Mobil versiya
60 il öncə Xruşovu qəzəbləndirən azərbaycanlılar –millətçi kommunistlərin cəzalandırılması
Tarix: 28-08-2019 | Saat: 12:56
Bölmə:Manşet / Media / Seçilənlər-9 | çapa göndər

60 il öncə Xruşovu qəzəbləndirən azərbaycanlılar –millətçi kommunistlərin cəzalandırılması


AİA.Az: Həmin iclasda Nikita Xruşov məruzəçinin çıxışını bir neçə dəfə kəsərək əlini stola çırpıb, “bax, bu da bizim kommunistlər” deyə təəccübdən hiddətlənib, səsinin tonunu qaldırıb və bu hiddətli vəziyyətdə onun təəssüf hissləri keçirdiyi də açıq-aydın hiss olunub.

Nikita Xruşovu bu həddə çatdıran nə olub? Hansı səbəbdən o, ən çılğın məqamda belə təəssüf hissini də gizlədə bilməyib?
1959-cu ilin yayında Vladimir Semiçastnı Xruşova zəng edərək onu qəbul etməsini xahiş edib. Həmin ərəfədə Semiçastnı Mərkəzi Komitənin müttəfiq respublikalarda partiya orqanlarına nəzarət şöbəsinin müdiri olub. Xruşov vaxt təyin edib.

Semiçastnı birinci ilə görüşə öz müavinini, İosif Şikini də aparıb. Şikin görüşdə Xruşova yenicə ezamiyyətdən qayıtdığı Azərbaycan haqqında, müttəfiq respublikada partiya orqanlarının fəaliyyətinin vəziyyəti ilə bağlı məlumat verib. Xoşagəlməz informasiyalar Xruşovu qıcıqlandırıb:

- Siz artıq İmam Mustafayevin yanına da gedib çıxmısınız??? O bizim ən yaxşı birinci katiblərimizdən biridir...

Şikin inadkarlıqla Xruşova yanıldığını söyləyib:

- Nikita Sergeyeviç, Azərbaycanda vəziyyət heç də siz düşündüyünüz kimi deyil.

Xruşov məsələni Mərkəzi Komitənin iclasında müzakirəyə çıxarılmasına qərar verib.

Beləliklə, Mərkəzi Komitənin geniş tərkibli iclasında Azərbaycanla bağlı məruzə dinlənilib. Məruzəçi İosif Şikin olub.

Şikin məruzəsinə Azərbaycanın iqtisadi vəziyyətindən başlayıb. O, qeyd edib ki, respublikada pambıqçılığın səviyyəsi sabit qalsa da, heyvandarlıq sahəsində böyük problemlər var. Belə ki, kolxoz və sovxozlarda iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, şəxsi adamlarda isə kəskin şəkildə artıb. Bunun nəticəsi olaraq, Bakının ərzaq mağazalarında süd məhsulları defisitə çevrilib. Məruzəçi konkret rəqəmlərə istinad edərək qeyd edib ki, hazırda ailələrin şəxsi istifadəsində 2-3 inək, 50-60 qoyun var. Buna görə də həmin insanlar sovet cəmiyyətinə və sovet siyasətinə lazım olan kimi baxmırlar, bu isə ağır siyasi fəsadların yaranmasına səbəb ola bilər.

Məruzənin bu məqamında Xruşov növbəti dəfə əlini stola çırpıb:

Bax, bu da bizim kommunistlər, etibar etdiyimiz insanlar...

İosif Şikin daha “həssas” bir məqama toxunub:

- Respublikanın rəhbərliyi millətçilik ruhunu gizlətmədən Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin qərar və göstərişlərini icra etməməkdən belə çəkinmirlər. Bir faktı qeyd etmək kifayətdir. Azərbaycanın rəhbərliyi Qaradağ-Tbilisi qaz kəmərinin çəkilməsinə etiraz edərək, əsas gətiriblər ki, qaz onların özlərinə çatmır. Amma bu əsas səbəb deyil. Əsas səbəbi Bakı rəhbərlərindən biri dilə gətirib: “Qaz bizimdir və biz onu gürcülərə vermək istəmirik”.

