Mobil versiya
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – fəaliyyət 2019-cu ildə də yüksək templə davam etdirilib
Tarix: 26-12-2019 | Saat: 11:22
Bölmə:Manşet / Ölkə / Seçilənlər-3 | çapa göndər

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – fəaliyyət 2019-cu ildə də yüksək templə davam etdirilib




“Suvarma tədbirləri. 100 min hektarda suvarma tədbirləri görülmüşdür. Hamımız yaxşı bilirik ki, bu il çox quraqlıq il olmuşdur və tarixdə bu dərəcədə quraqlıq heç birimizin yadında deyil. Ancaq buna baxmayaraq, pambıq tarlalarında su təminatı təşkil edilmişdir. Əlbəttə ki, əgər dövlət investisiyalar qoymasaydı, kanallar çəkməsəydi, meliorasiya və su idarəsinə vəsait ayırmasaydı, indi pambıq ya əkilməzdi, ya da əkilib tarlalarda qalacaqdı və yanacaqdı.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 19-da keçirdiyi pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədəki nitqindən.

Meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçib

Həqiqətən də bu ilin yaz-yay mövsümü kəskin quraqlıq və istilər şəraitində keçmişdir. Lakin buna baxmayaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bütün imkanlar səfərbər edilərək irriqasiya və meliorasiya sistemlərinin normal istismarı təmin edilmiş, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılmışdır. Qeyd edək ki, bütün bu görülən işlər barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında dekabrın 19-da keçirilmiş müşavirədə çıxış edən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə məlumat vermişdir. Öz çıxışında ASC sədri qeyd etmişdir ki, dövlət başçımızın rəhbərliyi, böyük diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi də son 16 ildə böyük inkişaf yolu keçib. Sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni 4 su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma və kollektor-drenaj şəbəkələri tikilib və bərpa edilib, 2200-dən artıq subartezian quyusu qazılıb, ümumilikdə, 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.

Pambıqçılıq strateji əhəmiyyətli sahədir

Dövlət başçısına məruzə edərək, cənab Əhməd Əhmədzadə öz çıxışında bunu da bildirib ki, xüsusilə son iki ildə pambıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yüksək məhsul istehsalına nail olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Səhmdar Cəmiyyətin mütəxəssislərinin, pambıqçılıqla məşğul olan aidiyyəti qurumların, fermerlərin və torpaq mülkiyyətçilərinin iştirakı ilə geniş müşavirələr keçirilib. Həmin müşavirələrdə sahədə olan vəziyyət araşdırılıb, çatışmazlıqlar və problemlər ətraflı müzakirə edilib, onların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib və qarşılıqlı əməkdaşlıq şəraitində onların həllinə nail olunub. Cari ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarma və kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib. Daha sonra ASC sədri deyib ki, Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar Ölkə Prezidentinin tapşırığına əsasən, ötən ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, cari ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir. Görülmüş tədbirlər nəticəsində pambıq sahələri ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Dövlət tapşırıqlarının icrası yüksək templə həyata keçirilir

Dövlət başçısının ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi istiqamətlərində əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də fəaliyyətini yüksək templə davam etdirib. Cari ildə respublikada 20 min hektara yaxın ərazidə yaradılmış 10 aqroparkdan 4-ü pambıqçılıq rayonlarının payına düşür. Eyni zamanda Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb. Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb. Ümumilikdə 2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür.

Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 19-da keçirdiyi müşavirədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də qeyd etdiyi kimi, 2020-ci ildə də dövlət başçımızın tapşırığına əsasən mövcud potensiallardan, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə sahənin intensiv və ekstensiv inkişafının təmin edilməsi məqsədilə mövcud suvarma şəbəkələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, torpaq məcralı kanalların beton üzlüyə alınması, istismar müddətini başa vurmuş nov kanallarının yenisi ilə əvəz edilməsi, suvarmada müasir texnologiyaların tətbiq olunması və suvarılan torpaqların genişləndirilməsi istiqamətində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyət tərəfindən bir çox işlərin görülməsi nəzərdə tutulub. Əminliklə demək olar ki, respublika melioratorları kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bundan sonra da daha böyük səylə çalışacaqlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024