Mobil versiya
İsa Həbibbəyli – 70
Tarix: 10-10-2019, 14:28 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-2 | çapa göndər

İsa Həbibbəyli – 70




Bu il, oktyabr ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur. Akademik İsa Həbibbəyli Azərbaycan cəmiyyətində müasir elmi-ədəbi və ictimai-siyasi baxışların formalaşmasında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərdəndir. Özünün bütün elmi və ictimai-siyasi fəaliyyəti dövründə İsa Həbibbəyli hər zaman milli dövlətçilik mövqeyindən çıxış etmiş, malik olduğu fundamental elmi bilikləri və yüksək peşəkarlığını yalnız Azərbaycan dövlətinə və xalqına xidmətə yönəltmişdir.

Görkəmli alim və ictimai-siyasi xadim İsa Həbibbəylinin çoxşaxəli fəaliyyəti hər zaman milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və azərbaycançılıq məfkurəsinin formalaşmasına və təbliğinə istiqamətlənmişdir. Eyni zamanda bu fəaliyyət həqiqətən də çoxşaxəli, əhatəli olmaqla bədii yaradıcılıq, elm və təhsil, elmi tədqiqatlar, qanunvericilik və bir çox digər sahələrdə Azərbaycan cəmiyyətinə misilsiz tövhələr bəxş etmiş, bəzi hallarda isə hətta tamamilə yeni, daha müasir və konstuktiv baxış və fikirlərin formalaşmasına vəsilə olmuşdur.

Akademik İsa Həbibbəylinin yaradıcılığı olduqca zəngin və müxtəlif tematikalı kitablar, monoqrafiyalar, elmi, tənqidi, bədii, publisist məqalələr və əsərlərdə həm geniş oxucu auditoriyasına, həm də bu və ya digər sahədə ixtisaslaşan mütəxəssislərə təqdim olunur. Ümumilikdə isə akademikin həm Azərbaycanda, həm də xarici ölkələrdə tərcümə və nəşr olunmuş kitabları, şeirləri, ssenariləri, məqalə və müsahibələri, tərcümələri, ön söz və rəy yazdığı kitablar, çıxışları da daxil olmaqla ümumilikdə əsərləri 1900-dən artıq adda nəşrlərdə öz əksini tapıb. İsa Həbibbəylinin ilk kitabı 1984-cü ildə çap olunmuş “Romantik lirikanın imkanları” monoqrafiyasıdır. Məhz bu əsərlə müəllif özünü elmi ictimaiyyətə ilk dəfə ədəbiyyatşünaslıqda romantizm cərəyanını daha fundamental şəkildə araşdıran bir alim kimi təqdim etmişdi. Sonrakı illərdə çap olunmuş tədqiqat xarakterli digər elmi əsərlərində isə, İsa Həbibbəyli bu sahədə araşdırmalarını daha da dərinləşdirir və milli ədəbiyyatımızın romantizmlə yanaşı bir çox digər, ona qədər bəlkə də qəbul edilməyən cərəyanlarının tanınmasına və müasir ədəbiyyatşünaslığın tədqiqat mövzularına çevriməsinə nail olur. Məhz elə bu xidmətləri sayəsində akademik İsa Həbibbəyli bu gün tamamilə haqlı olaraq, Azərbaycan ədəbiyyatşünaslığında “ədəbi cərəyanlar” nəzəriyyəsi üzrə ən nüfuzlu simalardan biri olaraq tanınır.