Xruşov bu fakta qarşı daha da qəzəblənib:

- Deməli, belə çıxır ki, onlar istədikləri qədər qazdan istifadə edəcəklər, gürcülər və ermənilər isə qazsız qalacaqlar. Ola bilməz, bu mümkün deyil.

İosif Şikin sonra daha “incə məqamları” açıqlamağa başlayıb:

- Məlum olduğu kimi, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili statusu alması ilə bağlı qanun qəbul edilib. Bu qanundan sonra respublika rəhbərliyi bütün müəssisələrdə Azərbaycan dilinə keçidlə bağlı sərt tələblər qoyublar. Nəzərə alınmayıb ki, 1950-ci illərin sonlarında respublika əhalisinin üçdə iki hissəsi qeyri-azərbaycanlılar olub. Və bu qanundan sonra qayri-azərbaycanlıların vəzifələrdən kütləvi şəkildə azad olunması başlayıb. Bu haqda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı Mirzə İbrahimov fikirlərini açıq bəyan etməkdən çəkinməyib: “İndi 20-ci illər deyil. Hazırda bizim kifayət qədər kadrlarımız var ki, qeyri-azərbaycanlıları əvəz etsin”.

İosif Şikin çıxışında Mirzə İbrahimovun Azərbaycan Dövlət Universitetində keçirdiyi görüşlərin birində söylədiyi daha bir ifadəni də səsləndirib: “Ziyalı öz doğma dilində danışa bilmirsə, yaxud öz doğma dilini bilib danışmaq istəmirsə, o, alçaq, yaramaz və satqındır...” Şikin daha sonra qeyd edib ki, onun bu fikirləri sürəkli alqışlarla qarşılanıb.

Bu məqamda Xruşov üzünü iclasda iştirak edən Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə tutub:

- Yoldaş Mustafayev, belə bir hadisə olub?

- Bəli, olub.

Mustafayev Xruşovu sakitləşdirmək üçün daha sonra əlavə edib:

- Amma biz buna görə onu tutduğu vəzifədən azad etmişik.

Bu əlavə də Xruşovun qəzəbini soyutmayıb:

- Belələrini təkcə işdən çıxartmaq yox, partiya sıralarından da xaric etmək lazımdır. Bu cür adamlar kommunist adını daşımamalıdırlar. Bunlar partiyamıza ziyan vuran millətçilərdir.

Əslində Mirzə İbrahimovu bu məsələyə görə heç kim işdən azad etməyib. 1958-ci ildə yazıçı öz ərizəsi ilə bu vəzifədən gedib.

İclasda İosif Şikinin uzun-uzadı məruzəsi davam edib. Sonda Xruşov İmam Mustafayevə növbəti “müraciət”ini edib:

- Yoldaş Mustafayev, siz sadəlövh adam deyilsiniz və respublikada nələrin baş verdiyini yaxşı bilirsiniz. Belə bir vəziyyətdə siz çox şübhəli görünürsünüz. Siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən bir şəxs kommunist ola bilməz. Azərbaycandakı siyasi vəziyyət acınacaqlıdır. Kadr seçimində millətçilik açıq şəkildə özünü biruzə verir. Məruzədən də şahidi oluruq ki, respublikada yaşayan digər millətlərin siyasi hüquqları tam məhdudlaşdırlıb. Mən bütün bunları bədbəxtlik kimi qiymətləndirirəm ki, Azərbaycanda Kommunist Partiyasını başında sizin kimi adam durur...

Təbii ki, bu iclasın sonluğunun nə ilə yekunlaşacağı aydın idi. 6 iyul 1959-cu ildə Azərbaycan KP MK-nın plenumunda İmam Mustafayev vəzifəsinin öhdəsindən “gəlmədiyinə” görə birinci katib vəzifəsindən azad edilib və həmçinin Mərkəzi Komitənin büro üzvlüyündən xaric olunub. Qeyd edək İmam Mustafayev Azərbaycana 1954-cü ildən rəhbərlik edib...(müsavat)

P.S. Yazının hazırlanmasında sözügedən iclasın stenoqramından istifadə olunub.

İlham Cəmiloğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024