Mobil versiya
“Prezidentin müxalifət liderlərilə görüşünü təklif edirik“
Tarix: 13-01-2016 | Saat: 14:21
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

“Prezidentin müxalifət liderlərilə görüşünü təklif edirik“
Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri və hökumət arasında zaman-zaman iqtidar- müxalifət görüşləri olub

Bu görüşlər ötən il də bir neçə dəfə baş tutub.

Amma 1 noyabr 2015-ci il tarixli parlament seçkilərindən sonra belə görüşlərin keçirilməsi istiqamətində tərəflər konkret addımlar atmayıblar.

Mövzu ilə bağlı Modern.az saytına danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkənin indiki böhranlı vəziyyətində iqtidar-müxalifət dialoquna ehtiyac duyulduğunu, lakin buna müəyyən siyasi qüvvələrin maraqlı olmadığını deyib:

“Əvvəla onu deyim ki, iqtidar-müxalifət danışıqlarının 1-ci və 2-ci görüşləri zamanı hakimiyyət pozitiv və sağlam dialoqa başlamışdı. Biz o zamanlar də ümid edirdik ki, Azərbaycan bugünkü vəziyyətə düşməyəcək və ölkədəki mövcud problemlər öz həllini tapacaq. Hətta o zamanlar bu dialoqlardan prezidentin də xəbəri var idi. Həmin dialoqlar zamanı iqtidar nümayəndələri parlament seçkilərinin demokratik keçəcəyini, müxalifətə maneələr yaradılmayacağını deyirdilər. Əgər müxalifət-iqtidar dialoqları həmin o 1-ci və 2-ci görüşlər kimi sağlam aparılsaydı, Azərbaycandakı vəziyyət indikindən 80 faiz yaxşı olacaqdı. Amma biz axırıncı dialoqda gördük ki, hökumət tərəfi danışıqların kursunu 180 dərəcə dəyişdi. Müxalifətlə əvvəlki düşmənçilik münasibəti açıq-aşkar hiss olundu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan iqtidarının Azərbaycan müxalifətilə milli məsələlərdə həmrəy olması, milli problemləri həll etmək istəməsi, ölkəni gözləyən təzyiqlərin qarşısının alınması üçün iradəsi yoxdur”.

S.Cəlaloğlunun sözlərinə görə, iqtidarın sosial-iqtisadi məsələlərə yönəlik bəzi davranışları anlaşılmazdır. ADP sədri buna misal kimi əvvəlcə araq və siqaretin kartla satılmasına dair qərar verilməsi, sonra onun ləğv edilməsini, bir neçə il öncə sənədsiz tikililərin qeydiyyata alınmasına dair sərəncamın imzalanmasını, amma hansısa qüvvələrinsə o sərəncamın icrasına maneçilk törətməsini göstərib.

Sərdar Cəlaloğlu indiki böhranlı vəziyyətdə iqtidardakı bəzi qüvvələrin müxaliflətlə dialoqa getmək istəmədiyini bildirib: “Azərbaycan dövlətini çökdürmək üçün bu gün iqtidarda bir qruplaşma var. Onlar heç kəsə, heç kimə qulaq asmırlar. Verdikləri bütün qərarlar günü-gündən böhranın dərinləşməsinə xidmət edir. Gəldiyim qənaət budur ki, uzun illərdir ki, iqtidarında müəyyən bir qüvvə Azərbaycan dövlətini və dövlətçiliyini çökdürmək istəyir. Həmin qüvvə İlham Əliyevə yalnış informasiyalar, yanlış təkliflər verməklə məşğuldur. Ölkədəki problemləri, reallıqları ört-basdır etməklə vəziyyəti günü-gündən daha da uçuruma aparırlar. Yaranmış vəziyyət o qədər təhlükəlidir ki, hər dəqiqə Azərbaycanda partlayış baş verə bilər. Azərbaycan hökuməti böhranı dərinləşdirən addımlar atır”.

ADP sədri bildirib ki, keçən həftə ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün müxalifət liderləri ilə ölkə prezidenti arasında müzakirələrin aparılması haqda təklif veriblər.

“Ölkə prezidenti və nazirlər rayonlarda, bölgələrdə vətəndaşlarla görüşürlərsə, ən azı Azərbaycandakı siyasi partiya rəhbərləri ilə də görüşüb bugünkü vəziyyətdən çıxış yollarını müzakirə etməlidirlər. Amma İlham Əliyevin ərafında elə insanlar var ki, prezident özü bu məsələyə reaksiya verməmiş onlat hər təklifi aqressiv qarşılayırlar. Deyirlər ki, İlham Əliyev özü çox yaşı bilir ki, nə etmək lazımdır”.

S.Cəlaloğlu bu məsələdə 4-5 dəfə mandat alan bəzi iqtidar deputatlarını da ittiham edib. Və əlavə edib ki, həmin insanlar əslində öz hərəkətləri ilə bütün məsuliyyəti ölkə başçısına yönləndirməyə çalışırlar. Halbuki, belə olmamalıdır.
“Yeni Azərbaycan Partiyası başda olmaqla böyük bir komanda işləyir. İlham Əliyevin adından danışan həmin 4-5 deputat deyir ki, prezident bu böhrandan çıxmağın yolunu yaxşı bilir”.
S.Cəlaloğlunun sözlərinə görə, sabah ölkə böhrandan çıxa bilməyəndə həmin insanlar məsuliyyətdən boyun qaçıracaqlar.
“Biz deyirik ki, təkrar parlament seçkiləri keçirilsin. 4-5 dəfə mandat alan deputatlar deyirlər ki, bu, ağılasığmazdır. Biz deyirik ki, koalisiya yaradılmalıdır. Onlar razı olmazlar ki, ağıllı adamlar hökumətdə təmsil olunsun...
Fəzail Ağamalı, yaxud Aydın Mirzəzadə deyir ki, prezidentin ehtiyacı yoxdur müxalifətlə görüşməyə. Siz kimsiniz axı... Sən prezidentin sözcüsüsən? Yoxsa Əli Həsənovsan? Ya da ki, prezidentsən ki, onun adından danışırsan? Məsələ budur ki, biz təkliflər verən kimi bəziləri dərhal aqressiv, təhqiramiz formada yanaşırlar. Bunlar həmin adamlardır ki, bu gün o insanlar ölkədəki indiki böhranlı vəziyyətin və gələcəkdə yaranacaq fəlakətin məsuliyyətini birbaşa prezidentin üzərinə qoyurlar....
Bir neçə deputat müxalifətin qabağına çıxır və deyir ki, “sən kimsən ki, prezident səninlə görüşsün?”. İmkan verin, prezident özü desin ki, “siz kimsinuz”. Bunu prezident özü desə, çəkilib durarıq bir qıraqda...
Bizim funksiyamız budur ki, xalqla hakimiyyətin arasındakı kataklizmlərin qarşısını almaqda köməkçi olaq”.

S.Cəlaloğlunun fikrincə, vəziyyət hökumətin təsəvvür etdiyi deyil. O, iqtidarı ləng hərəkət etməkdə qınayıb.

“İqtidar-müxalifət görüşlərinin davam etməsi üçün formal dialoqlar mənasızdır. Çünki bu gün həqiqətən də radikal addımlara, prezidentin şəxsən özü ilə müxalifət partiyalarının liderləri ilə görüşünə, qarşılıqlı böhrandan çıxmağın yollarını müzakirə etməyə böyük ehtiyac var. Əks halda, böhran getdikcə dərinləşəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024