Akademik İsa Həbibbəylinin elmi fəaliyyətində məxsusi yeri olan sahələrdən biri də Cəlil Məmmədquluzadə yaradıcılığının tədqiqi ilə bağlıdır. Ümumiyyətlə görkəmli alimin ədəbiyyat tariximizin araşdırılması istiqamətində iri həcmli tədqiqatları Nizami Gəncəvidən Məhəmməd Füzuliyə, Mirzə Fətəli Axundzadəyə, Cəlil Məmmədquluzadəyə, Məhəmməd ağa Şahtaxtlıya və Səməd Vurğuna, ən son dövrümüzə qədər olan çoxəsrlik zaman kəsiklərini əhatə edir. Bununla belə dediyimiz kimi, məhz Cəlil Məmmədquluzadə yaradıcılığı İsa Həbibbəylinin daha çox zaman, enerji və diqqət ayırdığı, daha yüksək həssaslıq göstərdiyi sahə kimi hər zaman seçilir. Alimin bu sahədə apardığı elmi tədqiqatların nəticələri barədə birinci hesabatı kimi, onun 11 avqust 1976-cı il tarixində “Azərbaycan müəllimi” qəzetində dərc etdirdiyi “Cəlil Məmmədquluzadə” adlı ilk məqaləsini qəbul etmək olar. Bundan sonra İsa Həbibbəyli 1981-ci ildə “Azərbaycan” jurnalında “Bir şəklin izi ilə (Cəlil Məmmədquluzadənin müasirləri ilə əlaqələrinin öyrəniməsi haqqında)” tədqiqat-yazısı ilə və 1982-ci ildə Gənc alimlərin Respublika konfransında “Cəlil Məmmədquluzadənin seminariya müasirləri” məruzəsi ilə isə çıxış etmişdir (burada və sonra biblioqrafik məlumatlardan istifadə olunub – red.).

Etiraf olunmalıdır ki, Azərbaycan ədəbiyyatının dahi klassiki Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı xüsusunda son yüz ildə aparılan bütün elmi araşdırma və tədqiqatların ən böyük uğurları məhz akademik İsa Həbibbəylinin adı ilə bağlıdır. Belə ki, məhz İsa Həbibbəylinin tədqiqatları sayəsində Cəlil Məmmədquluzadə yaradıcılığının, Mirzə Cəlil irsinin indiyədək toxunulmayan, bəlkə də məlum olmayan tərəfləri aşkar edilmiş və bununla da milli-mədəni irsimizin daha da zənginləşməsi istiqamətində mühüm addımlar atılmışdır. Onu da qeyd etmək lazımdır ki, akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə yaradıcılığının tədqiqi sahəsində əldə etdiyi müstəsna nəticələr alimə çox böyük zəhmət bahasına başa gəlmişdir. Yəni İsa Həbibbəylinin araşdırmaları sadəcə kitabxana otaqlarında dahi ədibimizin əsərlərini oxuyub təhlil etməklə məhdudlaşmayıb. Cəlil Məmmədquluzadə haqqında ən kiçik informasiyanı əldə etmək üçün necə deyərlər, dünyanın o biri başına getməyə hazır olan İsa Həbibbəyli bir neçə il ərzində apardığı araşdırmalar nəticəsində görkəmli klassikin 1866-cı ildə deyil, 1869-cu ildə doğulduğunu aşkar etdi və sübuta yetirdi. Bu barədə dəlillər İsa Həbibbəylinin “Ədəbiyyat və incəsənət” qəzetinin 1990-cı il 20 aprel sayında dərc etdirdiyi “Cəlil Məmmədquluzadə nə vaxt anadan olmuşdur?” sərlövhəli araşdırma yazısında təqdim olunub. Həmçinin tədqiqatçı alim Cəlil Məmmədquluzadənin İranda, Fransada və Polşada yaşayan nəvələrini aşkar edərək onlarla görüşə bilmişdir. 1998-ci ildə isə İsa Həbibbəyli “Ədəbiyyat qəzeti”ndə ilk dəfə “Mirzə Cəlilin nəticəsi ilə müsahibə” dərc etdirmişdir.

