Mobil versiya
GDU – innovativ texnologiyaların tətbiqi genişlənir
Tarix: 01-11-2019 | Saat: 13:26
Bölmə:Manşet / Təhsil | çapa göndər

GDU – innovativ texnologiyaların tətbiqi genişlənir




Gəncə Dövlət Universitetinin kollektivi yeni tədris ilinə növbəti uğurlara imza atmaqla başlayıb

“AgroX” startap müsabiqəsinin qaliblərini təbrik edirik

Gəncə Dövlət Universitetinin əməkdaşları, İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərov və Fizika kafedrasının dosenti Vaqif Rüstəmov Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsində qalib olublar. Bu barədə Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verib. Xəbərdə bildirilir ki, oktyabrın 28-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib. Tədbiri açan rektor Yusif Yusibov 2019-2020-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb.
Rektor “AgroX” startap müsabiqəsində qalib olan əməkdaşları da təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edək ki, universitetin əməkdaşları “Antivarron” layihəsi çərçivəsində keçirilən müsabiqəyə arıları gənədən təmizləmək üçün istifadə edilən xüsusi qurğu ilə qatılmışdılar. Bu qurğunun vasitəsilə, heç bir kimyəvi preparatdan istifadə etmədən, saf bal əldə etmək mümkündür. Məhz bu qurğu “AgroX” startap müsabiqəsində 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.



Ümumiyyətlə bu gün Gəncə Dövlət Universitetində müasir texnologiyaların tətbiqi istiqamətində geniş miqyaslı və məqsədyönlü iş aparılır. Artıq xəbər verildiyi kimi, bu günlərdə ölkənin Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzi (İTE) tərəfindən “Ali təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya, sərbəst öyrənmə portalı ( edX platforması) və İKT savadlılığının artırılması” adlı təlimin birinci mərhələsi başa çatıb. O cümlədən, layihə çərçivəsində Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzində müəllimlər üçün təşkil təşkil olunmuşdu. Bu təlimlərin əsas məqsədi İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, müasir təlim strategiyalarından istifadə və təhsildə ən son trendlər və texnologiyaların tətbiqi olmuşdur. GDU-dan verilən məlumata görə, növbəti mərhələdə əlavə olaraq universitetin daha 40 müəllimi üçün təlimlərin təşkil olunması nəzərdə tutulub.



İnfrastrukturun yenidən qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində işlər davam edir

Bu yaxınlarda Gəncə Dövlət Universitetinin müasir təhsil standartları səviyyəsində tamamilə yenidən qurulmuş 5-ci tədris korpusu istifadəyə verilib. Ümumiyyətlə qeyd olunmalıdır ki, son bir neçə ildə universitetdə infrastrukturun və maddi-texniki bazanın yenilənməsi istiqamətində çox böyük işlər görülüb və bu işlər indi də davam etməkdədir. Məhz bu işlərin tərkib hissəsi olaraq, bu yaxınlarda universitetin 5-ci tədris korpusunda kompleks təmir-tikinti və yenidənqurma işləri yekunlaşıb. Təqdim olunan məlumatlara görə, 5-ci tədris korpusunda Filologiya və Xarici dillər fakültələrinin 1200 nəfərə yaxın tələbəsi təhsil alır. Həmçinin Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi, Praktik xarici dillər, Leksika və ölkəşünaslıq, Alman dili, Fransız dili, Rus dili kafedraları, Filologiya fakültəsinin isə Azərbaycan dili, Azərbaycan dilinin tədrisi, Azərbaycan və dünya ədəbiyyatı kafedraları bu tədris korpusunda fəaliyyət göstərirlər. Dörd mərtəbəli tədris korpusunda kompleks yenidənqurma işləri zamanı tələbələrin istər təhsil prosesində müasir biliklərə yiyələnməsi, istərsə də dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb.




Əlavə olaraq bir sıra fənn kabinetləri və laboratoriyalar yaradılıb. Universitetin əsas binasından 5 saylı tədris binasına optik kabel çəkilib. Binadakı bütün otaqlar sürətli internetlə təmin edilib. Binanı fasiləsiz elektriklə təmin etmək üçün həyətdə yarımstansiya qurulub, 0,4 kilovotluq yeraltı elektrik xətti çəkilib. Yeraltı su hovuzu tikilərək su nasosları quraşdırılıb. Tədris korpusunun birinci mərtəbəsində hər iki fakültədə oxuyan tələbələr üçün kitabxana və oxu zalı fəaliyyət göstərir. Müasir kitablarla və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Müxtəlif elmi-mədəni kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan geniş zal da tədris korpusunun birinci mərtəbəsində yerləşir. Tədris korpusunun digər mərətəbələrində isə müvafiq kafedralar, auditoriya və fənn kabinetləri fəaliyyət göstərəcək. Həmin fənn kabinetləri tələbələrin praktik dil bacarıqlarının yüksəldilməsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yeni tədris korpusunda hər bir şəraiti olan müasir idman zalı yaradılıb. Binanın həyətində isə müxtəlif idman yarışlarının təşkili üçün voleybol, basketbol və mini futbol meydançası quraşdırılıb. Tədris binasının həyətində geniş yaşıllıq zonası və istirahət guşələri yaradılıb, buradakı “Ana dili” abidəsinin ətrafında abadlıq işləri görülüb.



Son söz əvəzi, yaxud qurunun oduna yaşı da yandırmayaq

Bu günlərdə ölkə mətbuatına aid olan bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticələrinə dair material dərc olunmuşdu. Həmin materiallarda göstərilirdi ki, keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində bir neçə şəxs, o cümlədən Gəncə Dövlət Universitetində laborant vəzifəsində çalışan iki nəfər saxlanılmış və onlardan ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür. Əlbəttə ki, rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlanması və satışı ilə məşğul olan qrupun aşkarlanması və saxlanması birmənalı olaraq təqdirəlayiq haldır. Lakin təəssüflər olsun ki, kimlərsə bu olaydan Gəncə Dövlət Universitetinin rəhbərliyinə qarşı mənfi rəy yaratmaq məqsədilə yararlanmağa çalışırlar. Halbuki, GDU rəhbərliyinin baş verənlərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Məsələ bundadır ki, bu gün heç bir ali təhsil müəssisəsi öz məzunlarına təqdim etmək üçün diplom və ya hər hansı başqa rəsmi sənəd hazırlanması ilə məşğul olmur. Diplomlar mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən universitetlərə verilir. Əgər diqqət etdinizsə, materialda da göstərilir ki, saxlanılan şəxslərdən “müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri” aşkar olunaraq götürülmüşdür. Təbii ki, istintaq bu sənədlərin harda hazırlanması, saxlanılan şəxslərə kimlər tərəfindən təqdim olunması barədə suallara aydınlıq gətirəcək. Amma istənilən halda, iki nəfər qanun pozucusunun əməllərinə görə, həm də bu məsələyə heç bir aidiyyatı olmadığı halda, məsuliyyəti istər Gəncə Dövlət Universiteti kimi nüfuzlu bir elm və təhsil ocağının, istərsə də professor Yusif Yusibov kimi görkəmli elm xadiminin üzərinə qoymağa çalışmaq qətiyyən yolverilməz bir haldır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024