Mobil versiya
Region – Xaçmaz Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 23-05-2019 | Saat: 11:01
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Xaçmaz




Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Xaçmaz rayonudur

Ölkə Prezidenti tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Xaçmazın da inkişafına böyük təkan vermişdir. Xaçmaz RİH-nin başçısı cənab Şəmsəddin Xanbabayevin rəhbərliyi altında rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynamışdır.

Qısa arayış:




Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. İki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Şöhrət ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə Şərəf ordeni və 28 mart 2019-cu tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Xaçmazlılar 2018-ci ili yüksək iqtisadi göstəricilərlə başa vurmuşlar




Bu barədə 15 fevral 2019-cu il tarixində rayonda keçirilmiş və 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məruzə ilə çıxış edən Xaçmaz RİH-nin başçısı cənab Şəmsəddin Xanbabayev məlumat verib. Hesabat yığıncağını giriş sözü ilə açan rayon rəhbəri bildirib ki, Xaçmaz rayonunda 2019-cu ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. Nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək. 2019-cu ildə Xaçmazın sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq. Həmçinin Şəmsəddin Xanbabayev bildirib ki, 2018-ci ildə rayonda ümumdaxili məhsulun həcmi 592 milyon manat, sənaye məhsulunun həcmi 42.1 milyon manat, kənd təsərrüfatı məhsulnun ümumi həcmi 247,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 104.5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 458.3 milyon manat təşkil etmişdir.



Yenidənqurma və abadlıq işləri böyük vüsət alıb

Hesabat dövründə şəhərin əsas prospekt və küçələrində ümumi uzunluğu 26200 metr məsafədə beton bardyurlar qoyulmuş və əsas istirahət guşələrinə yeni dekorativ tamet daşları döşənmişdir. Bakı prospektində şəhər qəbiristanlığına giriş qapısı olaraq şərq memarlıq üslubunu özündə əks etdirən Minarə ucaldılmış və həmin Minarənin 2-ci mərtəbəsində namazgah yaradılmışdır. Şəhərin əsas giriş istiqamətlərində istinad divarları tikilmiş və torpaqlanma işləri aparılmış, həmin ərazilərə yeni qazon örtüyü salınmış, 1000-dən çox dekorativ ağac və kollar əkilmişdir. Milli Qurtuluş bayramı ərəfəsində yeni tikilmiş yerüstü piyada keçidi rayon sakinlərinin ixtiyarına verilmişdir. Piyada keçidinin yerləşdiyi ərazi parklarla əhatə olunduğundan istirahətə gələn insanların təhlükəsiz şəkildə gedişi bu keçid vasitəsi ilə hal-hazırda təmin edilməkdədir. Bakı prospektində yerləşən və memarlıq üslubuna görə ölkədə bənzəri olmayan Heydər Əliyev Bulağında əsaslı yenidənqurma işləri aparılmışdır. Milli memarlıq elementlərinin geniş tətbiq olunduğu Seyrəngahda milli kompozisiyalarından istifadə edilməsi və aparılan yenidənqurma işləri Heydər Əliyev Bulaq Kompleksinin möhtəşəmliyini daha da artırmışdır. Qeyd olunmuş bu yenidənqurma işləri İlham Bulağında da aparılmışdır.



Xaçmazda 2018-ci ilin ən diqqət çəkən tikinti nümunələrindən biri də rayon ərazisindəki Çənlibel istirahət parkında ucaldılan “Ana dili müəllimi” abidə kompleksinin inşası oldu. Dörd metr hündürlüyündəki abidənin arxasında kitab şəkilli simvolik pannoda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” və “Ana dili xalqın milli sərvətidir” kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb. Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli yazıçı və şairinin kitablarının qranitdən hazırlanmış təsvirləri yerləşdirilib. Abidənin ətraf ərazisini əhatə edən 220 kv. m sahəyə bəzəkli döşəmə daşları düzülmüşdür.Bundan əlavə abidə kompleksin tikildiyi ərazidə yeni yaşıllıqlar, dekorativ kollar və qazon örtüyü salınmışdır. Yeni qurulmuş abidə xüsusi işıqlandırma sistemi ilə təmin olunmuşdur.



