Mobil versiya
Region – Zaqatala
Tarix: 09-08-2019 | Saat: 18:03
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Zaqatala




Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq

Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Zaqatala rayonudur




Ölkə Prezidenti tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Zaqatalanın da inkişafına böyük təkan vermişdir. Zaqatala RİH-nin başçısı cənab Mübariz Əhmədzadənin rəhbərliyi altında rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynamışdır.

Zaqatalalılar 2018-ci ili yüksək iqtisadi göstəricilərlə başa vurublar



Demək lazımdır ki, Zaqatala rayonu son illər daha dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrdən birinə çevrilmişdir. O cümlədən, ötən illərdə olduğu kimi 2018-ci ildə də rayonda yüksək göstəricilər əldə olunub. Bütün iqtisadi potensial səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib. Qeyd etmək lazımdır ki, bu gün məhz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.
O cümlədən, aqrar sahədə həyata keçirilən davamlı tədbirlər sayəsində 2018-ci ildə Zaqatalada kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 4 faiz artaraq 127 milyon 752 min manat olub. Rayonun iqtisadiyyatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 677 hektar sahədə tütün yetişdirib, 875 ton quru tütün istehsal ediblər. Kümçülər tərəfindən proqnozda nəzərdə tutulan 40 ton əvəzinə 48,1 ton yaş barama istehsal edilərək “Azəripək” MMC-yə təhvil verilib. Keçən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük edilib, fındıq istehsalı əvvəlki illə müqayisədə 1647 ton və ya 12,3 faiz artıb.




Tikinti işləri böyük vüsət alıb



Bu gün Zaqatalada tikinti-quruculuq işləri xüsusilə böyük vüsət alıb. Həmçinin ötən il rayonda bütün maliyyə mənbələri hesabına 29 milyon manatlıq tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, həmçinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 35 kilometr uzunluğunda Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılıb. Eyni zamanda, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi davam etdirilib, Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədilə 2018-ci ildə rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb. Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün rayonda 3 ədəd fərdi ev tikilib istifadəyə verilib.

Dinamik inkişaf cari ildə bir qədər də sürətlənib




Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə hazırda Zaqatala rayonunda zəruri tədbirlər davam etdirilir. Bu barədə avqustun 8-də Zaqatala Rayon İcra Hakimiyyətində 2019-cu ilin altı ayının yekunları ilə bağlı keçirilmiş müşavirədə hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Mübariz Əhmədzadə məlumat vermişdir. Öz məruzəsində icra başçısı bildirmişdir ki, builki mövsümdə zaqatalalı fermerlər tərəfindən 615,2 hektar sahədə tütün yetişdirilmişdir. Tütün əkini, bitkinin becərilməsi və məhsul yığımı işlərinə, ümumilikdə, 1842 nəfər mövsümi işçi cəlb edilmiş, hazırda sahələrdə yaşıl tütünün dərimi davam edir. Yaz mövsümündə 255 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının sahəsi 19 min 760 hektara çatdırılmış, builki mövsümdə rayonda 52 ton 945 kiloqram yaş barama istehsal edilmiş, məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841 kiloqram artmışdır.



Qeyd edək ki, Zaqatala rayonu üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Cari ilin yaz mövsümündə “AzRose” MMC-nin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq, cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Ötən müddətdə bar verən sahələrdən 280 ton qızılgül, 26 ton lavanda ləçəyi tədarük edilib, müəssisə tərəfindən 70,5 litr qızılgül və 1034 litr lavanda yağı istehsal edilib.
Hesabat dövründə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, 20,5 hektar sahədə mədəni meşə əkini aparılıb. Bundan əlavə, 14 hektar sahədə fındıq, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınıb.

Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına 11 milyon 852 min manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb.




Prezidentin müvafiq Sərəncamının icrası olaraq, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Əliabad qəsəbəsində, Lahıc və Yengiyan kəndlərində subartezian quyuları qazılıb, Aşağı Tala kəndində isə subartezian quyusunun qazılmasına başlanılıb.

Əminliklə demək olar ki, bu gün Zaqatala hərtərəfli, dinamik inkişaf yolundadır. Heç şübhə etmirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində, respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində zaqatalalılar daim ön sıralarda olacaq, ötən illərdə olduğu kimi, 2019-cu ili də yüksək nəticələrlə başa vuracaqlar.

AİA.AZ
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024