Mobil versiya
Milli mədəni irsimizi yaşadanlar
Tarix: 30-04-2019 | Saat: 16:42
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Milli mədəni irsimizi yaşadanlar




Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bölgədə milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişaf etdirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir

Bu gün ölkəmizdə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Regional Mədəniyyət və Turizm İdarələri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 01 yanvar 2017-ci il tarixindən formalaşmışdır. Həmin vaxtdan ötən müddət ərzində mədəniyyət və turizm sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda xeyli işlər görülmüşdür. Bu sahədə özünün effektiv işi ilə diqqəti cəlb edən qurumlardan biri də Xaçmaz Regional Mədəniyyət İdarəsidir. İdarə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi yönümündə kifayət qədər səmərəli fəaliyyət göstərir. Hazırda qurumun tabeliyində 2 Heydər Əliyev muzeyi və 4 tarix-diyarşünaslıq muzeyi, 5 mərkəzləşdirilmiş kitabxana sistemi, 5 Heydər Əliyev Mərkəzi, 4 Uşaq musiqi məktəbi, 2 Dövlət rəsm qalereyası, 4 Uşaq incəsənət məktəbi və 5 Mədəniyyət Mərkəzi fəaliyyət göstərməkdədir. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevdir.




Qısa arayış:

Ağayev Nazim Əsəd oğlu 13 noyabr 1954-cü il tarixində Xaçmaz rayonunun Sayad kəndində anadan olmuşdur. 1962-1970-ci illərdə Sayad kənd 8 illik, 1970-1972-ci illərdə Çarxı kənd orta məktəbində təhsil almışdır. 1972-1974-cü illərdə Sovet ordusunda xidmət etmişdir. 1976-1982-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 1979-1983-cü illərdə Azərbaycan LKGİ Xaçmaz rayon Komitəsində sovxoz komitə katibi, təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1983-1985-ci illərdə 26 Bakı komissarı adına sovxozda partiya komitə katibi vəzifəsində işləmişdir. 1987-1989-cu illərdə 26 Bakı komissarı adına sovxozda direktor, 1989-1991-ci illərdə Çaparidze adına sovxozda partiya komitə katibi vəzifələrində çalışmışdır. 1991-1997-ci illərdə Sayad kəndli təsərrüfatında Sayad kolxozunda rəhbər və Sədr vəzifələrində işləmişdir. 1997-2002-ci illərdə Xaçmaz rayon İcra Hakimiyyətində I müavin vəzifəsində işləmişdir. 2002-ci ildən 2017-ci ilə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayının 5-dən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyir.

Qeyd etmək lazımdır ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Aşağıda son iki ayda keçirilmiş çoxsaylı tədbirlərdən bəziləri haqda bir qədər ətraflı söz açacağıq.



Qubada Cəfər Cabbarlının 120 illiyi qeyd olundu

15 mart 2019-cu il tarixdə Quba rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar “Mən bir susmaz duyğuyam ki” adlı şeir gecəsi keçirildi. MKS-nin direktoru

Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. Cəfər Cabbarlı Mirzə Fətəli Axundzadə ilə başlayan milli dramaturgiyanın sadəcə davamçısı, varisi olmamış, eyni zamanda onu inkişaf etdirib zənginləşdirərək yeni mərhələyə yüksəltmişdir. Tədbirə dəvət olunanlar çıxış edərək qeyd etdilər ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, yaşın və yaradıcılığın nisbəti baxımından fenomenal təfəkkür sahibi, qüdrətli sənətkardır. Onun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, oxucu və tamaşaçı auditoriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şeirlər yazan Cəfər Cabbarlının lirik parçalarına bir çox gözəl mahnılar da bəstələnmişdir. Sonda Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin şagirdləri şairin məhşur şeirlərindən parçalar söylədikdən sonra, “Cəfər Cabbarlı-120” adlı sərgiyə baxış keçirildi.

Şabranda Novruz şənliyi



18 mart 2019-ci il tarixdə Şabran Mədəniyyət və İstirahət parkında Novruz bayramı ilə əlaqədar Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı tədbir keçirilib. Şənlikdə Ozan baba, Bahar qız, tamaşaçıları bayram münasibəti ilə təbrik ediblər. Qədim Şabran şəhərinin əhalisinə xoş gələcək, aydın sabahlar, xoşbəxtlik, vətənimizə, xalqımıza sülh, firavanlıq arzulayıblar. Novruzun personajlarından olan Kosa və Keçəl, Molla Nəsrəddin öz çıxışları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edbləri. Onların məzəli söhbətləri, maraqlı çıxışları tamaşaçılar tərəfindən sevinclə qarşılanıb. Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Şabran” rəqs qrupunun çıxışları tədbirə böyük rəng qatıb. Mədəniyyət Mərkəzinin “Şabran” instrumental ansamblının müşayət etdiyi rayonun istedadlı müğənnilərinin çıxışı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Respublikamızın tanınmış gənc ifaçıları da öz maraqlı ifaları ilə tədbirə rəng qatıblar.

Qusarda “azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş sərgi



Aprel ayının 2-də Qusar Dövlət Rəsm Qalereyasında “31 mart - azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş rayon məktəblilərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Sərgidə 40 yaxın əsər nümayiş olunur. Sərgidə Qusar rayon icra hakimiyyətinin başçısi, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən keçirilən silsilə tədbirlərdə də əsas məqsəd şagirdlərin vətəndaş kimi formalaşmasında öz vətənini, ləyaqətlə qorumaqda mənəvi təsir gücünü aşılamaqdır.



Siyəzəndə Aprel döyüşləri ilə əlaqədar dəyirmi masa keçirildi

03 Aprel 2019–cu il tarixdə Siyəzən rayon Mərkəzi Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar dəyirmi masa keçirildi.Tədbirdə Siyəzən rayon MKS-nin Mərkəzi kitabxanasının kollektivi iştirak edirdilər. Aprel döyüşlərində şəhid olan əskərlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Şəfiqə Arzudovum açaraq, iştirakçılara Aprel döyüşləri və ya dördgünlük müharibə haqqında məlumat verdi. Qeyd olundu ki, tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Tədbirdə böyük Zəfərin başlanğıcı olan Aprel Qələbəsindən,bu yolda həyatlarını qurban vermiş Şəhidlərimizin döyüş yolundan,onların gənc nəslə hər zaman örnək olacağından danışıldı.


Xaçmazda Tofiq Tağızadənin 100 illik yubileyi qeyd edilib




16 aprel 2019-cu il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində görkəmli kino rejissoru, xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, həmçinin əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev, xalq artistləri Ənvər Həsənov, Rafiq Əzimov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Tofiq Tağızadənin həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, görkəmli kino rejissor Tofiq Tağızadədir. O, bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İdarə rəisi qeyd etdi ki, Tofiq Tağızadə 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.



Yuxarıda qeyd edilən bu tədbir və görüşlər Nazim Ağayevin rəhbərlik etdiyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin son iki ay ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirən epizodlardır. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Xaçmaz Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Nazim Ağayevə onların bu çətin, lakin maraqlı və lazımlı işlərində yeni-yeni nailiyyətlər diləyirik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024