Dinamik inkişaf cari ildə bir qədər də sürətlənib

Fevral ayında keçirilmiş hesabat yığıncağında Xaçmaz RİH-nin başçısı cənab Şəmsəddin Xanbabayevin cari ildə gözlənilən inkişaf barədə verdiyi proqnozlar da artıq özünü doğrultmuşdur. Belə ki, 2019-cu ilin ilk rübündə rayon üzrə ümumdaxii məhsulun həcmi 76,6 mln manat, sənaye məhsulunun həcmi 26,9 mln manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 16,32 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 15,02 mln manat, pərakəndə əmtəə dövriyyəsi 93,22 mln manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 25,23 mln manat, adambaşına düşən pul gəlirləri 429,6 manat, orta aylıq əmək haqqı 375,8 manat təşkil etmişdir. Nəqliyyat sektorunda da xidmətlərin həcmi 1,98 mln manat, rabitə xidmətlərinin isə həcmi 0,42 mln manat müəyyən olunmuşdur. Hesabat dövründə ümumi sahəsi 10658 m² olan mənzil tikilib istifadəyə verilmişdir.



Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının bütün subyektləri daxil olmaqla, 2019-cu ilin 1-ci rübü üçün rayonda 25009,4 ha sahədə taxıl əkilmişdir ki, bunun da 19223,4 hektarı buğda və 5786 hektarı arpa məhsuludur. Bu da ötən dövrün müvafiq müddəti ilə müqayisədə 107.4% artım deməkdir. Xaçmazda yaxşı bilirlər ki, taxılçılıqla baglı məsələ daim diqqətə alınmalıdır. Çünki məhz bu sahədə görüləcək tədbirlər hesabına ərzaq təhlükəsizliyinin tələblərinə uyğun olaraq, idxaldan asılılığı azaltmaq və ixracyönümlü məhsulların həcmini artırmaq lazımdır.

Həmçinin son dövr ərzində 21478 ha meyvə bağları salınmış, 431,5 ha sahədə tərəvəz əkilmişdir. Hazırda kənd təsərrüfatında yaz-tarla işləri həyata keçirilir. Tərəvəz və bostan bitkilərinin məhsuldarlığının artırılması üçün torpaqda aqrotexniki tədbirlər görülür. Habelə parniklərdə yetişdirilmiş şitillərin sahələrə köçürülməsinə hazırlıq işləri görülür. Rayonda mövcud tərəvəz istixanalarında bol məhsul istehsal edilmişdir ki, istehsal olunmuş yüksək keyfiyyətli məhsullar ölkə xarici ənənəvi bazarlara ixrac olunmuşdur. Cari ilin ilk rübündə 1646 fermer subyekti 2045 ton mineral gübrə ilə təmin olunmuşdur.




Yeni tədris müəssisələrinin tikintisi davam etdirilir

10 May tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində rayonun Xudat şəhərində yeni uşaq bağçası sakinlərin ixtiyarına verildi. Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bağçanın inşasına ötən il başlanılıb. Bu ilin martında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.



Hesabat dövründə tikintisi davam etdirilən tədris müəssisələrindən biri də Xaçmazda 400-dən çox şagirdin təhsil alacağı yeni məktəb binasıdır. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan 432 şagird yerlik yeni binanın iki mərtəbədən ibarət olması nəzərdə tutulub. Tikinti işləri 0.5 ha ərazidə aparılır. 50 il öncə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zəruri edib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaqdır. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcəkdir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunması da nəzərdə tutulmuşdur. Eyni zamanda, cənab İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə rayonda daha 4 modul tipli məktəb binalarının-Alıcqışlaq kənd tam orta və Qaracəlli kənd ümumi orta, Cığatay və Ərəb kənd ibtidai məktəblərinin quraşdırılması işi davam etdirilir. Qısa müddət ərzində həmin məktəblər təhsil ictimaiyyətinin istifadəsinə veriləcəkdir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda Xudat şəhər 1 №-li tam orta mıəktəbin yeni binasının tikintisi üçün ilk hazırlıq işləri aparılmaqdadır.



Birmənalı olaraq demək olar ki, 2019-cu ilin ilk rübündə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən onun şöbələri, hüquq-mühafizə orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq, rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əlbəttə ki, bütün bu işlərin əsasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi tövsiyyə xarakterli bu kəlmələri düzgün qiymətləndirərək, onları əldə rəhbər tutması durur: “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər”.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024