Mobil versiya
Azərbaycanda “AqroBank” niyə də olmasın..?
Tarix: 19-03-2020 | Saat: 15:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanda “AqroBank” niyə də olmasın..?



Bu gün Azərbaycanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi yönümündə dövlət tərəfindən davamlı olaraq irimiqyaslı layihələr həyata keçirilməkdədir. Xüsusilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından kənd təsərrüfatı məhsulları istehsal edən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərinin stimullaşdırılması məsələsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Etiraf olunmalıdır ki, son illər bu istiqamətdə həqiqətən də böyük işlər görülməkdədir. Bu sahəyə ayrılan güzəştli kreditlər, əlverişli lizinq şərtləri və bir sıra digər imtiyazlar aqrar bizneslə məşğul olan kiçik və orta sahibkarların maraqlarını təmin edir. Lakin digər tərəfdən də məhz aqrar təsərrüfatların maliyyələşdirilməsi məsələsində sanki bir boşluğun olması diqqəti cəlb edir. Ola bilsin ki, fermer təsərrüfatlarına kreditlərin ayrılması işi ilə daha çox bank olmayan kredit təşkilatlarının məşğul olması bu prosesin effektivliyini bir qədər azaldır. Məsələ bundadır ki, rayon və kəndlərdə təsərrüfat subyektlərinin kredit götürmək üçün likvid girov təqdim etməkdə çətinlik çəkmələri bu sahəyə kommersiya banklarının marağını xeyli məhdudlaşdırır. Bəs belə olan halda, alternativ variant kimi, kənd təsərrüfatı kreditləri üzrə ixtisaslaşan bir bankın yaradılması məsələsinə baxıla bilməzmi?



Qeyd edək ki, bu ideya heç də bir yenilik deyil. Məsələn, nümunə kimi Rusiyada “Rosselxozbank”ı (Rusiya Kənd Təsərrüfatı Bankı), Belorusiyada isə “Belaqroprombank”ı (Belarus Aqrar Sənaye Bankı) göstərmək olar. Həmçinin Çin Xalq Respublikasında da Kənd Təsərrüfatı Bankı bu sahədə uzun müddətdir ki, uğurla fəaliyyət göstərirlər. Analoji maliyyə qurumunun yaradılmasına dair müzakirələr bu gün Qazaxıstanın Parlament Məclisində də aparılır.

Aydındır ki, ferner təsərrüfatlarının, kənd təsərrüfatı subyektlərinin mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi bir çox üstünlüklərə malik ola bilər. İlk növbədə dövlət tərəfindən ayrılan vəsaitlərin daha məqsədyönlü şəkildə istifadəsi və konkret ünvana daha rahat şəkildə çatdırılması təmin edilər. Həmçinin qeyri-bank təşkilatları tərəfindən bank funksiyalarının icrası zamanı meydana çıxa biləcək bəzi problemli nüanslar aradan qaldırılar. Əlbəttə bütün bunlar peşəkar mütəxəssislər tərəfindən araşdırılmalı, müəyyən iqtisadi mexanizmlərin yaradılması təmin olunmalıdır. Lakin istənilən halda, bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış bir bankın yaradılması artıq bir zərurət kimi gündəmə gəlməkdədir.

aia.az

Abbas Abbasov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024