Akademik İsa Həbibbəyli böyük klassik haqqında dərc olunmuş ondan artıq kitabın, həmçinin digər kitablarında, habelə mətbuatda, qəzet və jurnallarda yer almış onlarla məqalə və tədqiqatların müəllifidir. Bundan başqa İsa Həbibbəyli 1990-cı ildə Cəlil Məmmədquluzadənin geniş ədəbi-mədəni ictimaiyyətə məlum olmayan dram əsərlərindən ibarət “Pyeslər” kitabını çap etdirmiş, daha sonralar da ədibin 300-ə qədər yeni əsərlərini üzə çıxararaq, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət” (2002), “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma” (2003), “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” (2007; 2010) kimi orijinal kitablar buraxdırmış, klassikin əsərlərini “Cəlil Məmmədquluzadə. Əsərləri. 4 cilddə” (2004) və “Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. 2 cilddə” (2009) külliyatları formasında nəşr etdirmişdir. Bununla da akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatına daha bir misilsiz tövhəsini bəxş etmişdir.

Əlbəttə ki, akademik İsa Həbibbəylinin fəaliyyətindən söz açarkən onun həm də görkəmli ictimai-siyasi xadim olaraq Azərbaycan cəmiyyətinə verdiyi böyük faydalarını da qeyd etmək vacibdir. Belə ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi, məhz akademik İsa Həbibbəylinin rəhbərliyi altında elm və təhsil sahəsi üzrə bir neçə mükəmməl qanunlar hazırlanmışdır. Hansı ki, bu qanunlar bu gün də və uzun illər bundan sonra da ölkəmizdə elm və təhsilin inkişafına xidmət edəcəklər. Belə ki, İsa Həbibbəyli Elm və Təhsil Komitəsinə sədr seçildikdən sonra ilk növbədə artıq uzun müddətdən bəri müzakirə olunan “Elm haqqında” qanun layihəsini yenidən işləyərək hazırlamalı oldu. Bu Qanun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2016-cı il tarixli Fərmanı ilə qüvvəyə mindi. Bundan sonra Milli Məclisin V Çağırış fəaliyyəti dövründə, Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə, ilk dəfə olaraq daha üç yeni qanun: “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edildi. Belə ki, dövlət başçısının 19 iyun 2017-ci il tarixli Fərmanı ilə “Məktəbəqədər təhsil haqqında”, 18 iyun 2018-ci il tarixli Fərmanı ilə “Peşə təhsili haqqında” və 27 may 2019-cu il tarixli Fərmanı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunları qüvvəyə minmişlər. Bu qanunlar ölkədə həmin istiqamətlər üzrə yeni islahatların həyata keçirilməsinə və inkişafın tamamilə yeni, daha yüksək mərhələsinə yol açmış oldu. Onu da qeyd edək ki, bu sahə üzrə peşəkar ekspertlərin də ümumi rəyinə görə, təhsilin ayrı-ayrı pillə və səviyyələrinin hüquqi əsaslarını müəyyən edən belə mükəmməl qanunlar respublikamızda nə müstəqillik illərində, nə də müstəqillikdən əvvəlki dövrdə mövcud olmamışdır.

Bu gün isə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması istiqamətində intensiv iş gedir. Bir müddət əvvəl bu barədə məlumat verən İsa Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq, ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Belçika, Azərbaycan-Çin, Azərbaycan-Estoniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qətər, Azərbaycan-Türkmənistan, Azərbaycan-Yaponiya Parlamentlərarası Əlaqələr üzrə işçi qruplarının üzvü kimi ölkəmizin tanıdılması və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəal iştirak edir. Alimin çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazıları Azərbaycan dili ilə yanaşı ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar, macar, litva və sairə dillərdə çap olunmuşdur.

Akademik İsa Həbibbəylinin elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, görkəmli alim 1999-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2007-ci ildə “Şöhrət” ordeni və 2009-cu ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Biz də görkəmli alim və ictimai-siyasi xadim İsa Həbibbəylini 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hörmətli akademikə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan ədəbiyyatının, elm və təhsilinin bundan sonrakı inkişafı naminə yeni-yeni uğur və nailiyyətlər arzu edirik!


Abbas Abbasov
Elbrus Bağırov
aia.az



5285 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930