafın və vətəndaş sülhünün təmin edilməsində həyati vacib əhəmiyyətə malikdir. Bu sadə həqiqətin mövqeyindən asılı olmayaraq hamılıqla dərk edilməsi ölkəmizin inkişafının əsas şərtlərindəndir. Çox sevindirici haldır ki, son parlament seçkilərindən sonra bu istiqamətdə müəyyən təşəbbüslərin şahidi oluruq. Partiyalarla görüşlərin keçirilməsi və əməkdaşlıq çağırışlarının daha tez-tez eşidilməsi siyasi münasibətlərin sivil müstəvidə davam etdirilməsi istəyinin təzahürüdür. Bu özünün təsdiqini sadəcə görüşlərin keçirilməsində deyil, institusional əsasların yaradılmasında tapır. Prezident administrasiyasında siyasi partiyalarla əlaqələr şöbəsinin yaradılması partiyalarla münasibətlərin daha sistemli olmasına və ardıcıllığına zəmin yaradır. Hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin əməkdaşlıq və qarşılıqlı anlaşma prinsipləri əsasında qurulması dövlətimiz və cəmiyyətimiz üçün ən məqbul variantdır.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Parlamentdə müxalifətin rəhbər strukturlarda təmsilçilyi təqdirəlayiqdir. Demokratiya həm də azlığın maraqlarının nəzərə alınmasını tələb edir. Əslində azlıq dediyimiz bir parlament üzvünün arxasında təxminən 40 min seçici dayanır. Azlığın maraqlarının nəzərə alınmaması 1 nəfərin deyil, minlərlə seçicinin maraqlarının nəzərə alınmaması deməkdir. Azlıq partiya təmsilçilərinin rəhbər strukturlarda təmsilçiliyinin təmin edilməsi təqdirəlayiq hal hesab edilir.

Təəssüf ki, yeni parlamentin fəaliyyəti hamıya bəlli şəraitə təsadüf etdiyindən onların ilkin fəaliyyətlərindən çıxış edərək gələcək fəaliyyətini proqnozlaşdırmaqda müəyyən çətinliklər yaranır. Buna görə də parlamentin fəaliyyəti ilə bağlı fikirlərim sadəcə görmək istədiyim, arzuladığım parlament haqqında ola bilər. Görmək istədiyim hakimiyyət bölgüsü prinsipinə uyğun müstəqil hakimiyyət qanadı kimi fəaliyyət göstərən parlamentdir.

aia.az
Abbas Abbasov




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5190 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}